Məhkəmə qərarları › İş №3(012)-1251/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1251/2020

20.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1251/2020 20.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi, inzibati protokolu tərtib etmiş, Abşeron rayon Polis İdarəsinin polis sahə rəisi, polis mayoru X1 və inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Laçın şəhərindəanadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Laçın şəhəri, Ə.Verdiyev küçəsi, 128 saylı evdə qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan Şəxs barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: Şəxs xx.xx.2020-ci il tarixdə axşam saatlarındaBakı-Quba yolunun Abşeron rayonu ərazisində idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılarkən, sənədlərini təqdim etməyi tələb edən polis əməkdaşı ilə mübahisə edərək, ictimai asayişi pozan hərəkətlər etdiyi zaman onu nizam-intizama dəvət edən, ictimai qaydanın mühafizə vəzifələrini icra edən BDYPİ-in Ekoloji nəzarət bölüyünün əməkdaşı Vüsal Ağagülovun qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs göstərilən əməli törətməsi aşağıdakı qaydada müəyyən olunmuşdur. Abşeron rayon Polis İdarəsinin polis sahə rəisi, polis mayoru X2 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, BDYPİ-in Ekoloji nəzarət bölüyünün əməkdaşı Vüsal Ağagülov tərəfindən tərtib edilmiş raporta əsasən xx.xx.2020-ci il tarixdə xidmət apardığı, Bakı-Quba yolunun Abşeron rayonu ərazisində yol hərəkəti qaydalarını pozduğu üçün onun tərəfindən OPEL markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmış, yoxlama zaman sürücünün avtomobili sənədsiz idarə etməsi məlum olduğu zaman həmin sürücü adı sonradan məlum olan Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşı ilə mübahisə edərək, avtomobili sürətlə sürərək, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə ona məxsus OPEL markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərindən Masazırdakı evinə gələrkən, yolda onu polis əməkdaşları saxlatmışdır. Sənədlərini istədikdə polis əmkdaşlarına sürücülük vəsiqəsinin olduğunu, evdə qaldığını demişdir. Polis əməkdaşları avtomobili avtomobil duracağına aparacaqlarını bildirmişlər. Həmin vaxt ona evdən zəng gəlmiş, uşağının vəziyyətinin yaxşı olmadığını bildirdiklərinə görə avtomobilə əyləşib, sürüb getmişdir. Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında xx.xx.2020-ci il tarixli, MN ******* №-li protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə axşam saatlarında Bakı-Quba yolunun Abşeron rayonu ərazisində idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılarkən, sənədlərini təqdim etməyi tələb edən polis əməkdaşı ilə mübahisə edərək, ictimai asayişi pozan hərəkətlər etdiyi zaman onu nizam-intizama dəvət edən, ictimai qaydanın mühafizə vəzifələrini icra edən BDYPİ-in Ekoloji nəzarət bölüyünün əməkdaşı Vüsal Ağagülovun qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəməyə təqdim edilmiş inizbati qaydada tutma haqqında AZA 005486 №-li protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 19:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması özünün izahatı və işdə olan digər sübutlarla da təsdiq olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən səlahiyyətli şəxslərin hüquqazidd hərəkətlərini dayandırmağa tələb etməsinə baxmayaraq, Şəxs öz hərəkətlərini davam etdirməsini inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, onun törətdiyi inzibati xətanın xarekterini, şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran halı nəzərə alaraq, hesab edir ki, onun barəsində inzibati həbs tədbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən, saat 19:30-dan hesablansın. Qərarın icrası Abşeron rayon Pİ-nə tapşırılsın. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar