Məhkəmə qərarları › İş №3(012)-125/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-125/2023

27.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-125/2023 27.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Həsənov Vaqif İskəndər oğlu, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materialın baxılmağa hazırlanması zamanı MÜƏYYƏN ETDİM: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2022-ci il tarixdə idarə etdiyi «Hyundai Elantra» minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin tələblərini pozduğuna görə onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati protokol tərtib edilərək 60 manat cərimə edilmişdir. Şəxs 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan həmin cəriməni ödəməmişdir. Buna görə də, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3cü maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında materiallar geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılır. Həmin Məcəllənin 127-ci maddəsinə əsasən bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla, onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilir; Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir; eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir; inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir; İstinad olunan maddi hüquq normalarının tələbindən göründüyü kimi, Şəxs barəsində inzibati protokol tərtib olunması zamanı səlahiyyətli orqan tərəfindən həmin tələblərə əməl edilməmişdir.Yəni inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisinin inzibati xəta haqqında protokol barədə məlumatlandırılması (çatdırılmanı və ya mümkünsüzlüyünü təsdiq edən sübutla birlikdə), həmin orqanının informasiya sisteminin inzibati xəta haqqında protokolu və onun əlavələrini nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirməsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərməsi, orqanın informasiya sisteminin nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, İXM-nin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatın dərhal göndərilməsi, inzibati tənbeh vermə haqqında elektron qərarın əlavə edilmiş materiallarla birlikdə orqanın mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, İXM-nin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilməsi barədə sübutlar təqdim edilməmişdir. Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokolda İXM-nin yuxarıda göstərilən tələblərinə əməl edilməmişdir. Belə ki, Şəxs xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolun surəti və protokol əsasında qəbul edilmiş qərarın surəti verilməmiş və ya poçt vasitəsi ilə də göndərilməmiş, bunu təsdiq edən müvafiq sənədlər iş materiallarına əlavə edilməmişdir. Buna görə də, məhkəmə belə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və materiallar geri qaytarılsın. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar