Məhkəmə qərarları › İş №3(012)-1231/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1231/2022

06.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1231/2022 06.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi ilə, X1nun iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 353.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair YPX İnzibati Qrup Baş Yol Patrul Xidmətinin xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi verərək, YPX İnzibati Qrup Baş Yol Patrul Xidmətinin xx.xx.2022ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun barəsində YPX inspektoru X3 27 iyul 2022-c il tarixli qərarı ilə İXM-in 353.2-ci maddəsi ilə təqsirli bilinərərk 600 manat məbləğində cərimə edilmişdir. Həmin qərar 22 iyul 2022-ci il tarixli protokol əsasında tərtib edilmişdir. Protokola və qərara görə o iriqabirtli və ağrıçəkili nəqliyyat vasitələrinin icrazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə paramterlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi halına yol verdiyinə görə İXM-in 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun idarə etdiyi avotomobil ** HS *** dövlət qeydiyyat nişanlı, İveco markalı yük avtomobili olmuşdur. Həmin gün işdən çıxan zaman avtomobil çəkilmiş, çəkisi 32040 kq müəyyən edildikdən sorna yola çıxmışdır. Yük avtomobilinin icazə verilən yuxarı çəkisi 32500 kq təşkil edir. Həmin gün yolda Saray YPX postunda polis əməkdaşları saxlamış, sonra isə yük avtomobilinin çəkilməsi üçün Yaşma qəsəbəsinə göndərilmiş orada isə avtomobil oxlar üzrə çəkilmiş və ümumi çəkinin 37455 kq olması müəyyən edilmişdir. Lakin həmin tərəzinin düzgün işləməsi barədə onda şübhələr yaranmışdır. Bundan başqa hesab edir ki, çəkinin müəyyən edilməsi metodu düzgün olmamışdır. Belə ki, idarə etdiyi avtomobilin ümumi tutumu vardır. Belə olan halda həmin avotomibilin çəkisinin 37455 kq gəlməsi mümkün deyildir. Çünki həmin maşın beton qarışdıran maşındır. Həmin maşın ən maksimal qəbul etdiyi betonla birlikdə çəkisi 32000 kq təşkil edir. Ona YPX əməkdaşları tərəfindən maşın çəkilən zaman çəki çəkən qurğunun düzgün işləməsi, hazırda istifadəyə yararlı olması və sertifikasiyadan keçməsi barədə heç bir sənəd təqdim edilməmişdir. Özünü həmin maddə ilə təqsirli bilmir. YPX İnzibati Qrup Baş Yol Patrul Xidmətinin xx.xx.2022-ci il tarixli, TP ******* №-li qərarı ilə razı deyil, qəbul edilmiş qərarın özü İXM-in tələblərinə cavab vermir. Ona görə də şikayətin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş X5 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Abşeron rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Qərarından şikayət verilən orqana - YPX İnzibati Qrup Baş Yol Patrul Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada dəfələrlə məlumat verilmiş, lakin həmin orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayətə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: YPX İnzibati Qrup Baş Yol Patrul Xidmətinin xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli «inzibati xəta haqqında» protokoldan görünür ki, X5 xx.xx.2022-ci il tarixdə saat 10:12-də “İVECO” yük markalı ** HS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında etdiyi üçün barəsində İXM-in 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilməsinə dair protokol tərtib edilmişdir. YPX İnzibati Qrup Baş Yol Patrul Xidmətinin xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli nömrəli inzibati xəta haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli protokola əsasən X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 600 manat məbləğində cərimə edilmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati xəta haqqında protokolu və həmin protokol əsasında qəbul edilmiş qərarı nəzərdən keçirib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli və X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında YPX İnzibati Qrup Baş Yol Patrul Xidmətinin səlahiyyətli nümayəndəsi iştirak etməmiş, iş üzrə əhəmiyyət kəsb edən bütün sənədləri məhkəməyə təqdim etməmiş və şikayət verən şəxsin etdiyi etirazın əsasları kimi istinad etdiyi halların təkzib edilməsi təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.10-cu maddəsinə görə inzibati xəta haqqında protokolda inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda qeyd olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015ci il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını və inzibati araşdırmanın keçirilməsini təsdiqləyən əsas element inzibati protokolun mövcudluğudur. İXM-in 410-cu maddəsinə əsasən protokolda bu sənədin tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan İXM-in müvafiq maddəsi və s. məlumatlar göstərilir. İnzibati xətalar haqqında işlər üzrə icraat prosesində inzibati protokol (prokurorun qərarı) vacib prosessual sənəddir. Belə ki, xəta törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsinə dair ittiham məhz inzibati protokol əsasında yaranır. Bu prosessual sənəd olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatın növbəti, yəni inzibati xətaya dair işə baxılması mərhələsinə keçmək mümkün deyil. Məhkəmə iclasında müəyyən edilmişdir ki, istər xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli «inzibati xəta haqqında» protokolda, istərsə də xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda X2 barəsində olan və Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri formal olaraq sadalanmış, lakin inzibati xətanın aşkar edilməsini təsdiq edən sübutlar və şahidlər, habelə inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan məlumatlar qeyd olunmamış, avtomaşının hansı xüsusi texniki vasitələrdən istifadə olunmaqla çəkilməsi, yükün hansı çəkidə olması və oxa düşən kütlə parametrlərini hansı həddə aşması müəyyən edilməmişdir. Göründüyü kimi X5 barəsində protokol tərtib edilərkən, həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın ( vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. İşdən görünür ki, inzibati icraat aparan səlahiyyətli orqan (vəzifəli şəxs) hər bir inzibati xətaya aid edilən sübutlar əldə edməklə konkret inzibati xətanın törədilməsini və həmin xətanı törətmiş şəxsin təqsirini müəyyən edilmədiyi halda inzibati qaydada tənbeh tətbiq etmə haqqında qərar qəbul etmişdir. Ona görə də məhkəmə hesab edir ki, səlahiyyətli şəxs xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli «inzibati xəta haqqında» protokol əsasında X4 inzibati qaydada tənbeh etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X2 əməlində hər hansı inzibati xəta tərkibi olmadığından YPX İnzibati Qrup Baş Yol Patrul Xidmətinin xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə. QƏRARA ALDİ: Şikayət təmin olunsun. X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi haqqında YPX İnzibati Qrup Baş Yol Patrul Xidmətinin xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarı ləğv edilsin və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar