Məhkəmə qərarları › İş №3(012)-13/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-13/2024

11.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-13/2024 11.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.1, 239, 264.0.1 və 275.1.1-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Abşeron rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 234.0.1, 239, 264.0.1 və 275.1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 02 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxsnə məxsus anbar binasının tikintisinə dair RETSİ-nin DETX-nin müvafiq rəyinin alınmaması, çirkab sularının gölə axıdılması, atmosfer havasına atılan zərərli maddələrə dair xüsusi icazə sənədinin alınmaması və müəssisəsinin ətraf mühütə təsirinin uçot hesabının aparılmaması nəticəsində hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 234.0.1, 239, 264.0.1 və 275.1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi müəyyən edilmişdir. İlkin məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Taleh Əzizov protokolu müdafiə edərək,, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 234.0.1, 239, 264.0.1 və 275.1.1-ci maddələri ilə məsuliyyətə cəlb edilməsini xahiş etmişdir İlkin məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş Elmar Musayev məhkəmə iclasında vermiş olduğu izahata əsasən ekoloji ekspertiza rəyində göstərilmiş müəyyən şərtlərin yoxlanması barədə göstəriş verildiyini, həmin rəyin icra vəziyyəti yoxlanarkən qeyd olunan şərtlərə əməl olunmamasının aşkar olunduğunu bildirmişdir. Aşkar olunmuş faktların olması barədə Şəxsnə bildiriş göndərilərək, həmin ərazidə olan tikintinin onlara məxsus torpaq sahəsində aparılıb-aparılmaması barədə müvafiq sənədlərin təqdim olunması barədə xəbərdarlıq edilmişdir. Həmin sənədlərin müəyyən hissəsi sosial şəbəkə vasitəsindən, müəyyən hissəsi isə nümayəndə vasitəsi ilə idarəyə təqdim edilmişdir. Həmin sənədlərdə tikinti aparılan ərazidə uyğunsuzluq aşkar olunduğu və çirkab suların idarə edilməməsi ilə bağlı hər hansı tədbirlər görülmədiyi üçün xx.xx.2023-cü il tarixdə aktın tərtib olunmasına başlanmış, 02 noyabrda 2023-cü il tarixdə başa çataraq MMC barəsində tərəfindən protokol tərtib edilmişdir. İlkin məhkəmə iclasında iştirak edən Şəxs nümayəndəsi Rafiq Atakişiyev inzibati xəta haqqında protokolla razılaşmadığını, protokolun qanunsuz və əsassız olduğunu bildirərək, hazırki iş üzrə materiala baxılmasının qeyri-mümkün olduğu bildirmişdir. Belə ki, inzibati xəta haqqında tərtib edilmiş protokolda inzibati xətanın törədildiyi vaxt (saat) göstərilməmiş, bu xətanın mahiyyəti təfərrüatlı aydınlaşdırılmamış, inzibati xəta haqqında materiala inzibati araşdırma zamanı barəsində inzibati xətaya dair icraat aparılan hüquqi şəxsin nümayəndəsi dəvət edilərək müvafiq qaydada izahatının alınmasına dair hər hansı sənəd və ya sübut əlavə edilməmiş, bundan əlavə, barəsində inzibati xətaya dair icraat aparılan hüquqi şəxsə tərtib edilmiş inzibati xəta haqqında protokolun surəti təqdim edilməmişdir. Eyni zamanda tərtib edilmiş protokolda qanuni təmsilçinin izahat verməkdən imtina etməsi barədə qeyd edilmişdir. Lakin qanuni təmsilçinin inzibati icraat aparılan zaman iştirakı təmin olunmamışdır. Həmçinin qanuni təmsilçi protokol tərtib edilərkən orda olmamış, hər hansı izahatın alınması barədə ona məlumat verilməmişdir. Eyni zamanda protokolun imzalar bölməsində inzibati orqan iştirakını təmin etmədiyi hüquqi şəxsin qanuni təmsilçisinin imtina etməsi qənaətinə gəlmişdir. Bununla yanaşı xx.xx.2023-cü il tarixli aktla hüquqi şəxsin qanuni təmsilçisinin işirakı təmin edilməmiş, aktla tanış edilməmiş, eləcə də aktı təsdiq yerində iştirakı təmin olunmayan hüquqi şəxsin qanuni təmsilçisinin aktı imzalamaqdan imtina etdiyi qeyd olunmuşdur. Ən əsası isə qeyd edilən inzibati xətaların törədilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə Şəxs MMC-nin 01 saylı əmrinə əsasən MMC-nin Məhəmmədi anbarı üzrə Məşğulluq təsnifatı üzrə Departament rəisi X1 xx.xx.2022-ci il tarixdən baş verə biləcək bütün mülkü və inzibati xəta təşkil edən hüquqpozmalara görə məsul şəxs təyin edilərək, tam maddi məsuliyyət daşıması nəzərdə tutulmuşdur. Qeyd edilənlərin nəzərə alınıb Şəxs barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 02 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2024-cü il tarixə, saat 15:00-a təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə proses iştirakçılarına rəsmi məlumat verilsə də, lakin məhkəmə iclasına nümayəndələrini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli 82666 saylı aktından görünür ki, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Məhəmmədi qəsəbəsi ərazisində Şəxs MMCyə məxsus anbar sahəsinin fəaliyyətinə dair X3 Agentliyinin 22.08.22-ci il tarixli ER-22/906 saylı rəyinin icra vəziyyəti araşdırılmış, anbar sahəsinin yerləşdiyi əraziyə baxış keçirilərkən müəssisədə formalaşan çirkab sularının yaxınlıqdakı gölə axıdıldığı ərazidə mövcud tikililərdən əlavə X3 Agentliyinin müsbət rəyi olmadan yəni, tikililərin inşa olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 20 oktyabr 2023-cü il tarixli, inzibati xətalar haqqında işlər üzrə bildirişdən görünür ki, Şəxs MMC-nin qanun pozuntuları ilə əlaqədar barəsində başlanmış inzibati araşdırma ilə əlaqədar Şəxs MMC-nin nümayəndəsi qismində 30 oktyabr 2023-cü il tarixdə saat 10:00-da İdarəsinə çağırılmışdır. Şəxs MMC-nin 01 saylı əmrinə əsasən MMC-nin Məhəmmədi anbarı üzrə Məşğulluq təsnifatı üzrə Departament rəisi X1 xx.xx.2022-ci il tarixdən baş verə biləcək bütün mülkü və inzibati xəta təşkil edən hüquqpozmalara görə məsul şəxs təyin edilərək, tam maddi məsuliyyət daşıması nəzərdə tutulmuşdur. xx.xx.2023-cü il tarixli, 3-14-43-/2-967/2023 saylı məktubuna əsasən hüquqi şəxs Şəxs barəsində tərtib edilmiş 02 noyabr 2023-cü il tarixli, MN ******* saylı protokol baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 02 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibiin bütün digər əlamətlərni daşıyan əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Şəxs MMC-nin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol qanunvericiliyin tələbinə uyğun tərtib olunmamışdır. Belə ki, məhkəmə araşdırılması zamanı tərtib olunmuş protokolda barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin qeyd olunan maddələrlə ilə xəta törətməsi göstərilsə də, lakin MMC-nin 01 saylı əmrindən görünür ki, xx.xx.2022-ci il tarixdən X1 MMC-nin Məhəmmədi anbarı üzrə inzibati xəta təşkil edən hüquqpozmalara görə məsul şəxs təyin edilmişdir. Belə olduqda 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi inzibati xətaya səbəb olmuş protokolu Şəxs MMC barəsində deyil, X1 barəsində tərtib etməli idi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1-ci maddəsinə əsasən hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2-ci maddəsinə əsasən hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3-cü maddəsinə əsasən hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Belə ki, istinad olunan maddələrin dispoziyasından da göründüyü kimi inzibati xəta haqqında protokol tərtib edilənədək və edildikdən sonra belə Şəxs MMC tərəfindən törədilməsinə istinad edilən inzibati xətaların həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilməsi öz təsdiqini tapmamışdır. Bundan əlavə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati xəta hadisəsinin kim tərəfindən törədilməsi araşdırılmalı və həmin əmələ hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır Məhkəmə iş materiallarında toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata hüquqi şəxsin inzibati xəta törədilməsinə aidiyyəti sübut olunmadığından iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan sənədlərdən də göründüyü kimi inzibati xətanın Şəxs MMC tərəfindən deyil, hüquqpozmalara görə məsul vəzifə daşıyan vəzifəli şəxs tərəfindən törədilməsi üçün əsaslı şübhələr mövcuddur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 49-51, 114-115, 117,129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 234.0.1, 239, 264.0.1 və 275.1.1-ci maddələri ilə başlanılmış inzibati iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar