Məhkəmə qərarları › İş №3(012)-1292/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1292/2025

30.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1292/2025 30.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, İnzibati tənbeh vermə barədə protokol tərtib etmiş: Abşeron RPİ-nin İTŞ-nin Saray PB-nin polis sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs, Müdafiəçi: Xırdalan şəhər Vəkil bürosunun vəkili Vəkil iştirakı ilə xx.xx.1994-cü ildə Çernisniy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Polis İdarəsindən daxil olmuş 30 may 2025-ci il tarixli MN ******* saylı saylı inzibati xəta haqqında protokolda Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi qeyd edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİnin İTŞ-nin Saray PB-nin polis sahə rəisi, polis kapitanı X2 izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində ictimai yerdə, yəni küçədə birgə davranış qaydalarını pozaraq nalayiq ifadələr işlətmiş, polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, qeyd olunan tarixdə gecə radələrində spirtli içki qəbul etmişdir. Araz marketin içində tanımadığı şəxslə çiyin-çiyinə toqquşduğu üçün aralarında anlaşılmazlıq olmuş və mübahisə yaranmışdır. Daha sonra marketdən çölə çıxıb həmin şəxslə sözlü mübahisə edən zaman polis əməkdaşları ona yaxınlaşmış və onları polis bölməsinə aparmışdırlar. Polis əməkdaşlarına qarşı heç bir nalayiq ifadə işlətməmiş, onların bütün tələblərinə tabe olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kərimov Emin Vəkil oğlu izahatında bildirmişdir ki, Araz marketin daxilində tanımadığı şəxslə çiyin-çiyinə toqquşmuş və hər ikisi spirtli içki qəbul etdiyi üçün aralarında anlaşılmazlıq olmuş və mübahisə etmişdirlər. Marketdən çıxıb marketin qapısının qarşısında mübahisəyə davam edən zaman polis əməkdaşları onlara yaxınlaşmış və polis bölməsinə dəvət etmişdirlər. Hadisə zamanı birbirinə qarşı nalayiq ifadələr işlətməmiş, polis əməkdaşlarına qarşı heç bir qanunsuz hərəkət etməmişdirlər. Məhkəmədə müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin əməlində polis əməkdaşlarına qarşı heç bir tabesizliklə əhatə olunan əməlin olmadığını bildirərək barəsində tərtib olunmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə tərtib edilmiş protokolla əlaqədar sonuncunun polis əməkdaşlarının qanuni tələbini qəsdən pozmasına yönələn hərəkətlərinə yol verməsini sübuta yetirən hər hansı bir mötəbər və tutarlı dəlil məhkəməyə təqdim edilmədiyindən, əksinə polis əməkdaşları ilə razılaşaraq onlarla birlikdə polis idarəsinə getdiyindən və nəticə olaraq onun həmin əməli törətməsi sübuta yetirilmədiyindən həmin maddə ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli olduğu qənaətindədir. Məhkəmə Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə tərtib edilmiş protokolla əlaqədar isə məhkəmə hesab edir ki, şəxsin əməlində inzibati xətanın tərkib əlamətləri vardır, belə ki, Şəxs digər şəxslə mübahisə etmiş və ictimati qaydanı pozmuşdur, sonuncuya inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, əməlindən peşman olmasını, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etməyin mümkün olduğunu, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına 4 saat olmaqla hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil cəmi 44 manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 75 (yetmiş beş) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına 4 saat olmaqla hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil cəmi 44 manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan surəti rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar