Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-126/2022 28.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-in nümayəndəsi Tağıyev Azər Məmmədtağı oğlunun iştirakı ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İş materiallarından görünür ki, "xxxx" MMC tərəfindən Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisində müxtəlif mənşəli bərk məişət tullantılarının ətraf mühitin tələblərinə zidd olaraq KAMZ markalı ** JV *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə istehsalat tullantılarının boşaldılması faktı aşkar edilmişdir. Buna görə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsi barədə 13.12.2021-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 verdiyi izahatında bildirmişdir ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazi üzrə monitorinq keçirilən zaman "xxxx" MMC-yə məxsus KAMZ markalı ** JV *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə müxtəlif mənşəli bərk məişət tullantılarının ətraf mühitin tələblərinə zidd olaraq boşaldılması faktı aşkar edilmişdir. Bununla bağlı akt tərtib edilmiş, foto şəkillər çəkilmiş, daha sonra törədilmiş inzibati xətaya görə "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə protokol tərtib edilmişdir. Qeyd edilənləri nəzərə alaraq "xxxx" MMC-in inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsin xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-in nümayəndəsi X2 verdiyi izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsinə uyğun tərtib edilmiş inzibati xəta haqqında protokola görə guya "xxxx" MMC-yə məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində KAMZ markalı ** JV *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə müxtəlif mənşəli bərk məişət tullantılarının ətraf mühitin tələblərinə zidd olaraq qalaqlanması faktı aşkar edilmişdir. İnzibati xətanı aşkar edən orqan ümumiyyətlə qeyd edilən ünvan üzrə heç bir araşdırma aparmamışdır. Tərtib edilmiş protokolla razı deyildir. Belə ki, inzibati xəta haqqında protokolun saxta olması onda özünü ifadə edir ki, həmin protokolu yazan şəxslər ümumiyyətlə protokolda qeyd olunan xətanın kimin tərəfindən törədilməsi araşdırmamış, heç bir aidiyyəti olmayan hüquqi şəxsi "xxxx" MMC-ni törədilmiş inzibati xətada təqsirli bilinmişdir. Halbuki, KAMZ markalı ** JV *** dövlət qeydiyyat nişanlı yük avtomobili "xxxx" MMC-yə məxsus deyildir. Qeyd olunanları nəzərə alaraq "xxxx" MMC barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsin xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 29.11.2021-ci il tarixli, 73506 saylı aktdan görünür ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Ətraf Mühitin Mühafizəsi haqqında Qanunun 47-ci maddəsinin, İstehsalat və Məişət Tullantıları haqqında Qanunun 9, 11, 12-ci maddələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.04.2005-ci il tarixli,74 saylı qərarının tələbləri pozulmuşdur. Bildirişin surətindən görünür ki, Azərbaycan Respublikası ETSN-nin 4 saylı RETSİ tərəfindən "xxxx" MMC-yə bildiriş göndərilmiş, həmin bildiriş 11.12.2021-ci il tarixdə qəbul edilmişdir. Məhkəmə 13.12.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, "xxxx" MMC tərəfindən qeyri-qanuni tullantı boşaldılması, sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, məhkəmə araşdırması zamanı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində məişət tullantılarının yandırılması, qalaqlanması müəyyən olunsa da, bu inzibati xətanın məhz "xxxx" MMC tərəfindən törədilməsini təsdiq edən əsaslı sübutlar məhkəməyə təqdim edilməmişdir. Protokol tərtib etmiş orqan qeyri-qanuni tullantı boşaldılması, sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasını Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində KAMZ markalı ** JV *** dövlət qeydiyyat nişanlı yük avtomobili olmasını müəyyən edilməsi ilə kifayətlənmiş, inzibati araşdırma aparmadan "xxxx" MMC-in inzibati məsuliyyətə cəlb etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 271-ci maddəsinə əsasən Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə məsuliyyət nəzərdə tutur. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.1.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biridə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Məhkəmə iclasında təklif ediləməsinə baxmayarq, protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi KAMZ markalı ** JV *** dövlət qeydiyyat nişanlı yük avtomobilin məhz "xxxx" MMC-yə məxsus olmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, həmçinin onun inzibati məsuliyyətə cəlb olunma müddəti keçdiyindən "xxxx" MMC barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin : 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Qanunvericiliyin tələbinə əsasən, inzibati tənbeh davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən ən geci üç ay keçənədək verilə bilər. Hazırki iş üzrə "MİLAN-A” MMC tərəfindən törədilən inzibati xətanın davam edən inzibati xəta olmasını, həmin xətanın inzibati xəta haqqında protokolun tərtib edildiyi vaxt, yəni 13.12.2021-ci il tarixdə aşkara çıxarıldığını və həmin vaxtdan 3 aydan çox müddət keçdiyini nəzərə alaraq "MİLAN-A” MMC 13.12.2021-ci ii tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb oluna bilməz, bu səbəbdən inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin : 53.0, 53.0.6-cı maddələrinə əsasən Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-126/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-126/2022
28.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver