Məhkəmə qərarları › İş №3(012)-1232/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1232/2022

20.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1232/2022 20.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, şikayətçi X2, qərarından şikayət verilmiş şəxs Abşeron DYP polis leytenantı X1 iştirakları ilə İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 Abşeron DYP polis leytenantı X3 tərəfindən qəbul edilmiş 25 iyul 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə xx.xx.2022-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X4 şikayət ərizəsi ilə ilə məhkəməyə müraciət edərək Abşeron DYP polis leytenantı X3 tərəfindən qəbul edilmiş 25 iyul 2022-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə, saat 08:55-də Xırdalan şəhərində yerləşən Qafqaz dairəsi deyilən yerdə X6 Polis əməkdaşları tərəfindən İXP ******* nömrəli protokola əsasən, İXM-nin 327.1-ci maddəsi ilə 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Qeyd edir ki, ona yazılmış İXP ******* nömrəli protokol əsassız olduğuna görə ləğv olunmalıdır. Qeyd olunanları nəzərə alaraq xx.xx.2022ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi və iş üzrə icraat xitam verilməsini xahiş edir. Məhkəmə iclasında qərarından şikayət verilmiş şəxs Abşeron DYP polis leytenantı X3 verdiyi izahatında göstərmişdir ki, şikayət əsasızdır. Belə ki, 15 iyul 2022-ci il tarixdə saat 08:55-də X4 “OPEL ZAFİRA” minik markalı, 90LV304 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Nəticədə 25 iyul 2022-ci il tarixli, TP ******* saylı qərara əsasən 40 manat məbləğində cərimə edilmişdir. Qərar qanuni və əsaslıdır. Buna görə də şikayətin təmin edilməməsini xahiş edir . Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Belə ki, iş materiallarında olan Abşeron DYP polis leytenantı X3 tərəfindən qəbul edilmiş 25 iyul 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində 40 (qırx) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X4 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələblərini pozmaqla inzibati məsuliyyətə cəlb olunmasını əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yenə həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, X2 Abşeron DYP polis leytenantı X3 tərəfindən qəbul edilmiş 25 iyul 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 Abşeron DYP polis leytenantı X3 tərəfindən qəbul edilmiş 25 iyul 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar