Məhkəmə qərarları › İş №3(012)-1311/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1311/2020

03.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1311/2020 03.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs, Abşeron rayon Polis idarəsinin sahə rəisi polis mayoru X1 iştirakı ilə xx.xx.2000-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Xətai rayonu, Keşlə qəsəbəsi, Yeni məhəllədə ünvansız evdə yaşayan Şəxs barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs xx.xx.2020-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsindən tanışı Zərərçəkmiş şəxs məxsus 500 (beş yüz) manat pulu gizli yolla oğurlamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati protokolu tərtib etmiş, Abşeron rayon Polis İdarəsinin sahə rəisi, polis mayoru X2 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri Ə.Nəvai küçəsində ünvansız evdə yaşayan Zərərçəkmiş şəxs polis idarəsinə ərizə ilə müraciət edərək, xx.xx.2020-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsində ona məxsus 500 (beş yüz) manat pulu oğurlanması barədə şikayət etmişdir. Həmin şikayət əsasında Abşeron rayon polis idarəsində araşdırma aparılmış, qeyd olunan oğurluğun Bakı şəhəri, Xətai rayonu, Keşlə qəsəbəsi, Yeni məhəllədə ünvansız evdə yaşayan Şəxs törətməsi müəyyən edilmişdir. Abşeron rayon Pİ-nin İŞ-nin cinayət işinin başlanmasının rədd olunması haqqında qərarlara əsasən Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün İTŞ-nə göndərilmişdir. Bununla əlaqədar araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, qeyd olunan oğurluq əməlini törətmişdir. Pula ehtiyacı olduğundan qeyd olunan oğurluğu etmişdir. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması özünün izahatı, cinayət işinin başlanmasının rədd olunması haqqında qərarları və işdə olan digər sübutlarla təsdiq olunmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş inzibati qaydada tutma haqqında AZA № 002119 saylı protokoldan müəyyən edilir ki, Şəxs xx.xx.2020-ci il tarixdən saat 16:40-da inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İinzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, onun törətdiyi inzibati xətanın xarekterini, şəxsiyyətini, zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq, hesab edir ki, onun barəsində inzibati həbs tədbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 01 (bir) ay 15 (on beş) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən saat 16:40-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar