Məhkəmə qərarları › İş №3(012)-1289/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1289/2025

29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1289/2025 29.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron RPİ-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi, Xırdalan şəhər vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.2005-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 157-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron RPİ-in İTŞ-si tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 21 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “Ləziz” restoranının qarşısında siqnal verməsini irad bildirdiyinə görə aralarında yaranmış şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı, Zərərçəkmiş şəxs qəsdən əli ilə vuraraq, sonuncuya sağlamlığa zərərvurmayan xəsarət yetirməklə ona fiziki ağrı yetirmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Abşeron RPİ-nin polis sahə rəisi X3 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, vətəndaş Nuriyev X5 RPİ-nə ərizə ilə müraciət edərək, xx.xx.2025-ci il tarixdə saat 21 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “Ləziz” restoranının qarşısında aralarında yaranmış mübahisə zamanı “Mercedes” markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən döyüldüyünü bildirmişdir. Həmin şikayət əsasında Abşeron rayon Pİ-nin TŞ-də araşdırma aparılmış, həmin şikayət əsasında cinayət işinin başlanmasının rədd olunması haqqında qərara əsasən Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün İTŞ-nə göndərilmişdir. Bununla əlaqədar araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. Qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü protokol üzrə təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 21 radələrində tanışı Simara ilə birlikdə özünə məxsus etibarnamə ilə əsasında idarə etdiyi “Mercedes” markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı ünvandan çıxaraq, Bakı-Sumqayıt yolu istiqamətində hərəkət etmişdir. Hərəkətdə olan zaman arxadan gələn mopedin sürücüsü ona siqnal verərək, işarə etdiyi üçün o da həmin şəxsə siqnal vermişdir. Bundan sonra həmin sürücü mopedlə qarşıya keçərək yolu kəsmiş və siqnal verdiyi üçün ona iradını bildirmişdir. Həmin vaxt aralarında mübahisə baş vermiş və o, avtomobildən enərək, həmin şəxsə yaxınlaşıb bir dəfə yumruqla sifət nahiyəsindən vurmuşdur. Sonra tanımadığı şəxslər onları aralamışdır. Mübahisə 5-10 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxs ilə hazırda barışmış, sonuncunun ona qarşı hər hansı şikayət və tələbi yoxdur, ona görə də barəsində iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, bir müddətdir özünə məxsus mopedlə kuryerlik edir. xx.xx.2025-ci il tarixdə evə gələn zaman Xırdalan şəhəri, “Ləziz” restoranının qarşısında “Mercedes” markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ona yol vermədiyi üçün həmin şəxslə aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı o, həmin şəxsə iradını bildirmiş, sonra həmin şəxs avtomobilindən enərək onun üzərinə hücum çəkib, yumruqla sifətindən vurmuşdur. Bundan sonra o, 102 xidmətinə məlumat vermişdir. Mübahisə 5-10 dəqiqə davam etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilə hazırda barışmış, ona qarşı hər hansı şikayət və tələbi yoxdur, ona görə də iş üzrə icraata xitam verilməsinə etirazı yoxdur. Məhkəmə iclasında Xırdalan şəhər vəkil bürosunun vəkili X6 hüquqlarını müdafiə etdiyi şəxsin məsuliyyətini dərk etməsini, tərəflərin barışmağını nəzərə alaraq, başlanmış inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan müəyyən edilir ki, toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun əməlində zərərvurmayan xəsarət almış zərərçəkmiş şəxsə münasibətdə inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Abşeron RPİ-nə göndərilmişdir. Məhkəmə Tibbi Ekspertizasının xx.xx.2025-ci il tarixli 810 nömrəli rəyindən görünür ki, 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarət- alt dodağın selikli qişasının səthi əzilmiş yarası küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müdətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə dava-dalaş zamanı əl zərbəsi nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə proses iştirakçılarının işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 39.1-ci maddəsinə əsasən Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs zərərçəkmiş şəxs ilə barışmışdır, ona görə İXM-nin 39.1-ci maddəsində nəzərdə tutulduğu qaydada iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Belə ki, zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, o barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilə hazırda barışmış, ona qarşı hər hansı şikayət və tələbi yoxdur, ona görə də iş üzrə icraata xitam verilməsinə etirazı yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Zərərçəkmiş şəxs ilə barışdığı üçün onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün hüquqi yardım haqqı 11 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Xırdalan şəhər vəkil bürosunun vəkili X4 müvafiq olaraq 33 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar