Məhkəmə qərarları › İş №3(012)-1249/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1249/2025

10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1249/2025 10.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Məhəkəmə iclasının katibi Həsənli Salatın Etibar qızının katibliyi ilə, Barəsində inzibati icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş 17 aprel 2025-ci il tarixli, AP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən hüquqi şəxs Şəxs mülkiyyətində olan Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğusuna əsasən mülkiyyətində olan «Hyundaı» yük markalı, ** YM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 03 aprel 2025-ci il tarixində, saat 19:54-də inzibati xəta törədilməsi zaman həmin avtomobili idarə etmiş fiziki şəxs haqqında məlumatın tələb edilməsinə dair səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə cavab verməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Aqşin Ağabəyli bildirmişdir ki,inzibati xəta haqqında protokola etiraz edərək bildirirəm ki, iş materiallarında sorğunun "xxxx" tərəfindən "xxxx" tarixdə qəbul edilməsinə dair xəbərnamə mövcud olsa da, lakin həmin MMC-nin ünvanına mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın verilməsi ilə bağlı səlahiyyətli orqanın (vəzifəli şəxsin) sorğusu daxil olmamışdır. Belə ki, hüquqlarını təmsil etdiyi şirkətin "xxxx" soyadlı işçisi olmamışdır. Həmçinin MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən hüquqi şəxsin nümayəndəsi dəvət edilməmiş və nümayəndəsinin izahatı alınmamış, bundan başqa inzibati xəta haqqında protokol tərtib edilərkən MMC-nin nümayəndəsinin iştirakı təmin edilməyərək. ona hüquq və vəzifələri izah edilməmiş və bu barədə protokolda heç bir qeyd aparılmamış, digər tərəfdən, qanunvericiliyin tələblərinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilməli olduğu halda verilməmiş, onların həmin protokoldan xəbəri olmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Protokol tərtib etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmiş, lakin orqanın nümayəndəsi məhkəmə iclasına nümayəndəsini göndərməmiş və ya tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 17 aprel 2025-ci il tarixli, AP seriyalı ******* saylı protokoldan görünür ki, 03 aprel 2025-ci il tarixdə baş vermiş inzibati xəta ilə bağlı hüquq şəxs Şəxs MMC-nin mülkiyyətində olan «Hyundaı» yük markalı, ** YM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inizbati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə verməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda nzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 57.2-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir; 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Abşeron rayon Polis İdarəsi tərəfindən iş materiallarına əlavə olunmuş poçt xəbərnaməsində həmin sorğunun Şəxs MMC-nin işçisi tərəfindən qəbul edilməsi öz təsdiqini tapmamışdır. Belə ki, əlavə olunmuş xəbərnaməyə əsasən Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğu barədə 09 aprel 2025-ci il tarixdə məlumat verildiyi göstərilsədə, faktiki olaraq Şəxs MMC-nin "xxxx" soyadlı işçisi olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs MMC tərəfindən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi və bununla da, sonuncu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 17 aprel 2025-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar