Məhkəmə qərarları › İş №3(012)-129/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-129/2022

14.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-129/2022 14.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Məhkəmə iclas katibi Behbudova Aytac Aşura qızının katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 221.1 və 452.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.1 və 452.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş 12.01.2022-ci il tarixli, MN ******* saylı “İnzibati xəta haqqında” protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Bu protokol və sənədlərdən görünür ki, Şəxsnə (VÖEN:**********) məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksində yerləşən pərakəndə satış obyektində 10.11.2022-ci il tarixdə dövlət qeydiyyatından keçməyən, sertifikatı olmayan dərman vasitələri, eləcə də həmin obyektdə əczaçı ixtisasına malik işçinin fəaliyyət göstərmədiyi aşkar olunmuşdur. Bununla da Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 221.1 və 452.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasına Şəxsnə və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Buna görə də məhkəmə Şəxs MMC-nin və səlahiyyətli orqanın nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şəxs MMC-yə ünvanlanmış 28.12.202-1ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY211702235 nömrəli çıxarışına və Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin 27.12.2021-ci il tarixli, 497 nömrəli qərarına əsasən Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksində yerləşən Şəxs MMC-yə məxsus 2021-ci il tarixində plan üzrə (növbəti) yoxlama aparılarkən sertifikatı olmayan dərman vasitələri aşkar edilmişdir. 31.07.2017-ci il tarixli lisenziyanın əlavəsindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, Hökümət evi) tərəfindən 13.05.2016-cı il tarixində İN/L-1204/2016 qeydiyyat nömrəsi ilə verilmiş lisenziya əsasında Şəxs MMC-yə məxsus (hüquqi ünvanı: Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ, Nizami Abdullayev küçəsi, ev 47, VÖEN **********) Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksi ünvanında dərman vasitələrinin parakəndə satışının həyata keçirilməsinə icazə verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza X1 Şəxs tərəfindən 10.01.2022-ci il tarixli, №5 nömrəli əczaçılıq müəssisələrinin plan üzrə (növbəti) yoxlama aktına əsasən bir sıra dərman vasitələrinin dövlət qeydiyyatı və sertifikatı olmadığı qeydə alınmışdır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.1 və 452.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddlər ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, "Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına, Azərbaycan Respublikası ərazisində istehsalına, satışına və istifadəsinə yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan sonra yol verilir. "Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması” Qaydalarında dərman vasitələrinin dövlət qeydiyyatı üçün müraciət edilməsi qaydası, dövlət qeydiyyatı üçün təqdim edilmiş sənədlərin ilkin ekspertizası, dövlət qeydiyyatı üçün təqdim edilmiş sənədlərin ixtisaslaşdırılmış ekspertizası, dövlət qeydiyyatı üçün təqdim edilmiş sənədlərin əlavə ixtisaslaşdırılmış ekspertizası və əlavə ixtisaslaşdırılmış ekspertizanın nəticələri üzrə qərarın qəbul edilməsi qaydaları müəyyən edilmişdir. Həmin Qaydaların 9.1-ci maddəsinə əsasən dərman vasitəsinin dövlət qeydiyyatına alınması haqqında qərar qəbul edildiyi halda, ərizəçiyə 15 təqvim günü ərzində qeydiyyat vəsiqəsi verilir. Həmin Qaydaların 9.2-ci maddəsinə əsasən bir dərman vasitəsinin bir neçə dərman forması eyni zamanda dövlət qeydiyyatına alındıqda, hər bir dərman formasına ayrıca qeydiyyat vəsiqəsi verilir. Həmin Qaydaların 12.1 -ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış dərman vasitələri Səhiyyə Nazirliyi tərəfındən "Azərbaycan Respublikasının dərman vasitələrinin reyestri" nə daxil edilir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-ə istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs MMC-ə istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1 və 452.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, yoxlama aktı, habelə digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 221.1 və 452.3-cü maddələri ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Belə ki, təqdim edilmiş sənədlərdən görünür ki, Fortum (1,0 mg)- 3 ədəd, Lamictal (50 mg N30)-0,5 hissəsi, Avamys (27,5 mg, 120)-01 ədəd, Norvası (10 mg №30)-0,5 hissəsi, Transamin (5*10)-0,6 hissəsi, Travacort (10,0 krem)-1 ədəd, Prednirolon (1*5)-1 ədəd, Sulpoxam foxain (2*10)-1 ədəd, Eypillyn (5*10)-1 ədəd, Lorap (50 mg №30)-1 ədəd dərman vasitələrinin Şəxs MMC-ə məxsus aptekdə operator işləyən şəxs tərəfindən qəbul etdiyi dərman vasitələri olması iş materiallarına əlavə olunmuş sənədlərlə öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 26.2-ci maddəsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 221.1-ci maddəsinə əsasən bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə, inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 221.1-ci maddəsində "az miqdar” dedikdə, min manatadək olan məbləğ başa düşülür. 452.3-cü maddəsinə əsasən Aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası İXM-in 26.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, «Dokta” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsi ilə inzibati məsuliyyətinə cəlb edilərək, tənbeh edilməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 5000 (beş min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri Fortum (1,0 mg)-3 ədəd, Lamictal (50 mg N30)- 0,5 hissəsi, Avamys (27,5 mg, 120)-01 ədəd, Norvası (10 mg №30)-0,5 hissəsi, Transamin (5*10)-0,6 hissəsi, Travacort (10,0 krem)-1 ədəd, Prednirolon (1*5)-1 ədəd, Sulpoxam foxain (2*10)-1 ədəd, Eypillyn (5*10)-1 ədəd, Lorap (50 mg №30)- 1 ədəd dövlət nəfinə müsadirə edilsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Bakı şəhəri Nizami rayon icra şöbəsinə həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar