Məhkəmə qərarları › İş №3(012)-1289/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1289/2024

14.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1289/2024 14.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Goranboy rayonu, Qaradağlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Abşeron rayon İcra və Probasiya şöbəsində protokol tərtib edilmiş və protokola əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, cavabdeh Şəxs məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən başlayaraq, 20 dekabr 2013-cü il təvəllüdlü X2 və 21 sentyabr 2015-ci il təvəllüdlü X4 yütkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 110 (yüz on) manat, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulsun. Goranboy Rayon Məhkəməsinin 2(045)-177/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 1544 manat aliment borcunu ödəməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbardarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, tələbkar məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 izahatında bildirdi ki, Goranboy Rayon Məhkəməsinin 2(045)-177/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borcluya bildirişlər göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmış, Şəxsn izahatı alınmışdır. Borclu İmanova X3 Rayon Məhkəməsinin 2(045)-177/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədini üzrsüz səbəblərdən bu günədək icra etməmişdir. Hal-hazırda 1544 Manat məbləğində borcun ödənilməsi borcludan tələb edilmiş və həmin borcu üzrsüz səbəbdən icra etməmişdir. Borclunun icra sənədini icra etməkdən yayınmasının üzrsüz səbəbdən olduğu müəyyən edildiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Borclu Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirdi ki, xəstəliyi ilə əlaqədar ödəniş edə bilməmişdir. Birdəfəlik ödəniş etməyə maddi imkanı olmasa da, hissə-hissə ödəniş etməyə hazırdır. Ödəniş etməməsi işləməməsi ilə bağlı olmuşdur. Buna görə də, qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs Goranboy Rayon Məhkəməsinin 2(045)-177/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsini icra etməkdən boyun qaçırmır, borcu ödəməyə cəhd göstərir. Lakin işsiz olduğundan borcu ödəməmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında tədqiq edilmiş: Goranboy Rayon Məhkəməsinin 2(045)-177/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən başlayaraq, 20 dekabr 2013-cü il təvəllüdlü X2 və 21 sentyabr 2015-ci il təvəllüdlü X4 yütkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 110 (yüz on) manat, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. İşin materiallarında olan Abşeron rayon İcra Probasiya şöbəsinin icraata başlamaq haqqında qərarından görünür ki, Goranboy Rayon Məhkəməsinin 2(045)-177/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, onun vəkilini və protokolu tərtib etmiş şəxsi dinləyərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır.” Hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə hesab edir ki, Goranboy Rayon Məhkəməsinin 2(045)-177/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsi əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra etməməsi məhkəmə zamanı sübuta yetirilməmişdir. Odur ki, hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şəxs məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.2.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar