Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1303/2021 31.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızı, Məhkəmə iclas katibi Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs qızı və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil, İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 iştirakı ilə, xx.xx.1956-cı ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Xırdalan şəhəri,Heydər Əliyev prospekti, 6 RPİ ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında müvəqqəti yaşayan Şəxs qızı barəsində Abşeron rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs qızının inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 protokolu müdafiə edərək bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1040/2020 saylı, 09.06.2020-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs qızından 23019(iyirmi üç min on doqquz) manat məbləğində pulu tələbkar X1 xeyrinə ödəməmişdir. Cavabdeh Şəxs qızı icra sənədlərinin icrasından yayınaraq borcu ödəməkdən müxtəlif bəhanələrlə imtina edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də, icra məmuru, borclu Şəxs qızının barəsində inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs qızı bildirdi ki, icra sənədi üzrə borcu ödəməkdən imtina etmir. O hətta icra şöbəsinə yazılı müraciət etməklə tələbkarın hesab nömrəsini istəmiş və borcunu hissə-hissə olmaqla ödəməyə hazır olduğunu bildirmişdir. Ona verilən könüllü icra müddəti ərzində tələbkarın hesab nömrəsini bilmədiyi üçün Abşeron rayon İcra və Probasiya şöbəsinin depozit hesabına ilkin olaraq 300 manat məbləğində pul ödənmişdir. O fərdi əməklə məşğul olur, Covid -19 xəstəliyini ağır keçirməsi və pandemiya ilə bağlı işləri bir qədər ləngimişdir, hazırda yenicə işlərini qaydaya salmışdır, ona görə də qalan borcunu qısa müddətdə ödəməyə söz verir və məhkəmədən barəsində iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçisi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qızı ilə eyni məzmunlu ifadə verdi, məhkəməyə 300 manat ödənilməsinə dair qəbzi, Abşeron rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış məktubun surətini təqdim etdi və Şəxs barəsində inzibati icraata xitam verilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs qızı əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Abşeron rayon məhkəməsinin 2(012)-1040/2020 saylı, 09.06.2020-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs qızından 23019(iyirmi üç min on doqquz) manat məbləğində pulun tələbkar X1 xeyrinə ödənilməsi qət olunmuşdur. İş materiallarından görünür ki, 2(012)-1040/2020 saylı, 09.06.2020-ci il tarixli icra vərəqəsi 02 avqust 2021-ci il tarixdə qüvvəyə minmişdir. İş materiallarında olan 06.08.2021-ci il tarixli qərardan görünür ki, Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 rayon məhkəməsinin 2(012)-1040/2020 saylı, 09.06.2020-ci il tarixli icra sənədi üzrə icraat başlanmış və borclu Şəxs 10 gün könüllü icra müddəti verilmişdir. İş materiallarında olan Şəxs qızının izahatından görünür ki, Abşeron rayon məhkəməsinin icra vəraqəsinin könüllü icrası ilə bağlı olaraq 300 manat ödəniş etmişdir və qalan borcunu ayda müəyyən hissələr şəklində ödəməkdən imtina etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, inztibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Şəxs qızı İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün əsas vermir. Belə ki, Abşeron rayon məhkəməsinin 2(012)-1040/2020 saylı, 09.06.2020-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs qızından 23019(iyirmi üç min on doqquz) manat məbləğində pulun tələbkar X1 xeyrinə ödənilməsi qət olunmuşdur. İş materiallarından görünür ki, 2(012)-1040/2020 saylı, 09.06.2020-ci il tarixli icra vərəqəsi 02 avqust 2021-ci il tarixdə qüvvəyə minmişdir. Abşeron rayon məhkəməsinin icra sənədi üzrə 06.08.2021-ci il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru X6 icraat başlanmış və borclu Şəxs 10 gün könüllü icra müddəti verilmiş və 12.08.2021-ci il tarixdə borcluya təqdim olunmuşdur. Könüllü icra müddəti 22.08.2021-ci il tarixdə bitmişdir. Borclu 27.08.2021-ci il tarixdə könüllü olaraq Abşeron rayon İcra və Probasiya şöbəsinin depozit hesabına 300 manat ödəniş etmiş, könüllü olaraq borcu hissə-hissə ödəməyə hazır olduğuna dair və tələbkarın bank hesabı rekvizitlərini nömrəsi ilə bağlı icra məmuruna yazılı müraciət etmişdir. Abşeron rayon İcra və probasiya şöbəsi könüllü icra müddətindən cəmi 9 gün sonra heç bir icra tədbiri görmədən birbaşa borclu barəsində inzibati xəta haqqında protokol tərtib etməklə işini bitmiş hesab etmişdir. Məhkəmə hesab edir ki, Şəxs qızının inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktı olmalıdır ki, materialda belə bir xüsusata rast gəlinmir. 2016-cı il 1 mart tarixində qüvvəyə minmiş İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə müvafiq inzibati tənbeh (cərimə və ya inzibati həbs) tədbirlərinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.5-ci maddəsinin və “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2008-ci il 15 fevral tarixli Qərarında göstərilmişdir ki, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin quruluşunda qanunverici tərəfindən inzibati preyudisiyadan istifadə olunmuşdur. Həmçinin inzibati məsuliyyətdən sonra borclunun hüquqazidd davranışı davam etdiyi halda onun cinayət məsuliyyətinə cəlb olunması, bunun məhz Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq orqana, məhkəmə icraçıları qurumunun rəhbərinin təqdimatı əsasında mümkünlüyü müəyyən olunmuşdur. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu bildirmişdir ki, cinayət qanunvericiliyində inzibati preyudisiya, bir tərəfdən əməlin lazımsız kriminallaşdırılmasını istisna edir, digər tərəfdən isə analoji hüquq pozuntusuna görə şəxsi inzibati məsuliyyətə cəlb etmək vasitəsi ilə cinayətlərin qarşısının alınmasına imkan yaradır. Bu halda, inzibati tənbeh təkcə inzibati hüquq pozuntusu ilə deyil, həm də cinayətlə mübarizədə hüquqi vasitə hesab edilir. Belə ki, inzibati pozuntu törətmiş və buna görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilir. İnzibati məsuliyyətə cəlb edilmənin nəticəsiz qalması, bu inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir. Belə olan halda, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilir. İnzibati tənbehin icrası zamanı və qanunla nəzərdə tutulmuş icradan sonrakı müddət şəxsin inzibati məsuliyyətə cəlb olunmuş hesab edildiyi müddətdir. Bu müddət ərzində şəxsin yeni inzibati xəta törətməsi faktı onun üçün hüquqi xarakterli mənfi nəticələr (inzibati məsuliyyəti ağırlaşdıran hal və daha ciddi inzibati tənbehin tətbiqi üçün tövsifedici əlamət) yarada bilər. İnzibati tənbehin ödənilməsi müddəti sınaq müddəti hesab edilir və bu müddətdə məsuliyyətə cəlb olunmuş şəxs özünün islah olunmasını sübut etməlidir (“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il 18 dekabr tarixli Qərar). Beləliklə, “İcra haqqında” Qanunun 82-ci maddəsi icra məmurunun üzərinə məhkəmə qərarının icra edilməsi üçün görülmuş tədbirlər nəticə vermədiyi hallarda borclunun ilk növbədə inzibati məsuliyyətə, icra sənədi qərəzli olaraq icra edilmədikdə isə cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görmək vəzifəsini qoymuşdur. Konstitusiya Məhkəməsinin Plenumu hazırkı müraciətlə bağlı vurğulayır ki, İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. Məhkəmə araşdırmasında icra sənədi üzrə könüllü icra müddətindən cəmi 9 gün keçməsi, icra məmurunun məhkəmə qərarının icrası üçün heç bir tədbir görmədiyi müəyyən edilmişdir. Belə olan halda, Şəxs qızının icra məmurunun qanuni tələbini qəsdən yerinə yetirməməsi sübuta yetmir, buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilməlidir. İnzibati xəta törədən şəxs Şəxs qızına məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü, 105-115 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs qızı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilsin. İnzibati xəta törədən şəxs Şəxs qızına məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1303/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1303/2021
31.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver