Məhkəmə qərarları › İş №3(012)-1237/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1237/2024

06.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1237/2024 06.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Həsənov Vaqif İskəndər oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxılmağa hazırlanması zamanı MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Abşeron Rayon Polis İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, qanunvericiliyin tələbinə əsasən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında həbs nəzərdə tutulduğu hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Lakin hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında işitrakı təmin edilməmişdir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarın bəzi hissələrində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin soyadı “Əliyev” əvəzinə “Quliyev” göstərilmiş, həmçinin inzibati materialın məhkəməyə göndərilməsi üçün tərtib edilmiş müşayiət məktubunda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tərtib edilmiş protokola baxılması qeyd edilmişdir. Azərbaycan Respublikası İXM-nin 61.5-ci maddəsinə əsasən inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Həmin Məcəllənin 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələlərini həll edir. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələlərini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar düzgün tərtib olunmadığına və natamam olduğuna görə inzibati xəta haqqında protokol onu tərtib etmiş vəzifəli şəxsə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109 və 128-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan Abşeron Rayon Polis İdarəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar