Məhkəmə qərarları › İş №3(012)-1291/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1291/2023

07.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1291/2023 07.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMCin nümayəndəsi-vəkili X1 iştirakı ilə, Hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 496.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Hüquqi şəxs "xxxx" MMC-in Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, "xxxx" MMC-nin Şamaxı şossesi, 15-ci km (qeyd edilən gömrük bəyannamələrinin 27-ci qrafası) ünvanında yerləşən anbarında taxılyığan kombaynlar (sökülmüş halda) xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli 229 saylı Qərarına uyğun olaraq, müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda yerləşdirilmiş, lakin müəyyən edilmiş müddətin bitməsinə baxmayaraq, müvəqqəti saxlancda qalmış taxılyığan kombaynlar (sökülmüş halda) "xxxx" MMC tərəfindən digər gömrük proseduru altında rəsmiləşdirilməmişdir. Bununla da "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-in nümayəndəsi-vəkili X2 izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən protokol düzgün tərtib edilməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli gömrük bəyannamədən görünür ki, "xxxx" MMC-nin Şamaxı şossesi, 15-ci km (qeyd edilən gömrük bəyannamələrinin 27-ci qrafası) ünvanında yerləşən anbarında taxılyığan kombaynlar (sökülmüş halda) xx.xx.2023-cü il tarixdən buraxılaraq, müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda yerləşdirilmişdir. Lakin məhkəməyə təqdim edilmiş "xxxx" MMC barəsində inzibati materiallarda inzibati xətanın törədildiyi tarix xx.xx.2023-cü il tarix kimi qeyd olunmuşdur. Başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Protokolu tərtib etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və sonuncudan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs "xxxx" MMC barəsində inzibati xəta haqqında materiallar geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. Həmin qərarın 2.1-ci bəndinə əsasən müvəqqəti saxlanc bu Qaydalara uyğun olaraq müvəqqəti saxlanc anbarında həyata eçirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 179.1-ci maddəsinə əsasən malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri nəzərə alınmaqla, gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla gömrük orqanı tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı həmin müddəti bu Məcəllənin 179.2-ci maddəsinin göstərilən müddət çərçivəsində uzadır. Həmin Məcəllənin 179.3-cü maddəsində göstərilir ki, mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir. "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolda MMC-in 1 ədəd “S790” model taxılyığan kombayn (sökülmüş halda) yükü xx.xx.2023-cü il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qeyd edilsə də, məhkəmə iclasında tədqiq olunmuş, iş materiallarına əlavə edilmiş **********6918 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən bəyan edilən malın xx.xx.2023-cü il tarixdən müvəqqəti saxlnca götürülməsi, həmin tarixə qədər malın gömrük orqanının özündə saxlaması və qanunvericiliyin tələblərinə əsasən müvəqqəti saxlanc üçün müvəqqəti saxlanc anbarına buraxılmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edildi ki, "xxxx" MMC-nin Şamaxı şossesi, 15-ci km (qeyd edilən gömrük bəyannamələrinin 27-ci qrafası) ünvanında yerləşən anbarında 1 ədəd “S790” model taxılyığan kombayn (sökülmüş halda) yükü xx.xx.2023-cü il tarixdən buraxılaraq, müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda yerləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə tərtib edilərək məhkəməyə göndərilmiş inzibati xəta haqqında materiallar natamam olmaqla, işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin onu tərtib etmiş orqana qaytarılması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və materiallar qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar