Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1321/2025 20.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Məhəkəmə iclasının katibi Həsənli Salatın Etibar qızının katibliyi ilə, Barəsində inzibati icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş 04 fevral 2025-cü il tarixli, AP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak etmiş Şəxs MMC-nin nümayəndəsi Aqşin Ağabəyli inzibati xəta haqqında protokolun dəlilləri ilə razı olmayaraq bildirmişdir ki, təmsil etdiyi şirkətin mülkiyyətində olan «Hyunai» markalı, ** YM *** dövlət nömrə nişanlı avtomaşınla inzibati xətanın törədilməsi və xx.xx.2025-ci il tarixdə sürücünün kim olması barədə sorğu verildiyi qeyd edilərək, sorğunun vaxtında cavablandırılmaması əsas götürülərək Şəxs MMC barədə protokol tərtib edilmişdir. Lakin qeyd edilən sorğunun verildiyi göstərilsə də, bu barədə hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Bu da onu göstərir ki, belə bir sorğu verilməmişdir. Sorğu təqdim olmadığı halda onun cavablandırılmasının tələb edilməsi anlaşılan deyil. Bundan əlavə qeyd etdi ki, hər ilin əvvəlində sürücülər barədə məlumat DYP-nə göndərilir əlavə dəyişiklik olduğu halda məlumat yenilənir. Barələrində əsassız olaraq protokol tərtib edilmişdir. Nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmiş, lakin orqanın nümayəndəsi məhkəmə iclasına nümayəndəsini göndərməmiş və ya tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
1. Abşeron rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş 04 fevral 2025-cü il tarixli, AP seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs MMC tərəfindən sorğuya vaxtında cavab verilmədiyi üçün İXM-nin 347-ci maddəsi ilə protokol tərtib edilmişdir.
Məhkəmə inzibati protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi həmin maddədə nəzərdə tutulan məsuliyyəti yaradır. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 53.1 və 53.1.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs MMC tərəfindən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi və bununla da, sonuncu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın hadisəsini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, hazırkı iş üzrə Şəxs MMC nin mülkiyyətində olan "xxxx" markalı, ** YM *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü barədə sorğunun MMC-yə təqdim edilməsi sübuta yetirilmir. Belə olan halda isə iş üzrə əməldə inzibati xəta tərkibinin olması öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan Şəxs MMC tərəfindən hazırkı iş üzrə inzibati xətanın hadisəsini yaradan hərəkətlərə yol verilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq
QƏRARA ALDİ:
Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.
Sədrlik edən: Abusət Qasımov