Məhkəmə qərarları › İş №3(012)-132/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-132/2022

18.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-132/2022 18.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Məmmədovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Xırdalan şəhər Vəkil bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1987-ci ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, 1-ci qrup əlil, məhkumluğu olmayan, Ağdam rayonunda qeydiyyatda olmaqla Abşeron rayonu, Medkalon 23 qəsəbəsi, İ.Qayıbov küçəsində yaşayan Şəxs oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 18 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(013)-1320/2019 saylı, 19.11.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs oğlundan 01.08.2015-ci il təvəllüdlü Aqil adlı yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulub X1 verilməsi qət edilmişdir. Məhkəmə iclasında Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Məmmədov oğlu bildirdi ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-1320/2019 saylı, 19 noyabr 2019-cu il tarixli icra sənədi 27.11.2019-cu il tarixdə icraatına başlanılmış, borcluya bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmışdır. Borclu Şəxs oğlu qətnaməmin icrasından yayınmış, bununla da qətnaməmin icrasından yayınmasının üzrsüz səbəbdən olduğu müəyyən edildiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu izahat verərək bildirdi ki, üzərinə düşən öhdəlikləri tam başa düşür. İcra sənədindən məlumatı var, qətnaməmin icrasından boyun qaçırmır, imkanı olduğu halda qərarı icra edəcək. Sonda o, məhkəmə qərarına və icra məmurunun tələblərinə hörmətlə yanaşdığını və onların icrasından boyun qaçırmadığını nəzərə almaqla, inzibati məsuliyyətdən azad edilməsi haqda qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Xırdalan şəhər Vəkil bürosunun vəkili Vəkil bildirdi ki, borclu 1-ci qrup əlildir, onun maddi vəziyyəti pisdir, yalnız pensiya hesabına dolanır. Ona görə də xahiş edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan 27.11.2019-cu il tarixli qərardan görünür ki, həmin tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsində müvafiq icra sənədinə dair işlər üzrə icraata başlanılmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs oğlunun mülkiyyətində daşınar və daşınmaz əmlakı yoxdur, 1-ci qrup gözdən əlilliyə görə 130 (bir yüz otuz) manat, ailə başçısını itirməyə görə isə 329,58 (üç yüz iyirmi doqquz manat əlli səkkiz qəpik) manat təqaüd alır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs oğlunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, inztibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Şəxs oğlu İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün əsas vermir. Şəxs oğlunun izahatından icra sənədini üzrsüz səbəbdən icra etməməsi görünmür. Məhkəmə zamanı müəyyən edildi ki, Şəxs oğlu 1-ci qrup əlildir, mütəmadi olaraq pensiya alır, icra məmuru alimenti pensiyaya yönəltmək yerinə məhkəməyə təqdimat verməklə işini bitmiş hesab etmişdir. Belə ki, İcra haqqında qanunun 43.1.2-ci maddəsinə əsasən tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbirləri hesab olunur. Məhkəmə hesab edir ki, Şəxs oğlunun inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktı olmalıdır ki, materialda belə bir xüsusata rast gəlinmir. Belə olan halda, Şəxs icra məmurunun qanuni tələbini qəsdən yerinə yetirməməsi sübuta yetmir, buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü, 105-115 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar