Məhkəmə qərarları › İş №3(012)-1263/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1263/2025

08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1263/2025 08.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Nicat Rufulla oğlunun katibliyi, Şikayət verən X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1 və 275.1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol həmin protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli qərar tam qanunsuzdur, əsassızdır və hüquqa ziddir. Protokoldan və qərardan görünür ki, X3 tərəfindən Abşeron rayonu, Goradil kəndi. H.Əliyev prospekti, 54A ünvanında “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə zidd olaraq həmin ünvanda tikinti və abadlıq məqsədilə köküstəyaş halda 7 ədəd ağacın məhv edilməsi faktı müəyyən edilmişdir. Həmin protokol əsasında onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək İXM-in 253.3.1, 275.1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 5.000 manat məbləğində cərimə edilmişəm. Qeyd olunan ərazidə abadlaşdırma işlərinin aparılması ilə bağlı təmir-tikinti işləri aparılmamış, həmin ərazidə çıxan tikanlı kollar budanmış və kəsilmişdir. Qeyd olunanlar ağac deyil, kollardır. Sözügedən əraziyə özü baxış keçirmiş, orada kökdən çıxarılmış ağacın olmadığı və ağacın kəsilməsinə şahid olmamışdır. Sözügedən qərarın sürətini xx.xx.2025-ci il tarixdə poçt vasitəsi ilə almışdır. Məsuliyyətin yaranmasından ötrü ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsirin nədən ibarət olmasına dair sübutlar xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh qərarında göstərilməmiş və həmin əsaslar üzrə gəlinən nəticə əsaslandırılmamışdır. Belə olan halda əməldə inzibati xəta tərkibinin olmasına dair inzibati orqan tərəfindən gəlinən nəticə əsaslı şübhə yaratmayan mötəbər sübutlarla təsdiq edilməməklə, natamam sübutlarla, maddi hüquq normasının bütün dispoziya şərtlərinin müəyyən edilməsi əsaslandırılmadığından, inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı hesab edilməməlidir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən yuxarıda qeyd etdiyi protokol əsasında onun barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında barəsində qəbul edilmiş qərardan şikayət vermiş X3 şikayəti müdafiə edərək, şikayət ərizəsində qeyd olunanlara uyğun izahat verdi və şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini X1 tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X3 xx.xx.2025ci il tarixdə ünvan 2 ünvanında dövlət ekologiya ehtiyatlarının müsbət rəyi olmadan qeyriyaşayış obyektinin tikilməsi və tikinti zamanı 7 ədəd ağacın məhv edilməsi faktına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə təqsirli bilinərək 5000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsinə əsasən, şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kolların məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir Beləliklə, məhkəmə hesab edir ki, X2 xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarından şikayəti əsassız olduğundan təmin edilməməlidir. Qərarın ləğvi üçün şikayətçinin dəlilləri iş materialları ilə təkzib olunur. Belə ki, X3 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə inzibati xəta hadisəsinin törədilməsi iş materiallarında olan sübutlar ilə öz təsdiqini tapır. Ona görə də, X3 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərar qanunidir, şikayət əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, X2 xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati qərardan şikayəti əsassız olduğundan rədd olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti təmin edilməsin və qeyd edilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar