Məhkəmə qərarları › İş №3(012)-1310/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1310/2021

01.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1310/2021 01.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızı, Vəliyeva Nərmin Elçin qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin Qobu PB-nin sahə rəisi, polis kapitanı Rüstəm Məmmədovun, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Lənkəran rayonu, Yuxarı-Nüvədi kəndində qeydiyyatda olan, Abşeron rayonu, 28 may yaşayış massivi, yeni məhəllədə yaşayan (***-***-**- **) Şəxs barəsində Abşeron Rayon Polis İdarəsinin Qobu PB-dən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-nin Qobu PB-nin sahə rəisi, polis kapitanı Rüstəm Məmmədov tərəfindən tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin sahə rəisi, polis kapitanı Rüstəm Məmmədov bildirdi ki, Şəxs 14.07.2021-ci il tarixdə Abşeron rayonu, Müşfiqabad qəsəbəsi, 28 May küçəsi, nömrəsiz evdə yaşayan gəlini X4 dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Belə ki, 14.07.2020-ci il tarixdə, Abşeron rayonu, Müşviqabad qəsəbəsi, yeni məhəllədə, yaşadıqları evdə olan zaman X6 qaynanası Şəxs arasında ailə- məişət münasibətləri zəminində mübahisə yaranmış və bu mübahisə zamanı sonuncu əl zərbələri ilə müraciət müəllifinin sifət və baş nahiyələrinə bir neçə dəfə zərbə vurmaqla ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X6 izahatında bildirdi ki, 01.07.2021-ci il tarixdə X3 ilə ailə həyatı qurmuş və sonuncunun Abşeron rayonu, Müşfiqabad qəsəbəsi, 28 May küçəsində valideynləri ilə birlikdə yaşadığı evə köçmüşdür. O, evləndiyi gündən qaynanası Əminə Hüseynova ona əzab verir, səhər saat 06 radələrində yuxudan oyadır və gecə saat 02 radələrində yatmasına icazə verir. 10.05.2021-ci il tarixdə yaşadıqları evədə olduqları zaman qaynanası ondan çay istəmişdir. Həmin vaxt o, çay soyuq olduğuna görə qaz sobasının üzərinə qoymuş, lakin başı qarışıq olduğuna görə çayın qaynamasma fikir verməmişdir. Bu səbəbdən qaynanası onun sol qolunu çayın buxarının üstünə tutmuş, nəticədə buxar onun qolunu yandırmışdır. Lakin o, bu barədə heçkimə məlumat verməmişdir. Bu müddət ərzində qaynanası Əminə onun ünvanına nalayiq ifadələr işlətmiş və üstünə hücum etmişdir. 14.07.2021-ci il tarixdə saat 16 radələrində qaynanası Əminənin qardaşı qızları Samirə, Lalə və Nərmin onların evinə qonaq gəlmişdir. Həmin vaxt qaynanası ondan qardaşı qızı Samirəyə pomidor yumurta bişirməsini istəmiş, o isə əlində gördüyü işi 5 dəqiqəyə bitirib bişirəcəyini demişdir. Bundan sonra onun bu sözlərindən əsəbləşən qaynanası Əminə onun üzərinə hücum edərək əlindəki bıçağı onun boğazına tutmuşdur. Həmin vaxt o, sonuncudan bıçağı almaq istədiyi zaman bıçaq onun sağ qoluna, sağ əlinin dördüncü barmağının üst hissəsinə xəsarət almışdır. Buna baxmayaraq Əminə sakitləşməmiş və onun bədəninin müxtəlif nahiyyələrinə əl və təpik zərbələri vuraraq onu döymüşdür. Sonra o, bacısına zəng edib onu oradan aparmasını xahiş etmiş, sonuncuda gəlib onu valdeyinlərinin evinə aparmışdır. İzahatının sonunda X1 Əminə Rəhman qızı barəsində müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, oğlu X5 01.07.2021 -cil il tarixdən Nazan Məmmədova ilə evlənib Abşeron rayonu 28 may yaşayış massivində yerləşən fərdi yaşayış evində yaşayıblar. Nazan evə gəldiyi gündən özünü qoçaq, bacarıqlı, işgüzar və tərbiyəli aparmışdır. Aramızda heç vaxt mübahisə olmamışdır. 05.07.2021-ci il tarixdə o, Nazam paltar almaq üçün onunla Müşfıqabad qəsəbəsinə getməsini, evdən gətirdiyi paltarların açıq-saçıq olması səbəbindən geyinməsinə icazə verməyib onunla gedərkən idman kostyumu geyinməsini tövsiyə etmişdir. O da idman kostyumu geyinmək istəməyib evdə münaqişə yaratmış, səs-küy salıb sonra isə bacısını çağırmışdır. O, da Nazanın bacısına zəng edib gəlməsinə ehtiyac olmadığını desə də onun bacısı Gülarə və xalası qızı onlara gəlib münaqişə yaratmışdır. Bununla da kifayətlənməyib Nazanın bacısı onun başının xəstə olduğu üçün müalicəyə ehtiyacı olduğunu deyərək onu təhqir etmişdir. 14.07.2021-ci il tarixdə qardaşı qızları Samirə, Lalə və Nərminlə birlikdə Nazanı paltar almağa aparmışdır. Birlikdə paltar alıb qayıtdıqdan sonra Nazan gedib yatmış, oyanandan sonra sonuncudan yemək bişirməsini xahiş etmişdir. Lakin, Nazan yemək bişirmək əvəzinə telefonla yazışmışdır. Bundan sonra o, ikinci dəfə Nazandan yemək bişirməsini tələb etdikdə telefonla danışmağa davam etmiş, o irad bildirəndə isə qışqıraraq “sən kimsən mənə söz deyirsən, cəhənnəm ol burdan?!” sözlərini deyib onu itələmişdir. O, da Nazanın qollarından tutub silkələmiş, lakin bıçaqla sonuncuya xəsarət yetirməmişdir. Sonra Nazan bacısına zəng edib evlərinə gəlməsini gəlməsə özünü öldürəcəyini demişdir. Bundan sonra bacısı da onların yaşadığı evə gəlmiş və münaqişə yaradaraq Nazan Məmmədovanı aparmışdır. O, əlavə olaraq aralarındakı münaqişənin 30-40 dəqiqə davam etdiyini, qarşı tərəfə hər hansı bir formada xəsarət yetirmədiyini, eyni zamanda gəlini Nazanın qol nahiyyəsindən aldığı yanıq xəsarətini öz ehtiyatsızlığından aldığını bildirmişdir. Sonda o, inzibati xəta törətməkdə özünü təqsirli bilərək izahatında bildirdi ki, o, etdiyi əməlindən səmimi peşmandır. Məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış etmiş müdafiəçi Vəkil Sadiq oğlu bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində yüngül inzibati tənbeh tədbiri verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş 25 iyul 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan aydın olur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş məhkəmə tibbi ekspertizasının 23.07.2021-ci il tarixli, 1577 nömrəli rəyindən görünür ki, 1990-ci il təvəllüdlü X2 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ bazunun, sağ budun qançırları, döş qəfəsinin ön səthinin sıyrıqları küt əşya təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 14.07.2021ci il tarixdə, dava-dalaş nəticəsində əmələ gələ bilərdi; sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri işdə iştirak edən şəxslərin izahatları və iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs cərimə növündə tənbeh tətbiq edilməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Lənkəran rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar