Məhkəmə qərarları › İş №3(012)-1328/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1328/2023

06.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1328/2023 06.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Abşeron DYP Yol Patrul Xidmət inspektoru, polis baş serjantı X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Abşeron Rayon Vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1989-cı il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, Abşeron rayonu, Xırdalan şəhərində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 343.2 və 329.3-ü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron Rayon Polis İdarəsi tərəfindən daxil olmuş materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 343.2 və 329.3ü maddələrinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan İXP seriyalı ******* saylı, 30 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 30 iyun 2023-cü il tarixdə Xırdalan şəhər, Qalubiyyə küçəsində qanunda nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün aparılan tibbi müayinədən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron DYP Yol Patrul Xidmət inspektoru, polis baş serjantı X2 inzibati xəta haqqında protokolda göstərilənləri təsdiqləyərək, Şəxs Azərbaycan Respublikası İXM-nin 343.2 və 329.3-ü maddələrinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.2-ci maddəsi ilə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o, tibbi müayinədən imtina etməmiş, müayinə olunacağı texniki vasitənin sertifikatının ona göstərilməsini tələb etmişdir. Ona görə də barəsində ədalətli qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Abşeron Rayon Vəkil bürosunun vəkili Vəkil bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində olan iş üzrə xəta tərkibi olmadığından icraata xitam verilməsini xahiş etdi. Məhkəmə yuxarıda qeyd olunan şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 343.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsilə baxılması üçün Abşeron rayon Polis İdarəsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydalarının 3.1-ci bənidnə əsasən Alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. Həmin qərarın 3.2-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir Lakin məhkəmədə müəyyən edilmişdir ki, sərxoşluq vəziyyətinin müəyyən edilməsilə bağlı sürücünün müayinəsi qanunda nəzərdə tutulan qaydada aparılmamışdır. Həm protokolu tərtib edən şəxsin , həm də barəsində protokol tərtib edilən şəxs məhkəmədə izahatlarından müəyyən edilmişdir ki,müayinə alkotester vasitəsilə aparılması S. Şamxalbəyliyə təklif olunmuş, o isə həmin texniki vasitənin sertifikatını tələb etmişdir. Qanunda isə həkim müayinəsinin altotesterlə aparılması nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.2 və 8.3-cü maddələrinə əsasən İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən görünür ki, şəxsin əməlində inzibati xətanın tərkibinin olması halı səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. Beləliklə, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 343.2-ci maddəsinin tərkibinin olması halının sübuta yetirilməsi vəzifəsi inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın üzərinə düşür. Qeyd olunur ki, Azərbaycan Respublikası İXM-nin 343.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi obyektiv cəhətdən yalnız o, halda yarana bilər ki, AR İXM-nin 333.2 və 333.3-cü maddələrində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tibbi müayinədən imtina etmiş olsun. Əks təqdirdə İXM-nin 343.2-ci maddəsinin tərkibi obyektiv cəhətdən mövcud ola bilməz. İşin faktik halları ilə müəyyən olunur ki, Şəxs tərəfindən sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün aparılan tibbi müayinədən imtina etmə halı öz təsdiqini tapmamışdır. Belə olan halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 343.2-ci maddəsinin obyektiv cəhətdən tərkibinin mövcud olmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, “Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir”. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 343.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair materiallar baxılması üçün Abşeron rayon Polis İdarəsi Dövlət Yol Patrul şöbəsinə göndərilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Xırdalan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar