Məhkəmə qərarları › İş №3(012)-128/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-128/2024

23.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-128/2024 23.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Abşeron Rayon İcra şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1957-ci il tarixdə Puşkin şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Salyan rayonu, Boranıkənd kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1463/2019 saylı, xx.xx.2019-cü il tarixli icra sənədinə əsasən Abşeron rayon Məhkəməsinin 2(102)-5690/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi mənəvi zərərin tutulmasına dair hissədə dəyişdiirlməsi, cavabdeh “Abşeron A1№ MTK-dən və onun sədri Şəxs mənəvi zərərə görə 3000 (üç min)manat məbləğində pul alınaraq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, 3(012)-1945/2023 nömrəli qərarı ilə Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir . Qərardan zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və işə yenidən baxılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, 3(012)-1945/2023 nömrəli qərarı ləğv edilmiş, işə yenidən baxılması üçün materialın Abşeron Rayon Məhkəməsinə, yeni məhkəmə baxışına qaytarılması qərara alınmışdır. Məhkəmə iclasında Abşeron Rayon İcra şöbəsinin icra məmuru X4 bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1463/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borcluya bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmış, Şəxs izahatı alınmışdır. Şəxs hal- hazırda 49967 (qırx doqquz min doqquz yüz altmış yeddi) manat borcu vardır. Borclu Şəxs icra sənədini icra etməkdən yayınmasının üzrsüz səbəbdən olduğu müəyyən edildiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş üzrə tələbkar iddiaçı Zərərçəkmiş şəxs məhkəməyə teleqram vurmaqla X1 barəsində olan inzibati protokolun təmin edilib inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Zərərçəkmiş şəxs 2013-cü ildə “Abşeron A1№ MTK-ya ev alınması ilə bağlı müraciət etmişdir. Ona verilmiş evin dəyəri 49000 manat müəyyən edilmişdir. Zərərçəkmiş şəxs 20000 manat ödəniş etmiş, lakin 29000 manatı isə torpağı satılandan sonra ödəyəcəyini bildirmişdir. MTK onunla razılaşmışdır. Hal-hazırda Zərərçəkmiş şəxs pulu ödəməkdən imtina edir və ev tələb edir. O, 2018-ci ildən işdən çıxmışdır. Həmçinin, icraata başlamaq haqqında qərar ona göndərilməmişdir, qətnaməni belə almamışdır, icradan xəbərsizdir. İş üzrə özünü təqsirli bilmir və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını əsas gətirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, toplanmış sübutlara qiymət verərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati hərəkət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: İş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-5960/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" MTK və sədri Şəxs ödənilmiş 49637 manat pul və mənəvi zərərə görə 300 manat, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı, cəmi 49967 manat pul alınaraq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1463/2023 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-5960/2018 nömrəli, xx.xx.2018ci il tarixli qətnaməsi mənəvi zərərin tutulmasına dair hissədə dəyişdirilmiş, cavabdeh "xxxx" MTK və sədri Şəxs mənəvi zərərə görə 3000 manat pulun iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmiş, qətnamə icraya yönəldilmişdir. İş materiallarında olan Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1463/2023 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Qanunun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməlidir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. İş materiallarında olan Şəxs yazılı izahatlarından müəyyən olunur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1463/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi barədə xəbərdardır. xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə indiyədək tam ödəniş edilməməsi icra sənədinin qərəzli olaraq icra edilmədiyini göstərir. Azərbaycan Respublikası İXM-nin 76-cı maddəsinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, yaşını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə iş üzrə borclu Şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 1000 (bir min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin Qərarın icrası Abşeron rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar