Məhkəmə qərarları › İş №3(012)-1237/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1237/2022

23.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1237/2022 23.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «ASENA KO” MMC-in etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə «ASENA KO” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: «ASENA KO” MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN seriyalı EP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" ASC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən «ASENA KO” MMC tərəfindən 2209116.00 rusiya rublu məbləğində xarici valyutada olan vəsait ödəniş tapşırığına əsasən Bankda olan hesabından xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüşdür. Lakin, ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Nəticədə «ASENA KO” MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş, eyni zamanda "Elektron Məhkəmə Sistemi” vasitəsilə sms bildiriş göndərilmişdir. Lakin, inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «ASENA KO” MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 izahatında göstərmişdir ki, həqiqətən də hüquqlarını müdafiə etdiyi Cəmiyyət ilə Rusiya Federasiyasında olan Zavod Elastik şirkətinə rusiya rublu vəsait qabaqcadan avans olaraq köçürülmüşdür. Lakin həmin vəsait hesabına alınmış mallar qanunla müəyyən edilmiş müddət ərzində, yəni 2 (iki) il müddət daxilində olmaqla ölkəyə idxal edilməmiş, həmçinin vəsait geri qaytarılmamışdır. Rusiya DİN-nə müraciət edilmiş, xx.xx.2020-ciildə **********10001518 saylı cinayət işi başlanılmış və Cəmiyyət həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Odur ki, göstərilənlər nəzərə alınmaqla iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati xətalar haqqında iş üzrə icraat materiallarını tədqiq edib və Qanunun aşağıda qeyd olunan tələblərinə əsaslanaraq hesab edir ki, «ASENA KO” MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. "Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyrirezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə əməliyyatlar: qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Beləliklə, həmin məsələni tənzimləyən "Azərbaycan Respublikasının rezident və qeyri- rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarına əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində görülmüş əməliyyatları təsdiq edən sənədlərin 2 il ərzində ərzində müvafiq banka təqdim edilməsini tələb edir. İş materiallarında olan "TURAN BANK” ASC-nin xx.xx.2020-ci il tarixli köçürmə ərizəsindən görünür ki, «ASENA KO” MMC-nin hesabından "Zavod Elastik” şirkətinin hesabına xx.xx.2022-ci il tarixdə 2209116.00 rusiya rublu məbləğində ödəniş edilmişdir. Benefisiar şirkət tərəfindən mallar göndərilməmiş, vəsait isə qaytarılmamışdır. Müdafiə tərəfindən məhkəməyə təqdim edilmiş Abşeron rayon 02 saylı notariat kontorunda təsdiqlənmiş xx.xx.2022-ci il tarixli qətnamədən müəyyən edilir ki, Rusiya DİNin İŞ idarəsinin Nijnekamsk rayonu üzrə müstəntiq tərəfindən Rusiya Federasiyasının 159cu maddəsinin 4 hissəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin olması əlamətlərinə əsasən cinayət işi açılmış, həmin cinayət işi üzrə «ASENA KO” MMC zərərçəkmiş qismində tanınmışdır. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, «ASENA KO” MMC tərəfindən 2209116.00 rusiya rublu məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "AFB BANK” ASC-də olan hesabından xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüşdür. Lakin, ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Buna səbəb isə törədilmiş cinayət işinin açılmasıdır. Odur ki, məhkəmə tərəfindən «ASENA KO” MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olmadığı müəyyən edilmişdir. Qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. 76.1 -ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1 -ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstırilənlərə əsasən belə nəticəyə gəlir ki, «ASENA KO” MMCnin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN seriyalı EP ******* nömrəli protokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 53, 55, 105, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «ASENA KO” MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar