Məhkəmə qərarları › İş №3(012)-1239/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1239/2022

29.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1239/2022 29.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi ilə "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 469.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası ƏƏSMN yanında X6 Xidmətinin xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* saylı qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-in direktoru X2 şikayət ərizəsi ilə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 469.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası ƏƏSMN yanında X6 Xidmətinin xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasının təmin edilməməsi qənaətinə gəlinərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə MN ******* saylı, 22 iyun 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Bununla yanaşı hüquqi şəxsin vəzifəli şəxsi kimi onun barəsində də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 rəis müavini, X4 tərəfindən MN ******* saylı, 04 iyul 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək barəsində 1500 (min beş yüz) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Hesab edir ki, qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunsuzdur və həmin qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 10 iyun 2022-ci il tarixdə saat 10:56-da elektron informasiya sistemlərinin təhlili nəticəsində əldə olunmuş məlumatlara əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmaması faktı müəyyən edilmişdir. Qeyd olunan inzibati xəta üzrə direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində hüquqi şəxs kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin baş əmək müfəttişi X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2ci maddəsi ilə MN saylı ******* saylı, 22 iyun 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli qərarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olmadığı üçün "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə məsuliyyəti nəzərdə tutur. Lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim olunmuş vəsatətə əlavə olunmuş "xxxx" ASC tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinə ünvanlanmış PHS-**********2 saylı, 05 iyul 2022-ci il tarixli məktubla da müəyyən olunmuşdur ki, hazırda "xxxx" MMC ilə “PAŞA Həyat Sığorta" ASC arasında müddətsiz olaraq İcbari Sığorta Bürosunun mərkəzləşdirilmiş sistemi vasitəsilə bağlanmış 29 avqust 2020-ci il tarixli, **********42 saylı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi mövcuddur. 01 iyul 2022-ci il tarixinədək imzalanmamış sənəd aşkar edilməmiş və ödənilməmiş sığorta haqqı mövcud deyildir. Qeyd etməyi vacib bilirik ki, "xxxx" ASC ilə direktoru olduğum “Milan- A" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında İcbari Sığorta Bürosunun mərkəzləşdirilmiş sistemi vasitəsilə 29 avqust 2020-ci il tarixdə **********2 saylı istehsalatda bədbəxt hadisələr və peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmışdır və həmin müqavilə bu günədək də qüvvədədir. (Bu barədə "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ünvanlamış məktub şikayətə əlavə olunur) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolun tərtib olunması üçün əsas kimi qəbul etdiyi elektron informasiya sistemlərinin təhlili nəticəsində əldə olunmuş məlumatlarda işçilərin istehsalatda bədbəxt hadisələr və peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması faktının müəyyən edilməməsi olmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" ASC arasında faktiki olaraq 29 avqust 2020-ci il tarixdə bağlanaraq bu günədək qüvvədə olan istehsalatda bədbəxt hadisələr və peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin mövcud olduğu şəraitdə "xxxx" MMC-nin inzibati məsuliyyətə cəlb olunması qüvvədə olan qanunvericiliklə və normativ hüquqi aktlara əsasən yolverilməz olmuşdur. Elektron informasiya sistemlərində istehsalatda bədbəxt hadisələr və peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin görünməməsi öz növbəsində dövlət qurumlarının sahib olduqları elektron informasiya sistemlərinə müvafiq məlumatları vaxtlı-vaxtında inteqrasiya etməməsi səbəbindən yaranmışdır. Çünki, müəssisənin qeyd edilən sığorta üzrə xx.xx.2020-ci il tarixindən "xxxx" ASC şirkəti ilə müddətsiz müqaviləsi vardır. Yəni, bu tip müqavilələr müddətsiz bağlanılır və lakin ildə 1 (bir) dəfə elektron qaydada yenilənir və uzadılır. Onların da adını qeyd etdiyi sığorta şirkəti ilə müqaviləsi elektron qaydada İSB-nin elektron portalı üzərindən xx.xx.2021-ci il tarixində 1 (bir) il müddətinə yenidən yenilənmişdir və sistem üzrə də aktiv müqavilə statusuları vardır. Müqavilənin bağlanma tarixindən sonrakı bütün əməliyyatlar (işə qəbul, vəzifə və əmək haqqı dəyişiklikləri, xitam və s.) elektron qaydada İSB elektron portalı üzərindən vaxtında icra edilmişdir və bütün ödəmələr hamısı vaxtında icra edilmişdir. Abşeron Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli qərarı ilə iş məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv şəkildə araşdırılmış və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində hüquqi şəxs kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin baş əmək müfəttişi X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2ci maddəsi ilə tərtib olunmuş MN saylı ******* saylı, 22 iyun 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Lakin, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş qurum tərəfindən işin halları araşdırılmadan hüquqi şəxs olan "xxxx" MMC-nin vəzifəli şəxsi kimi barəsin 1500 (bir min beş yüz) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanunvericiliklə qanunsuzdur və yolverilməzdir. Direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi kimi barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 rəis müavini, X4 tərəfindən qəbul edilmiş MN ******* saylı, 04 iyul 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayətçiyə və qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3 və 112.1.4-cü maddələrinə əsasən şikayətçinin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İcbari Sığorta PAŞA HƏYAT Bürosunun X6 Xidmətinə ünvanladığı məktubundan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" ASC arasında İcbari Sığorta Bürosunun mərkəzləşdirilişmiş sistemi vasitəsilə bağlanmış xx.xx.2020-ci il tarixli **********42 saylı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi mövcuddur. xx.xx.2022 tarixinədək imzalanmamış sənəd aşkar edilmədi və ödənilməmiş sığorta haqqı mövcud deyil. Azərbaycan Respublikası ƏƏSMN yanında X6 Xidmətinin Sumqayıt regional ərazi şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasının təmin edilməməsinə görə həmin hüquqi şəxsin direktoru X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə 1.500 manat məbləğində inzibati cərimə edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(012)-1025/2022 saylı qərarı ilə hüquqi şəxs "xxxx" MMC-in barəsində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə tərtib olunmuş 22 iyun 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu üzrə başlanmış inzibati iş üzrə icraata təqsirli olmaması əsası ilə xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xəta haqqında işə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hazırki iş üzrə X1 əməlində inzibati xəta tərkibinin olubolmaması, inzibati xəta hadisəsinin törədilməsinin sübut olunub-olunmaması ilə bağlı xüsusatları araşdırıb aşağıdakıları qeyd edir: “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması İXM-nin 469.2-ci maddəsinə əsasən inzibati xəta kimi müəyyən edilmişdir. Əmək Məcəlləsinin 225-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 2.0.1-ci maddəsinə əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta (bundan sonra-icbari sığorta) – istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutan sığorta sinfidir. Həmin Qanunun 2.0.9-cu maddəsinə əsasən istehsalat dedikdə – fiziki şəxsin işləri, xidmətləri (bundan sonra – əmək funksiyalarını) haqqı ödənilməklə yerinə yetirdiyi iş yeri başa düşülür. Qanunun 14.3-cü maddəsinə əsasən icbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığorta olunanların kateqoriyalarında və peşə riski dərəcəsində, həmçinin əmək haqqı fondunda dəyişikliklər baş verərsə, sığorta haqqı bu dəyişikliklərin tarixindən müvafiq müqavilə ilinin başa çatmasına qədər qalmış vaxta mütənasib şəkildə yenidən hesablanmalıdır. Qanunvericiliyin tələbindən görünür ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə icbari sığorta müqaviləsi bağlanmalıdır. Qanunvericilikdə həmin müqavilənin konkret olaraq hansı vaxtda bağlanmalı olması göstərilməmiş, müqavilənin 1 il müddətinə bağlanmalı olması qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim olunmuş vəsatətə əlavə olunmuş "xxxx" ASC tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinə ünvanlanmış PHS-**********2 saylı, 05 iyul 2022-ci il tarixli məktubla da müəyyən olunur ki, hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxslə "xxxx" ASC arasında müddətsiz olaraq İcbari Sığorta Bürosunun mərkəzləşdirilmiş sistemi vasitəsilə bağlanmış 29 avqust 2020-ci il tarixli, **********42 saylı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi mövcuddur. Göründüyü kimi protokol tərtib edilərkən inzibati xəta tərkibi mövcud olmamışdır. Bundan başqa "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru şikayət ərizəsində eyni fakta və xətaya görə hüquqi şəxsin inzibati məsuliyyətə cəlb olunmasından sonra, həm də vəzifəli şəxsin inzibati məsuliyyətə cəlb olunmasını ədalətli və əsaslı hesab etmədiyini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Göründüyü kimi, qanunun bu tələbinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin edilməməsinə görə Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə barəsində tərtib edilmiş 22 iyun 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən inzibati məsuliyyətə cəlb edilməsi, eyni inzbati xətaya görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin drektoru X2 da vəzifəli şəxs olaraq inzibati məsuliyyətə cəlb edilməsi qanunauyğundur. Lakin Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(012)-1025/2022 saylı qərarı ilə hüquqi şəxs "xxxx" MMC-in barəsində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə tərtib olunmuş 22 iyun 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu üzrə başlanmış inzibati iş üzrə icraata təqsirli olmaması əsası ilə xitam verilmişdir. Həmin qərar apelyasiya qaydasında mübahisələndirilməmiş və qərar qanuni qüvvəsini almışdır. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, belə nəticəyə gəlir ki, şikayət əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, İXM-nin 469-cu maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə görə şəxs həmin maddədə nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur. 2-ci bəndinə görə isə həmin Məcəllənin 469.3-cü maddəsində nəzərdə tutulmuş xəta foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, bu “Qeyd”in 1-ci bəndində göstərilən müddət həmin xətanın aşkarlandığı gündən hesablanır. Qeyd hissənin məzmunundan da göründüyü kimi, şəxs 469.2-ci maddədə nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqdan sonra 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Əgər 20 gün ərzində yenidən müqavilə bağlamadıqda təkrarən həmin maddə ilə məsuliyyətə cəlb edilə bilər. Hazırki işin faktiki hallarından isə görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin drektoru X2 xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilməmişdən əvvəl İXM-nin 469.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli Qərarına əsasən hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı Bratyakin Rusiyaya qarşı iş üzrə 9 mart 2006-cı il, Radçikov Rusiyaya qarşı iş üzrə 24 may 2007-ci il, Lenskaya Rusiyaya qarşı iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin : 114.1.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biridə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, şikayət təmin olunmalı, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. "xxxx" MMC-in direktoru X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası ƏƏSMN yanında X6 Xidmətinin xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş 1500 (bir min beş yüz) manat cərimə məbləği silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar