Məhkəmə qərarları › İş №3(012)-1300/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1300/2025

05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1300/2025 05.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən Abşeron rayon Məhkəməsinin hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı baxılmağa hazırlanması zamanı nəzərdən keçirərək, müəyyən etdim: Abşeron rayon Polis İdarəsindən daxil olmuş 15 may 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs tərəfindən Abşeron rayonu, Masazr qəsəbəsi ərazisində fəaliyyət göstərən su istilik quraşdırma firmasında formalaşan çirkab suların kənara tətinatsız axıdılması müəyyən edilmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, inzibati xəta haqqında material protokol tərtib edən orqana geri qaytarılmalıdır Belə ki, Abşeron rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş 15 may 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs törətməsi ehtimal edilən inzibati xətanın mahiyyəti göstərilməmişdir. Qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə görə inzibati xətanın mahiyyətinin dəqiq göstərilməsi zəruri olan mühüm əhəmiyyətə malik amillərdən biridir. Çünki şəxsin məsuliyyətə cəlb edilə bilməsi məsələsi yuxarıda göstərilən amilin dəqiq şəkildə iş materiallarında öz əksini tapmasından asılıdır. Bundan başqa, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən sonuncunun izahatı alınmamışdır. Halbuki qanunvericilik inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin izahatının göstərilməsini imperativ norma kimi müəyyən etmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində Rayon (şəhər) məhkəmələrinin həmin Məcəllənin müvafiq maddələri ilə inzibati xətalar haqqında işlərə baxılmasını aidiyyəti məsələsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.3-cü maddəsinə əsasən bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2017-ci il tarixli, 1256 nömrəli fərmanının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxma səlahiyyəti Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilmişdir. Sadalananlara əsasən qeyd etməyi zəruri hesab edirəm ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada rayon (şəhər) məhkəmələri tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxılsa belə, inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda və ya iş materiallarında (həmin orqan tərəfindən şəxs barəsində tənbeh vermə haqqında qərarın qəbul edilməsi halı mümkün olmadıqda) inzibati xəta haqqında materialın hansı səbəbə məhkəməyə göndərilməsi göstərilməlidir. Çünki qanunvericilik bu halı imperativ norma kimi göstərməklə icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan tərəfindən inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolun baxılması üçün məhkəməyə göndərilməsini müəyyən etmişdir. Lakin iş materiallarında həmin hallarla bağlı heç bir sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. Ona görə də, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun geri qaytarılması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 3 may 2019-cu il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, protokolda xüsusi əhəmiyyət kəsb etməyən səhvlər olduqda və işə baxılarkən onları tamamlamaq mümkün olduqda məhkəmə protokolu geri qaytarmamalıdır. Bu zaman məhkəmə protokolu və ya digər sənədləri tərtib etmiş orqandan, vəzifəli şəxsdən bunu düzəltməsini tələb edə bilər. Bu, İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərindən də irəli gəlir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericinin məsələyə belə yanaşması məhz “prosessual qənaət” prinsipinin qorunmasına, inzibati xəta haqqında işin əsassız olaraq uzanmamasına, işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırılmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. Beləliklə, işin təsvir edilmiş hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş 15 may 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən iş materialları ilə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə tərtib edilmiş 15 may 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Abşeron rayon Polis İdarəsinə geri qaytarılsın. Qeyd olunan qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar