Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1284/2025 29.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının, Qarayev Cavid Nazim oğlunun katibliyi ilə, inzibati tənbeh vermə barədə protokol tərtib etmiş Abşeron RPİ-nin İŞ-nin sahə rəisi, X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əmək, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron RPİ-nin İŞnin sahə rəisi, X4 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmədə inzibati tənbeh vermə barədə protokol tərtib etmiş Abşeron RPİ-nin İŞnin sahə rəisi, X4 bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə tarixdə saat 17:00 radələrində DİN-nin BDYPİ-nin X11 Xidmətində yol-patrul xidməti əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Belə olduğu təqdirdə o Abşeron RPİ-yə dəvət olunub barəsində inzibati tənbeh barədə protokol tərtib olunmuşdur. Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs inzibati xəta faktı üzrə özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, dostunun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Dostu ona yığıb kömək istədiyi üçün o və digər şəxslə birlikdə X12 Patrul Xidmətinin inzibati binasına getmişdir. Binaya daxil olduqda sonra orada olan polis əməkdaşına öz fikrini bildirən zaman onun kim olduğu və nə üçün gəldiyi soruşulmuş, o isə səmimiyyətlə “kofe içməyə gəlmişəm” demişdir. Bu zaman aralarında xırda mübahisə yaranmışdır. Daha sonra o, polis əməkdaşlarına dostunun sərxoş olduğu üçün inzibati xəta haqqında protokol tərtib olunduğunu, lakin onun sərxoş olmadığını və bununla bağlı həkim müayinəsindən keçdiyi sənədi hansı səbəblə qəbul etmədiklərini soruşmuşdur. Polis əməkdaşları daha sonra ona video-görüntü göstərərək dostunun həkim müayinəsindən imtina etdiyini və əgər şəxsin nümayəndəsi, vəkili deyilsə inzibati binanı tərk etməli olduğunu bildirmişdirlər. Bu zaman da aralarında xırda mübahisə olmuş və polis əməkdaşı zəng edərək post-patrul xidmətin çağırmışdır. Həmin müddət ərzində polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmədiyini və törətdiyi əməlin qeyri-qanuni olduğundan xəbərsiz olduğunu bildirmişdir. Törətdiyi əməldən peşman olduğunu, himayəsində bir azyaşlı övladının olduğunu, atasının birinci qrup əlil olduğunu, özünün ikinci qrup əlil olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin X12 Patrul Xidmətinin baş inspektoru, polis baş leytenantı X6 izahatında bildirdi ki, qeyd olunan tarixdə Şəxs xidmət göstəridiyi yol-patrul xidmətinin inzibati binasına gələrək dostuna hansı səbəbdən cərimə yazıldığını soruşmuşdur. Ondan kim olduğu soruşulduqda isə o, səlahiyyətli şəxs olduğunu bildirmişdir. Səlahiyyətli şəxs olduğunu təsdiq edən sənədini təqdim etməsini istədikdə isə o, “siz hələ səlahiyyətli şəxsin kim olduğunu bilmirsiz” demişdir. Onun nə səbəbə gəlməsi soruşulduqda isə o, “kofe içməyə gəlmişəm” demişdir. Ona yenidən vəziyyət izah edilsə də o, yenidən səs-küy salmış və ətrafda olan digər şəxslərə narahatlıq yaratmışdır. Binanı tərk etməsi istənilsə də, şəxs binanı tərk etməmişdir. Daha sonra post-patrul xidməti əməkdaşlarına zəng edərək hadisə yerinə çağırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin X12 Patrul Xidmətinin inspektoru, polis baş serjantı X7 digər şahid X5 izahatına oxşar, eyni məzmunlu izahat vermişdir. Müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 məhkəmə iclasında müdafiə etdiyi şəxsin törətdiyi əməldən peşman olduğunu, himayəsində bir azyaşlı övladının olduğunu, atasının birinci qrup əlil olduğunu, özünün ikinci qrup əlil olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, şahidləri və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İş materiallarında olan tutma qərarından görünür ki, Şəxs 28 may 2025-ci il tarixdə 19:20 radələrində tutulmuşdur. “AzeMis” elektron informasiya sistemi vasitəsilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs “gəlir məlumatları”-na dair göndərilmiş sorğudan müəyyən edilmişdir ki, Şəxs İİ qrup əlil olduğu üçün əlilliyə görə pensiya alır. “AzeMis” elektron informasiya sistemi vasitəsilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs “qohumluq məlumatları”-na dair göndərilmiş sorğudan müəyyən edilmişdir ki, Şəxs himayəsində xx.xx.2023-cü il təvəllüdlü X8 adlı övladı vardır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini, himayəsində azyaşlı övladının olmasını və İİ qrup əlil olmasını Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs cərimə növündə tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 müvafiq olaraq 33 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin ona, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən 150 manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 müvafiq olaraq 33 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №3(012)-1284/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1284/2025
29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver