Məhkəmə qərarları › İş №3(012)-1242/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1242/2020

19.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1242/2020 19.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X4 iştirakları ilə, xx.xx.1983-cü il tarixdə ünvan 1 kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işsiz, ünvan 1 kəndi ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci və 535.1-ci maddələri ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq QƏRARA ALDİ: Şəxs barəsində xx.xx.2020-ci il tarixdə daxil olmuş inzibati materialda Şəxs xx.xx.2020-ci il tarixdə tətbiq olunmuş karantin rejimini pozduğuna görə ona yaxınlaşan polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci və 535.1-ci maddələri ilə məhkəməyə verilmişdir. Məhkəməyə daxil olmuş ******* nömrəli və ******* nömrəli inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 20:50 radələrində Xırdalan şəhərində yerləşən “17 çay evində”-qapalı məkanda müştəri qismində restorana daxil olaraq karantin və pandemiya qaydasını pozmuşdur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bundan başqa, o, polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Abşeron rayon polis idarəsinin sahə rəisi, polis mayoru X5 məhkəmədə verdiyi izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 20.40 radələrində Abşeron rayonu, Xırdalan şəhərində ƏÇPA-nın 12 PB-nin polis nəfəri,polis serjantı X3 xidmət apardığı zaman həmin ərazidə yerləşən “17 çayevinə” daxil olmuş,orada ciddi karantin rejimində qapalı şəraitdə kafenin fəaliyyət göstərməsi müəyyən edilmiş və müştəri qismində oturan şəxslər,o cümlədən Şəxs Abşeron RPİ-yə gətirilmiş və növbətçi hissəyə təhvil vermişlər. Ona hüquqları ətraflı izah olunsa da, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaqdan imtina etmiş, nəticədə Şəxs məcburi şəkildə Abşeron Rayon Polis İdarəsinə gətirilmiş, karantin rejimini pozduğuna və polis əməkdaşlarının qanuni tələbinə tabe olmadığına görə barəsində Azərbaycan Respublikasının İXM-nin 211.1-ci və 535.1-ci maddələri ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs törətdiyi inzibati xətanı etiraf edərək məhkəmədə verdiyi izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə axşam saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr-də yerləşən “17 çay evi” adlanan çay evində pivə içirmiş. Bu zaman polis əməkdaşları içəri daxil oldu, obyektin sahibinə və orada olan şəxslərə karantin rejimi qaydalarını pozduğunu bildirdi. Belə ki, həmin şəxsləri polis idarəsinə dəvət etmişlər. O, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Hazırda etdiyi hərəkətə görə əməlindən peşmandır, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış etmiş müdafiəçi Vəkil Şəxs əməlindən səmimi peşman olmasını və inzibati xəta törətməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin etməsini xahiş etdi. Məhkəmədə Şəxs inzibati xətanı törətməsində təqsirli olması özünün izahatı və işdə olan digər sübutlarla da təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 208 nömrəli Qərarının 1-ci hissəsinə əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək bir sıra məhdudiyyətlər tətbiq edilmişdir. Həmin Qərarın 1.5-ci bəndinə əsasən bu Qərarın 1.2-ci, 1.3-cü və 1.4-cü bəndlərində göstərilən şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə aşağıdakı hallarda yol verilir: 1.5.1. təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; 1.5.2. ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar; 1.5.3. yaxın qohumunun dəfnində iştirakla əlaqədar. Həmin Qərarın 1.6-cı maddəsinə əsasən bu Qərarın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində göstərilən şəxslər yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS - məlumat göndərməlidirlər. İcazə rayon və şəhər daxilində 2 (iki) saat müddətinə verilir. Həmin Qərarın 2-ci hissəsinə əsasən bu Qərarla müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qərarın 3-cü hissəsinə əsasən bu Qərarla müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarına riayət olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir. İşdən görünür ki, Şəxs qeyd edilən Qərarın tələblərinə əməl etməmiş, icazə almaq məqsədilə 8103 nömrəsinə SMS - məlumat göndərmədən yaşayış yerini tərk etmiş, bununla da sərtləşdirilmiş xüsusi karantin rejimi qaydalarını pozmuşdur. Eyni zamanda Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu hal işdə olan xx.xx.2020-ci il tarixli raport və Şəxs izahatları ilə təsdiq olunur. Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göstərilənlərə əsasən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, Şəxs törətmiş olduğu inzibati xətaya görə 211.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan daha ciddi xətaya görə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan RespublikasınınİXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən iş üzrə məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş materiallarında olan AZA 002198 saylı tutma protokolundan görünür ki Şəxs xx.xx.2020-ci il tarixdə saat 21.50 radələrində inzibati qaydada tutulmuşdur. İşdə olan xx.xx.2020-ci il tarixli 2/5761 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluğu olmamışdır. Məhkəmə hesab edir ki, Şəxs sərtəşdirilmiş xüsusi karantin rejimi qaydalarını bildiyi halda qəsdən pozmasını onun şəxsiyyətini xarakterizə edən hal kimi, sərxoş halda olmasını isə ağırlaşdırıcı hal qismində nəzərə almaqla ona inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İXM-nin 211.1-ci və 535.1-ci maddələr ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona, 200 (iki yüz) manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclasında azad edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 6 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar