Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1325/2022 15.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunid Şükür oğlunun katibliyi, inzibati protokolu tərtib etmiş, Abşeron rayon Pİ-in sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Abşeron rayon vəkil bürosunun vəkili Vəkilnun iştirakı ilə xx.xx.2003-cü ildə Laçın rayonu, Çıraqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, döngə 03-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510, 535.1-ci maddələrində nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 02 radələrində, idarə etdiyi avtomobil Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində Abşeron rayon Pİ-in DYPŞ-in əməkdaşı tərəfindən saxlanılmış, həmin vaxt ünvansız nalayiq söyüşlər söydüyünə görə onu nizam intizama dəvət edən xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşı ilə mübahisə etmiş, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də o, Azərbaycan Respublikası İXM-nin 510, 535.1-ci maddələri ilə məhkəməyə verilmişdir. Şəxs tərtib edilmiş protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında Abşeron rayon Pİ-in sahə rəisi X2 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, DYPŞ-in əməkdaşı tərəfindən tərtib edilmiş raporta əsasən Şəxs xx.xx.2022-ci il tarixdə, saat 02 radələrində, idarə etdiyi avtomobili polisin saxla işarəsi verməsinə baxmayaraq, avtomobili sürərək, hərəkətini davam etdirmiş, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində avtomobil saxlanılmış, avtomobil polis əməkdaşları tərəfindən duracağa aparılarılarkən ünvansız nalayiq söyüşlər söydüyünə görə onu nizam intizama dəvət edən xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşı ilə mübahisə etmiş, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 510, 535.1-ci maddələrinə əsasən protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməlləri törətdiyini qismən etiraf edərək izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 02 radələrində, qardaşına məxsus avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan Abşeron rayonu, Xırdalan şəhəri ərazisində idarə edərkən, DYPŞ-in əməkdaşı tərəfindən ona saxla işarəsi verilmişdir. Polisin tələbinə məhəl qoymadan hərəkətini davam etdirmişdir. H.Əliyev prospektində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları onu və yanında olan qardaşını polis idarəsinə dəvət etmişlər. Həmin vaxt heç kəsi söyməmişdir. Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin əməlindən səmimi peşman olmasını, məsuliyyətini dərk etməsini nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnizbati qaydada tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 04:20-da inzibati qaydada tutulmuşdur. Məhkəmə ilk öncə qeyd edir ki, Şəxs əməlində protokolda qeyd edilən 535.1-ci maddədə nəzərdə tutulan inzibati məsuliyətin yaranması sübut olunsa da onun hərəkətlərində İXM-nin 510-cu maddə ilə inzibati xəta hadisəsi baş vermədiyindən barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata isə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması özözlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi (hazırda İXM-nin 510-cu maddəsi) ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Göründüyü kimi, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün ictimai qaydanı pozulması əsas şərtdir. Halbu ki, iş materiallarında Şəxs idarə etdiyi avtomobil xx.xx.2022-ci il tarixdə DYPŞ-in əməkdaşları tərəfində saxlanılaraq, duracağa aparılarkən Şəxs tərəfindən ictimai yerdə səs-küy salaraq, ictimai qaydanı pozmasına dəlalət edə biləcək sübut mövcud olmamış, digər birbaşa sübutlar məhkəmə baxışı zamanı, habelə səlahiyyətli orqan tərəfindən aparılmış araşdırma gedişatında aşkar olunmamışdır. Həmçinin səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntülərə baxış keçirərəkən, polis əməkdaşları tərəfindən avtomobilin duracağa aparılması zamanı Şəxs ictimai qaydanı pozan, ünvansız nalayiq söyüşlər söyməsi və polis əməkdaşları tərəfindən avtomobilin duracağa aparılmasına maneçilik törətməsi kimi hərəkətlərə yol verməsi öz əksini tapmamışdır. Əksinə məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında bildirmişdir ki, ilk əvvəl polisin saxla işarəsinə avtomobili saxlamayıb, sürüb getsə də qarşıda idarə etdiyi avtomobili polis əməkdaşları saxlayarkən heç bir şəkildə ictimai qaydanı pozmamış, polisə tabesizlik göstərməmiş, polis əməkdaşlarının dəvəti ilə polis avtomobilinə minərək Polis İdarəsinə getmişdir. Abşeron RPİ-si yalnız öz subyektiv mülahizələrinə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol tərtib etmişdir. Mülahizələr isə inzibati xətalara baxılarkən sübut kimi qəbul oluna bilmir. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aparılan inzibati araşdırma zamanı protokolda qeyd edilən inzibati xəta araşdırılmamış, məhkəmə baxışında ziddiyyətli vəziyyət yaranmışdır. Belə olan halda əməldə inzibati xəta tərkibinin olması ziddiyyətli vəziyyət yaranması səbəbindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif olunmuş, qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. "Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1 bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin İİ bəndinə əsasən, ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək; cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək; ...Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş səlahiyyətlər daxilində inzibati tənbeh və ya başqa təsir tədbirləri tətbiq etmək, tutulmuş və inzibati xətaya görə həbsə alınmış şəxsləri saxlamaq; ... Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək; ...yol hərəkəti qaydalarına və hərəkət təhlükəsizliyinə riayət olunmasına nəzarət etmək; yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görmək; yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin vahid dövlət uçotu sistemini təşkil etmək və s. polisin əsas vəzifələridir. Həmin Qanunun 4-cü (Polisin fəaliyyət prinsipləri və istiqamətləri) maddəsinə görə isə polis insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, humanistlik və təkbaşçılıq prinsipləri əsasında fəaliyyət göstərir. İctimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin və digər xətaların qarşısının alınması və açılması və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi polisin fəaliyyətinin əsas istiqamətləridir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 31.4-1-ci maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Bununla belə məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxsnın barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiqdir. Məhkəmə həmin maddənin tələbini və Şəxs baxılan işlə bağlı xx.xx.2022-ci il tarixdə, saat 14:20-dan xx.xx.2022-ci il tarixdə, saat 16:40-dək tutulduğunu və halhazıradək tutmada saxlanıldığını nəzərə alaraq, hesab edir ki, ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə məbləğinin İXM-nin 31.4-1-ci maddəsi tətbiq edilməklə, dörddə üçündən çox olmayan həddə cərimə təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut kimi təqdim edilmiş CD disk iş materiallarında saxlanılmalı, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 5 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsinin olmaması əsası ilə xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 manat məbləğində inzibati cərimə edilsin. Azərbaycan Respublikasının İXM-nin 31.4-1-ci maddəsi tətbiq edilməklə, Şəxs barəsində 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 5 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Abşeron rayon vəkil bürosunun vəkili Vəkil müvafiq olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Bakı şəhər Binəqədi rayon İcra Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1325/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1325/2022
15.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver