Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1341/2022 17.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Abşeron rayon Pİ-in İTŞ-in sahə rəisi, polis mayoru X1, inzibati xəta törətmiş Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon rayon Pİ-si tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 12 radələrində, sərxoş vəziyyətdə, Abşeron rayon prokurorluğunun inzibati binasında Abşeron RPİ-də istintaq şöbəsində aparılan araşdırmadan narazı qaldığına görə ünvansız nalayiq söyüşlər söyərək, ictimai qaydanı pozmaqla, xırda xuliqanlıq etmişdir. Bunagörə də o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə məhkəməyə verilmişdir. Şəxs tərtib edilmiş protokolla tanış olaraq imzalamamışdır. Abşeron rayon Pİ-in İTŞ-in sahə rəisi, polis mayoru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, Abşeron rayon prokurorluğunun inzibati binasında normal iş fəaliyyətini pozduğuna görə Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü protokol üzrə təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 12 radələrində, Abşeron rPİ-in İŞ-də etdiyi müraciətin araşdırılmasından narazı olduğu üçün Abşeron rayon prokurorluğuna getmişdir. Getməyinə səbəb polis idarəsindən ona məxsus mobil telefonun qaytarılması olmuşdur. Bir neçə dəfə tələb etsəm də telefonunu qaytarmamışlar. Polis idarəsinə gedib-gəlməkdən təngə gəlmişdir. Bununla bağlı DİN-nə dəfələrlə müraciəti olmuşdur. Prokurorluqda olarkən ucadan qışqırmamış, söyüş söyməmiş, sadəcə şikayətinə baxılmasını və hüquqlarını tələb etmişdir. Həmin gün bir bakal pivə içmişdir. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, onun işlətdiyi ifadələr nalayiq xarakterli olmamış, ona görə də protokolla razılaşmayaraq imzalamaqdan imtina etmişdir. Məhkəmə iclasında müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin prokurorluqda əsəbilərini cilavlaya bilmədiyindən uca səslə danışmasını, həmçinin sonuncunun istintaq şöbəsində araşdırma aparılan iş üzrə zərərçəkmiş şəxs qismində tanınmasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnizbati qaydada tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 12:00-da inzibati qaydada tutulmuşdur. Sərxoşluq vəziyyətinin təyini məqsədilə aparılan tibbi müayinə xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 13:25-da müayinə olunarkən onda «Yüngül dərəcəli» sərxoşluq müəyyən edilmişdir. Məhkəmə proses iştirakçılarının işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Belə ki, Şəxs məhkəmə iclasında Abşeron rayon prokurorluğunun inzibati binasında olarkən ucadan qışqırmadığını, söyüş söymədiyini, şikayətinə baxılmasını və hüquqlarını tələb etdiyini bildirərək, özünü təqsirli bilməsə də Abşeron rayon prokurorluğunda ucadan hay-küy salaraq şikayətinə baxılmasını və hüquqlarını tələb etməklə ətrafdakı insaların diqqətini özünə cəlb etmiş və normal iş fəaliyyətini pozmuşdur. Bu faktı isə özözlüyündə Şəxs sözügedən inzibati xətanın törətməsinə dəlalət edir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, onun hərəkətlərində ictimai qayda və ictimai mənəviyyatın pozulmasına istiqamətlənmiş birbaşa qəsd olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi (hazırda İXM-nin 510-cu maddəsi) ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Göründüyü kimi, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati inzibati xəta tərkibinin yaranması üçün ictimai qaydanı pozulması əsas şərtdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.4-1-ci maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmin maddənin tələbini və Şəxs baxılan işlə bağlı xx.xx.2022-ci il tarixdə, saat 12:00-dan xx.xx.2022-ci il tarixdə, saat 10:00-dək tutulduğunu və halhazıradək tutmada saxlanıldığını nəzərə alaraq, hesab edir ki, ona İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə məbləğinin İXM-nin 31.4-1-ci maddəsi tətbiq edilməklə, dörddə üçündən çox olmayan həddə cərimə təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 100 (yüz) manat inzibati cərimə edilsin. Azərbaycan Respublikasının İXM-nin 31.4-1-ci maddəsi tətbiq edilməklə, Şəxs barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Xırdalan şəhər vəkil bürosunun vəkili Vəkil müvafiq olaraq 18 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1341/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1341/2022
17.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver