Məhkəmə qərarları › İş №3(012)-1319/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1319/2021

17.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1319/2021 17.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, barəsində inzibati icraat aparılan Şəxs oğlunun iştirakı ilə, xx.xx.1983-cü ildə Naxçıvan MR-da anadan olmuş, evli, Naxçıvan MR, Şərur rayonu, Ələkli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı nömrəsiz fərdi evdə yaşayan Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsindən daxil olmuş materiala baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası DİN-yi İ Tağım YPX inspektoru polis baş serjantı X13 tərəfindən 24 avqust 2021-ci il tarixli İXP ******* saylı protokol tərtib edilmişdir. Şəxs oğlu 24 iyul 2021-ci ildə saat 14 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 11-ci kilometrində idarə etdiyi DAF FTXF 105 yük markalı 99RV287 dövlət qeydiyyat nişanlı avtomobillə 4 zolaqlı yolun sağdan 2-ci zolağı ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən düzgün ara məsafəsi saxlamayıb yol hərəkəti qaydasını pozaraq avtomobilin qabaq sağ tin hissəsi qarşıda eyni istiqamətdə sağ zolaqla hərəkətdə olan X5 idarə etdiyi TOYOTA PRİUS (HİBRİD) minik markalı 99VX456 dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol tin hissəsi ilə toqquşmuş, zərbədən TOYOTA PRİUS HİBRİD) minik markalı avtomobil idarəetmədən çıxıb fırlanaraq sola istiqamətlənilmiş yolayrıcı metal çəpərin qarşısında dayanmış Nəsibov -Vasif Nurəddin oğluna məxsu MERCEDES BENZ E 200 minik markalı 99BC629 dövlət qeydiyyat nişanlı avtomobili qabaq sağ tin hissəsinə çırpılmış, nəticədə TOYOTA PRİUS (HİBRİD) minik markalı avtomobildə olan sərnişin X1 yüngül zərər vuran xəsarət almış və avtomobillər əzilərək sahiblərinə maddi ziyan dəymişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs oğlunun elan olunmuş ifadəsindən görünür ki, Nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ vardır və ona 26.05.2021-ci ildə 26.05.2031-ci ilədək etibarlı olan «B1.B.C1.C.BE.C1E.CE» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. 24 iyul 2021-ci ildə saat 14 radələrində Bakı- Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 11-ci kilometrində etibarnamə ilə idarə etdiyi X6ma məxsus DAF FTXF 105 yük markalı 99RV287 dövlət qeydiyyat nişanlı qoşqulu avtomobillə yüksüz və sərnişinsiz yolun sağ zolağı ilə Bakı şəhəri istiqamətində 60-70 km/saat sürətlə hərəkət etdiyini bildirmişdir. Bu anda hiss etmişdir ki, idarə etdiyi avtomobilin qabaq sağ tin hissəsi nəyəsə dəydi və o dərhal tormoz etmişdir. Baxıb görmüşdür ki, idarə etdiyi avtomobilin qabağından sol tərəfə TOYOTA PRİUS (HİBRİD) minik markalı 99VX456 dövlət qeydiyyat nişanlı avtomobil fırlana-fırlana gedir. O, tormoz etdikdən sonra avtomobili bir qədər irəlidə dayandı, TOYOTA PRİUS (HİBRİD) minik markalı avtomobil isə yolayrıcı metal çəpərin qarşısında dayanmış MERCEDES BENZ E 200 minik markalı 99BC629 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ tin hissəsinə çırpıldı. Hadisə nəticəsində öz avtomobilinin də əzilərək maddi ziyan dəyməsini, xəsarət almadığını və sərxoş olmadığını bildirmişdir. Məhkəmə tibbi ekspertizasının 14.08.2021-ci il tarixli 1768 №-li rəyinə əsasən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X2 yüngül zərər vuran xəsarət alması müəyyən edilmişdir. 16 avqust 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, həmin yol nəqliyyat hadisəsi sürücü X7 ehtiyatsızlığı nəticəsində baş verməklə başqa şəxslərin sağlamlığına az ağır və ya ağır zərər dəymədiyindən, əməlində Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin tərkib yoxdur, ona görə də material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Lakin sürücü X11 düzgün ara məsafəsi saxlamayıb yol hərəkəti qaydasını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurduğuna görə barəsində İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh görülməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə proses iştirakçılarına lazımı qaydada məlumat verilsə də,digər tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi özünün etirafedici izahatı, İ Tağım YPX inspektoru polis baş serjantı X13 tərəfindən tərtib edilmiş 24 avqust 2021-ci il tarixli İXP ******* saylı protokol və digər iş materialları ilə sübuta yetirilir. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs oğlunun inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs oğlunun şəxsiyyətini, onun təqsirinin dərəcəsini, maddi və ailə vəziyyətini nəzərə alır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs oğlunun əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi üçün mülki qaydada şikayət vermək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi üçün mülki qaydada şikayət vermək hüququ izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə Abşeron Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən:Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar