Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1337/2025 19.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X6 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, Azəbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1, Şəxs MMC-nin nümayəndəsi X2 iştirakları ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MUƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Şamaxı yolunun sağ tərəfində Şəxs MMC-yə məxsus müəssisədə ətraf mühütün müəssisə (istehsalat) monitorinqinin yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunu və hesablarını aparmamış, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs MMC-yə tərəflərindən müvafiq məktub göndərilmiş, məktubda təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot hesabatını aparılmamasına görə müvafiq məsuliyyət tədbirləri barədə müəssisəyə xəbərdarlıq edilmiş, lakin statistik hesabat bugünədək idarəyə təqdim edilməmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs MMC barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X4 məhkəmə iclasında iştirak edərək, barələrində tərtib edilmiş protokola etiraz edərək bildirmişdir ki, xx.xx.2024-cü il 3-14-43/2-1066-2024 saylı məktubda Şəxs MMC-nin fəaliyyəti ilə bağlı “Ətraf mühitin mühafizəsi haqqında“ Qanunun 18-ci maddəsinə əsasən ərazi ekologiya idarəsi fəaliyyət sahəmizi əks etdirən statistik hesabatların hazırlanmasım, razılaşdırılmasın! gündəmə gətirmişdir. Şəxs MMC-nin fəaliyyəti zamanı stasionar mənbələrdən tullantıların yaranmadığından 2TG(hava), 2TG(təhİukəli tullantılar) və 2TG su təsərrüfatı) dövlət statistik hesabatları tərtib edilmir. Müəssisənin balansında olan maşın və mexanizmlər səyyar çirkləndirmə mənbələri olaraq qəbul edilir. Şəxs MMC-nin nizamnaməsində istehsalat sahəsi nəzərdə tutulsada bu işlərə hələlik başlanılmamışdır. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyə uyğun olaraq məhdud məsuliyyətli cəmiyyətin Respublikanın ayrı-ayrı bölgələrində Bakı,Sumqayıt və Gəncə şəhərində alqısatqı mallarının saxlanılması satışı təşkil olunmuş, anbarlar, soyuducular icarəyə götürülmüşdür. Gələcəkdə istehsalat sahəsi və ya digər oxşar dəyişikliklər olarsa bu barədə ərazi ekologiya idarələri əvvəlcədən məlumatlandırılacaqdır. Sun Food” MMC barəsində qəbul edilmiş 30 may 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında protokolun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, 91364 nömrəli “Akt”dan müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Şamaxı yolunun sağ tərəfində yerləşən statistik hesabat bugünədək idarəyə təqdim edilməmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs MMC-yə məxsus müəssisədə monitorinq keçirilmişdir;
2. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Şamaxı yolunun sağ tərəfində Şəxs MMC-yə məxsus müəssisədə ətraf mühütün müəssisə (istehsalat) monitorinqinin yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunu və hesablarını aparmamışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC tərəfindən ona istinad olunan inzibati xətanın törədilməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetirilmişdir. Şəxs MMC-nin inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və sonuncu törətdiyi inzibati xətaya görə hüquqi şəxs qismində inzibati məsuliyyətə cəlb olunmalıdır. “Ekoloji Təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunun: 2- ci maddəsinə əsasən bu Qanun hüquqi və fiziki şəxslərin, dövlət və yerli özünüidarəetmə orqanlarının, onların vəzifəli şəxslərinin fəaliyyətinin həyata keçirilməsi zamanı ekoloji təhlükəsizlik sahəsində münasibətləri tənzimləyir. Bu Qanunun məqsədi insanın həyatını və sağlamlığını, cəmiyyəti, onun maddi və mənəvi dəyərlərini, ətraf mühiti, o cümlədən atmosfer havası, kosmik fəza, su obyektləri, yerin təki, torpaq, təbii landşaft, bitki və heyvanlar aləmini təbii və antropogen amillərin təsiri nəticəsində yaranan təhlükələrdən qorumaq üçün hüquqi əsasları müəyyən etməkdir. 13-cü maddəsinin 3-cü bəndinə əsasən bu Qanunun və ekoloji təhlükəsizlik sahəsində digər normativ hüquqi aktların pozulmasına görə məsuliyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 3- cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1 -ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21 -ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1 -ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1 -ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 239-cu maddəsinə əsasən traf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə- vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir.. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən təqdim edilməli olan ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotu və hesabatlar qanunvericiliklə müəyyən edilmiş vaxtda 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim edilməmişdir. Müvafiq hesabatların aylar üzrə vaxtında aparılmaması iş materialları və barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatı ilə təsdiq edilmişdir. Şəxs MMC -nin nümayəndəsi məhkəmə iclaslarında aylar üzrə hesabatların verilməməsi ilə bağlı hesabatları təqdim etməli olmadıqlarını əsas gətirərərək, Şəxs MMC barəsində müvafiq tənbeh tətbiq edilməməsini xahiş etmişdir. Şəxs MM -nin nümayəndəsinin qeyd edilən dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, əvvəla hesabatların verilməsi ilə bağlı müvafiq xəbərdalıq Şəxs MMC-nin əməkdaşı tərəfindən qəbul edilmiş və bu hal mübahisələndirilmir. Digər tərəfdən normativ-hüquqi aktların tələblərini bilməmək əsas gətirilməklə hər hansı şəxs inzibati məsuliyyətdən azad edilə bilməz. Nəzərə almaq lazımdır ki, müvafiq hesabatların verilməsi qanunverilciyin tələblərindən irəli gəlir. Məhkəmə araşdırması zamanı Şəxs MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın hallarını, ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmasını və Şəxs MMC tərəfindən bu tələbin yerinə yetirilməməsini və bunun qanuna əsasən inzibati məsuliyyət hesab edilməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 8500 (səkkiz min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X7