Məhkəmə qərarları › İş №3(012)-1337/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1337/2021

24.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1337/2021 24.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, şikayətçi "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakı ilə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 07.10.2020-ci il tarixli, MN ******* saylı qərardan X5 şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X9 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə tənbeh edilərək 2500 manat məbləğində cərimə edilməsinə dair 07.10.2020-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 X10 və Təbii Sərvətlər İdarəsinin 07.10.2020-ci il tarixli, MN №-0758098 Qərarı ilə barəmdə Abşeron Sukanal İdarəsinin rəis əvəzi kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində göstərilən inzibati xətanı törətməsinin müəyyən edilməsi və 2500 (iki min beş yüz) manat cərimə edilməsi haqqında Qərar qəbul edilmişdir.Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 62-ci maddəsinə əsasən xəta nəticəsində zərər çəkmiş şəxs iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququna malikdir.Həmin Məcəllənin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət verə bilər. Sözügedən Qərarın surətini rəsmi olaraq 31 avqust 2021 -ci il tarixdə almışdır. Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. O, 2021-ci ilin avqust tarixində Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icraçısı tərəfindən şöbəyə telefon bağlantısı ilə dəvət olunanda ETSN-nin 4 X10 və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində inzibati xəta törətdiyinə görə cərimə olunduğunu bildirmişlər. O, dərhal ETSN-nin 4 X10 və Təbii Sərvətlər İdarəsinin Sumqayıt şəhərində yerləşən inzibati binasına gedərək, barəsində əsassız və qanunsuz tərtib olunmuş sözügedən Qərarın surətini almaq üçün ərizə ilə müraciət etmişdir. Həmçinin bildirir ki, o, 30.10.2020-cı il tarixdən həmin qurumda, yəni "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Abşeron Sukanal idarəsinin müvəqqəti olaraq 2 (iki) aya yaxın müddətə icra etdiyi İdarə rəisinin birinci müavini və İdarə rəisi vəzifəsindən azad edilmiş, əmək müqaviləsinə isə səhhəti ilə bağlı ərizə əsasında xitam verilmişdir. Hal-hazırda işsizdir. Bütün bu olanlardan xəbərsizdir. Sözügedən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 X10 və Təbii Sərvətlər İdarəsinin 07.10.2020-ci il tarixli, MN №-0758098 qərarı ilə 02.08.2021-ci il tarixdə tanış olmuş və surətini almışdır. O, Abşeron Sukanal İdarəsində işlədiyi dövrdə barəsində protokol tərtib olunmaqla qərar qəbul edilməsindən xəbəri olmayıb. İşlədiyi, qeydiyyatda olduğu yaşadığı ünvana məktub, bildiriş göndərilməyib. Ərizəsi əsasında 31 avqust 2021 ci il tarixdə 4 X10 və Təbii Sərvətlər İdarəsinin onun barəsində əsassız və qanunsuz qəbul etdiyi 07.10.2020-ci il tarixli, MN №-0758098 qərarın surətini və protokolu almışdır. Qərarda göstərilir ki, “Abşeron rayonu, Masazır kəndində yerləşən İmran gölünün ətrafında yerləşən fərdi yaşayış evlərində formalaşan çirkab suların (kanalizasiya) təmizlənmədən birbaşa gölə tökülür. X3 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 44 və 114.1.1-ci maddəsi rəhbər tutularaq X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati qaydada 2500 (iki min beş yüz) manat cərimə tənbeh növü tətbiq edilməklə Qərara alınmışdır. Hesab edir ki, göstərilən inzibati xəta haqqında qərar qanunsuz və əsassız olduğuna görə ləğv edilməlidir.Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 X10 və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının ilkin səhvi odur ki, haqqında sözügedən protokol tərtib olunarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi düzgün tətbiq olunmamışdır. Belə ki, qeyd olunan maddənin tətbiqi «Su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına» görə yəni: “Su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin,kommunal və digər obyektlərin istismar edilməsinə” tərtib olunması əsassızdır. “Abşeron Sukanal” İdarəsi "Azərsu” ASC-nin tabeliyində olan müəssisə kimi xidməti ərazisində fəaliyyət göstərən su nasosxanalarına, təmizləyici qurğulara xidmət və nəzarəti həyata keçirir. Bildirir ki, Abşeron Sukanal” İdarəsinin xidməti ərazisində, sözügedən ünvanda tikilmiş fərdi yaşayış evləri və obyektlər tərəfindən axıdılan çirkab sularının axıdılmasının qarşısı dəfələrlə alınmışdır. Həmçinin vətəndaşlara (sakinlərə) və adı çəkilən ərazidə fəaliyyət göstərən obyektlərə xəbərdarlıq edilərək dəfələrlə su xətləri kəsilmişdir.İdarənin əməkdaşları tərəfindən mütəmadi aparılan reydlər zamanı həmin evlərin sakinlərinə çirkab suları axıtdıqların görə dəfələrlə xəbərdarlıq edilmiş və bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, onun tabeliyindiki aidiyyəti departamentlərə, şöbələrinə yazılı və şifahi müraciətlər olmuşdur. Daha sonra bildirir ki, həmin ərazilərdə “Abşeron Sukanal” İdarəsinin balansına aid heş bir magistral və məhəllədaxili kanalizasiya xətti olmadığından "xxxx" ASC (müvafiq Abşeron Sukanal İdarəsi) tərəfindən ərazidə özbaşına tikilmiş fərdi yaşayış evləri və obyektlər üçün kanalizasiyaya aid texniki şərt icazəsi verilməmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi Azərsu ASC-nin etibarnamə üzrə nümayəndəsi X6 şikayəti müdafiə edərək, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X10 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş protokol əsasında qəbul edilmiş 07.10.2021-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 X10 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Qərarından şikayət verilən orqana - 4 X10 və Təbii Sərvətlər İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada dəfələrlə məlumat verilmiş, lakin həmin orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 64.3-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayət ərizəsində olan və məhkəmə iclasında tədqiq edilmiş: 04 saylı RETSİ-nin X7 tərəfindən 07.10.2020-ci il tarixli, MN ******* saylı qərardan görünür ki, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən İmran gölünün ətrafında yerləşən fərdi yaşayış evlərində formalaşan çirkab suların (kanalizasiya) təmizləmədən birbaşa gölə tökülməsi nəticəsində X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir və nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə vəzifəli şəxs qismində X15 oğlu 2500 (iki min beş yüz) manat cərimə edilmişdir. 16.11.2020-ci il tarixli məktubdan görünür ki, X9 adında əməkdaş 01.11.2020-ci il tarixdən əmək müqaviləsinə xitam verilməklə Azərsu ASC-nin Abşeron Sukanal idarəsində işləmir. 02.08.2021-ci il tarixli arayışdan görünür ki, X9 30.10.2020-ci il tarixdən Azərsu ASC-nin Abşeron Sukanal İdarəsinin idarə rəisinin birinci müavini və idarə rəisinin vəzifələrinin müvəqqəti icra edən əmək müqaviləsi ləğv edilmişdir. 31.08.2021-ci il tarixli məktubdan görünür ki, X8 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər İdarəsi 4 saylı Ərazi İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati qaydada 2500 (iki min beş yüz) manat cərimə tənbeh növü tətbiq edilməsi barədə 07 oktyabr 2020-ci il tarixli qərar təqdim olunmuşdur. Aşağıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, toplanmış iş materiallarında X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi və həmin xətaya görə inzibati məsuliyyətə cəlb edilməsi göstərilsə də, X5 əməlində həmin Məcəllənin 264.0.1-ci maddəsinin tərkib əlamətlərinin olması müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinin tələblərindən görünür ki, şəxs barəsində su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilərək subyektlərinin mühafizəsi qaydalarının pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin maddənin dispozisiyasından görünür ki, balansında olan xətlərin(suların çirklənməsinin, zibillənməsinin) zərərli təsirinin qarşısını alan qurğuları və ya avadanlıqları olmayan şəxsin və ya müəssisənin məsuliyyətə cəlb edilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC-nin (müvafiq Abşeron Sukanal İdarəsi) xidməti ərazisində olan Abşeron rayonu, Masazır kəndində yerləşən İmran gölünün ətrafında yerləşən fərdi yaşayış evlərində formalaşan çirkab suların (kanalizasiya) təmizlənmədən birbaşa gölə axıdılması üçün nəzərdə tutulmuş boru xətti "xxxx" ASC-nin balans mənsubiyyətinə aid deyildir. Belə ki, sözü gedən xətlər həmin ərazidə yaşayan əhali tərəfindən çəkilmiş və onların istifadəsindədir. Sözügedən inzibati xəta haqqında iş üzrə isə X5 əməlində həmin maddənin dispozisiyasında göstərilən pozuntunun olması müəyyən edilməmişdir. Bu da bir daha sübut edir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən iş üzrə tam, hərtərəfli və dəqiq araşdırma aparılmadan şəxsin məsuliyyətə cəlb edilməsi üçün müvafiq iş materialları toplanmaqla barəsində inzibati icraat aparılaraq düzgün qərar qəbul edilməmişdir. Ona görə də, məhkəmə X5 əməlində qeyd olunan inzibati xəta tərkibinin olmaması səbəbi ilə tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə görə bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 48-ci maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. 60.3-cü maddəsinə görə isə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Şikayətə əlavə edilmiş inzibati xəta haqqında qərardan görünür ki, inzibati xəta haqqında işə 07.10.2020-ci il tarixdə X5 iştirakı olmadan və ona bu barədə məlumat verilmədən baxılmış və qərar qəbul edilmişdir. Məhkəmədə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X5 iştirakı olmadan barəsində protokol tərtib etmiş və həmin protokol əsasında Azərbaycan Respublikası İXM-in 264.0.1-ci maddəsi ilə təqsirli bilinib 2500 manat inzibati cərimə tətbiq edilməsinə dair 07.10.2020-ci il tarixdə qərar qəbul etmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X5 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola baxılmasının vaxtı və yeri barədə sonuncuya vaxtında məlumat verməmiş, onu ayrı-ayrı prosessual hərəkətlər barədə xəbərdar etməmiş, onu işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırmamış, öz müdafiəsini hazırlamağa və vaxtında gəlməsinə imkan yaratmaq üçün bildirişi ona müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verməmiş, sonuncunun iştirakı olmadan inzibati xəta haqqında protokola baxaraq, 07.10.2020-ci il tarixdə 2500 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq etmişdir. Bu hal iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər İdarəsi 4 saylı Ərazi İdarəsinin 31.08.2021-ci il tarixli məktubu ilə sübut olunur. X1 məlumatı olmadan sonuncu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair 07 oktyabr 2020-ci il tarixli qərar qəbul olunmuşdur. Halbuki, X5 inzibati xəta törətməsi barədə işdə heç bir sübuta istinad olunmamışdır. Sadalanan qanun normalarının tələbinə görə inzibati xətanın törədilməsi faktı aşkar edildiyi vaxt dərhal barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə inzibati xəta haqqında protokol tərtib edilməli, şəxsə İXM-in 61-ci maddəsində nəzərdə tutulan hüquqları izah edilməli, tərtib edilmiş inzibati xəta haqqında protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxsə verilməlidir. Qanunverici yalnız barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokolun inzibati xətanın aşkar edildiyi vaxtdan iki günədək müddətdə tərtib edilə bilməsinə hüquqi imkan verir. Hazırkı işdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin əlavə aydınlaşdırılmasına hər hansı zərurət olmamışdır. Məhkəmədə X5 göstərilən inzibati xətanı törətməkdə təqsirli olması sübut olunmadığına görə məhkəmə belə nəticəyə gəlir ki, barəsində tərtib edilmiş protokol əsasında onun inzibati cərimə edilməsi əsassız hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X9 Azərbaycan Respublikası İXM-in 264.0.1-ci maddəsi ilə təqsirli bilinib, 2500 manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 07.10.2020-ci il tarixli, MN ******* saylı qərar ləğv edilməli və və inzibati xəta haqqında işin yenidən baxılması üçün aidiyyəti üzrə səlahiyyətli orqana göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə qəbul olunmuş 07.10.2020-ci il tarixli, MN ******* saylı qərar ləğv edilsin və yenidən araşdırılması üçün qərarı qəbul edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar