Məhkəmə qərarları › İş №3(012)-1326/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1326/2022

15.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1326/2022 15.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, inzibati protokolu tərtib etmiş, Abşeron rayon Pİ-in sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Abşeron rayon vəkil bürosunun vəkili Vəkilnun iştirakı ilə xx.xx.1999-cu ildə Laçın rayonu, Çıraqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, döngə 03-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510, 535.1-ci maddələrində nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 02 radələrində, özünə məxsus avtomobili qardaşı tərəfindən idarə edərkən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində Abşeron rayon Pİ-in DYPŞ-in əməkdaşı tərəfindən saxlanılmış, həmin vaxt ünvansız nalayiq söyüşlər söydüyünə və avtomobilin polis əməkdaşları tərəfindən duracağa aparılmasına maneçilik törətdiyinə görə onu nizam intizama dəvət edən xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşı ilə mübahisə etmiş, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də o, Azərbaycan Respublikası İXM-nin 510, 535.1-ci maddələri ilə məhkəməyə verilmişdir. Şəxs tərtib edilmiş protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında Abşeron rayon Pİ-in sahə rəisi X3 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, DYPŞ-in əməkdaşı tərəfindən tərtib edilmiş raporta əsasən Şəxs xx.xx.2022-ci il tarixdə, saat 02 radələrində, sonuncuya məxsus avtomobili qardaşı tərəfindən idarə edilərkən polisin saxla işarəsi verməsinə baxmayaraq, avtomobili sürərək, hərəkətini davam etdirmiş, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində avtomobil saxlanılmış, avtomobil polis əməkdaşları tərəfindən duracağa aparılarılarkən ünvansız nalayiq söyüşlər söydüyünə və avtomobilin polis əməkdaşları tərəfindən duracağa aparılmasına maneçilik törətdiyinə görə onu nizam intizama dəvət edən xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşı ilə mübahisə etmiş, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 510, 535.1-ci maddələrinə əsasən protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməlləri törətmədiyini qeyd edərək, əlavə olaraq izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 02 radələrində, ona məxsus avtomobili qardaşı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan Abşeron rayonu, Xırdalan şəhəri ərazisində idarə edərkən, DYPŞ-in əməkdaşı tərəfindən ona saxla işarəsi verilmişdir. Qardaşına avtomobili saxlamasını bildirsə də qardaşı nə onun sözünə nə də polisin tələbinə məhəl qoymadan hərəkətini davam etdirmişdir. H.Əliyev prospektində polis əməkdaşları tərəfindən qardaşının idarə etdiyi avtomobil saxlanılmışdır. Polis əməkdaşları onu və avtomobili idarə edən qardaşını polis idarəsinə dəvət etmişlər. Həmin vaxt heç kəsi söyməmiş və heç nəyə müdaxilə etməmişdir. Məhkəmə iclasında müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin isdinad edilən əməlləri törətmədiyini nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnizbati qaydada tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 04:22-da inzibati qaydada tutulmuşdur. Abşeron rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 02 radələrində, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində ictimai qaydanı pozduğuna görə, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Abşeron rayon Pi-in DYPŞ-in əməkdaşı X2 tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 02 radələrində, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində hərəkətdə olan KİA markalı ** UE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə tərəfindən saxla işarəsi verilmiş, sürücü onun qanuni tələbinə məhəl qoymayaraq, avtomobili saxlamadan sürətlə hərəkətini davam etdirmişdir. Avtomobil saxlanıldıqdan sonra sürücü və onun yanında olan şəxs polisin qanuni tələbinə tabe olmayaraq, qanunsuz əməllərini davam etmişlər. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Məhkəmə aşağıdakılara əsasən bu qənaətə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dizposiyasına əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsinin dizposiyasına əsasən polis işçisinin və ya hərbi qulluqçunun ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olunmaması inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması özözlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi (hazırda İXM-nin 510-cu maddəsi) ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Göründüyü kimi, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün ictimai qaydanı pozulması əsas şərtdir. Beləliklə, qeyd olunan hüquq normasının tələblərinə əsasən inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı mearlar olmalıdır: 1) polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra etməlidir: 2) bu zaman hüquqpozmanın subyekti ictimai qaydanı pozmalıdır; 3) subyekt ictimai qaydanı pozarkən, onun mühafizəsi vəzifələrini icra edən polis işçisinin tələblərinə qəsdən tabe olmamalıdır; 4) Polis işçisinin tələbi qanuni, yəni onun icra edici vəzifələr uygun olmalıdır. Məhkəmə, qeyd olunan hüquq normasının əsaslarını şərh etməyi zəruri hesab edir. Bunun üçün, ilk növbədə, ictimai qayda və hüquq qaydaları anlayışlarına, onların əsaslarını sarsıdan hüquq pozuntusu, inzibati hüquq pozuntusunun tərkibi və elementləri, ictimai qaydanın və hüquq qaydasının mühafizəsinin təmin edilməsində polis əməkdaşlarının vəzifələrinin həddləri, polis əməkdaşlarının tələblərinin qanuni əsasları kimi anlayışlara aydınlıq gətirmək zərurəti vardır. Məhkəmə təcrübəsində ictimai qayda və hüquq qaydası anlayışları bir çox hallarda fərqləndirilmir ki, bu da nəticə etibarı ilə əmələ hüquqi qiymət verilməsində səhvlərə yol açır. İctimai qayda - qüvvədə olan qanunvericiliklə, adətlərlə və ənənələrlə, həmçinin mənəvi normalarla tənzimlənən, cəmiyyətdə insanlar arasında formalaşmış münasibətlər sistemi, qarşılıqlı davranış və birgəyaşayış qaydalarıdır. İctimai qayda bütün sosial norma və prinsiplərin realizə olunmasına əsaslanan ictimai münasibətlərin tənzimlənmiş vəziyyətidir. Hüquq qaydası - konkret hüquq normalarının praktiki realizə edilməsi nəticəsində yaranan ictimai münasibətlərin tənzimlənmiş vəziyyətidir. Bir tərəfdən onu hüquqi tənzimlənmənin məqsədi, yəni qanunvericinin müəyyən qaydaların bərqərar olmasına yönəlmiş fəaliyyəti kimi qəbul etmək olar. Bu halda o, realizə olunmuş qanunçuluq statusuna malik olur. Digər tərəfdən isə hüquq qaydasını hüquqi tənzimləmənin nəticəsi kimi qəbul etmək olar. Bu halda o, hüquqla ictimai münasibətlərin faktiki olaraq tənzimlənmiş vəziyyəti kimi çıxış edir. Dövlət hüquq qaydasının həm vacib elementi, həm zəruri şərti, həmdəki qarantıdır. Beləliklə, hüquq qaydası hüququn və hakimiyyətinin vəhdəti, onların qarşılıqlı təsirinin nəticəsidir. Bu elə bir qaydadır ki, onda ictimai, siyasi və dövlət həyatının subyektlərinin hüquqi vəziyyəti və qarşılıqlı ünsiyyəti qəti olaraq qanunlarla müəyyən edilir və dövlət hakimiyyəti tərəfindən qorunur. İctimai qaydanın və hüquq qaydasının fərqli sosial-normativ əsasları və təmin olunması qaydaları vardır. Belə ki, ictimai qaydanın bərqərar olunması üçün bütün sosial normaların (mənəviyyat normalarının, adətlərin, dini normaların) vəhdəti tələb olunduğu halda, hüquq qaydası hüququn və qanunçuluğun vasitəsilə bərqərar olur. İctimai qayda bütün cəmiyyət tərəfindən təmin olunduğu halda, hüquq qaydası dövlətin məcburi gücü vasitəsilə təmin olunur. Hüquq pozuntusu - şəxsin dövlətə, cəmiyyətə və digər şəxslərə qarşı təqsirkar, qanunazidd fəaliyyəti ilə (fəaliyyətsizliyi ilə) zərər yetirmək kimi müəyyən edilir. Hüquq pozuntusu ictimai təhlükəliyi ilə səciyyələnir. İnzibati xəta hüquq pozuntu olaraq qanunda nəzərdə tutulan ictimai- təhlükəli əməldir. O, ümumi-məcburi normaların pozulması nəticəsində yaranır. İnzibati xətanın əlamətləri və xüsusiyyətləri xətanın tərkibini təşkil edən elementlərin təhlili əsasında müəyyən edilir. İnzibati hüquq pozuntusunun tərkibi - bu, hər bir hüquq pozuntusunu əks etdirən, onun ən ümumi, tipik və əhəmiyyətli əlamətlər sistemidir, yəni bütün hüquq pozuntularına şamil edilən, hüququ pozan şəxsi hüquqi məsuliyyətə cəlb etmək üçün səbəb olan, hüquq pozuntusunun əlamətlər sistemidir, harada ki, heç olmasa birinin yoxluğuna görə, şəxs məsuliyyətə cəlb oluna bilməz. Hər bir hüquq pozuntusunun mütləq elementləri aşağıdakılardır: hüquq pozuntusunun obyekti; hüquq pozuntusunun obyektiv tərəfi; hüquq pozuntusunun subyekti; və hüquq pozuntusunun subyektiv tərəfi. İnzibati hüquq pozuntusunun obyekti - bu, qanun tərəfindən nizamlanan və qorunan pozulmuş ictimai münasibətlərdir; İnzibati hüquq pozuntusunun obyektiv tərəfi - bu, hüquq pozuntusuna səbəb olan fəaliyyətdir (qanuna zidd hərəkət və ya hərəkətsizlikdir); İnzibati hüquq pozuntusunun subyekti - bu, hüquq pozuntusunu törətmiş tərəfdir (qanunun müəyyən etdiyi yaş həddinə çatmış və əqli sağlam şəxs, və ya hüquqi şəxs); İnzibati hüquq pozuntusunun subyektiv tərəfi - bu, insanın törətdiyi hüquq pozuntusuna intellektual (zehni) münasibətidir. Göstərilən elementlər vahid konteksdə mövcud olmalı və onların birinin mövcud olmaması inzibati xətanın mövcudluğunu istisna edir. İctimai qaydanın mühafizəsinin təmin edilməsi sahəsində polis əməkdaşlarının hüquq və vəzifələrinin həddləri və onların tələblərinin qanuni əsasları «Polis haqqında» Azərbaycan Respublikasının Qanununun normaları ilə tənzimlənir. Həmin Qanunun 5-ci maddəsinə əsasən polisin hər hansı şəxslə insanın ləyaqətini alçaldan şəkildə rəftar etməsi yolverilməzdir. Şəxsin hüquq və azadlıqlarına qarşı polis tərəfindən bu Qanunla nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə yalnız Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 13-cü maddəsinin 7-ci bəndinə əsasən polis əməkdaşları səlahiyyətlərini həyata keçirərkən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş davranış qaydalarına riayət etməlidirlər. Həmin Qanunun 13-cü maddəsində polis əməkdaşlarının ümumi vəzifələri, 14-cü maddəsində ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələri, 17-ci maddəsində polis əməkdaşlarının ümumi hüquqları, 18-ci maddəsində isə ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının hüquqları sadalanmışlar. Məhkəmə, işin faktiki hallarını araşırarkən bu nəticəyə gəlmişdir ki, barəsində inzibati protokol tərtib edilmiş Şəxs tərəfindən ictimai qaydanın yuxarına qeyd olunan elementləri pozulmamışdır. Onun qardaşı tərəfindən idarə edilən avtomobilin polis əməkdaşının qanuni tələbinə məhəl qoymaması və sonuncunun sərnişin kimi avtomobildə olması qanunsuz, yəni hüquq pozuntusu hesab edildiyi təqdirdə, onun əməli ictimai qaydanın pozulması kimi deyil, hüquq qaydasının pozulması, misal üçün yol hərəkəti qaydalarının (Nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığını bilə-bilə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün həmin şəxsə verilməsinə) pozulması kimi qiymətləndirilə bilər və ona qarşı hüquq sanksiyasının tətbiqi üçün əsas ola bilər. Bundan başqa iş materiallarında Şəxs tərəfindən polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamasını, ictimai qaydanı pozan hərəkətlərə yol verməsini təsdiq edən hallar öz əksini tapmamış, tərtib edilmiş raportda və inzibati xəta haqqında protokolunda inzibati xətanın mahiyyəti tam göstərilməmişdir. Ümumiyyətlə raportda və inzibati xəta haqqında protokolda Şəxs tərəfindən polis əməkdaşının hansı qanuni tələblərinə qəsdən tabe olmaması, konkret olaraq kim tərəfindən tabe olunmaması və həmin tabe olmama nədə ifadə olunması və hansı ictimai qaydanı pozan hərəkətlərə yol verməsi, o cümlədən, xəta nəticəsində kimin zərər çəkməsi əsaslandırılmamışdır. Eyni zamanda məhkəmə tərtib edilmiş protokoldakı qeyd edilmiş etirafedici izahata münasibətdə qeyd edir ki, Şəxs özünü təqsirli bilməsi göstərilsə də, sonuncu məhkəmə iclasında özünü təqsirli bilməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq protokolu tərtib etmiş şəxs xəta törədən şəxsin təqsirliliyini sübutetmək vəzifəsinin daşıyıcısı olduğuna formal yanaşaraq, sadəcə protokol tərtib etməklə kifayətlənmiş və polis əməkdaşlarının raportuna istinad etmişdir. Qanunvericiliyə görə barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Həmçinin məhkəmə iclasında səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntülərə baxış keçirərəkən, polis əməkdaşları tərəfindən avtomobilin duracağa aparılması zamanı Şəxs ictimai qaydanı pozan, ünvansız nalayiq söyüşlər söyməsi və polis əməkdaşları tərəfindən avtomobilin duracağa aparılmasına maneçilik törətməsi kimi hərəkətlərə yol verməsi öz əksini tapmamışdır. Məhkəmə bu nəticəyə gəlir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati hüquq pozuntusunun elementlərindən olan pozuntunun obyekti (bu maddə ilə qorunan ictimai münasibətlər), obyektiv tərəfi (maddədə göstərilən hüquq pozuntusuna səbəb olan fəaliyyət) və subyektiv tərəfi (şəxsin öz hərəkətlərinə dair zehni münasibəti) müəyyən olunmadığından, o, qeyd olunan maddə ilə təqsirli sayıla bilməz və onun barəsində başlanmış icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin inzibati məsuliyyətin əsaslarını müəyyən edən 3cü maddəsində göstərilir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Göründüyü kimi, insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən İXM-yə görə, yalnız Məcəllədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Həmin Məcəllənin 8-ci maddəsində isə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut kimi təqdim edilmiş CD disk iş materiallarında saxlanılmalı, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 5 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsinin olmaması əsası ilə xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 5 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Abşeron rayon vəkil bürosunun vəkili Vəkil müvafiq olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar