Məhkəmə qərarları › İş №3(012)-1342/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1342/2022

27.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1342/2022 27.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, X1nun iştirakı ilə, Abşeron rayon DYP polis polkovnik leytenantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərarlardan X3 şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X7 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, onun barəsində 327.1-ci, 327.6-cı və 327.7ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaya təqsirli bilinmişdir. Lakin həmin qərarda X3 hansı cəzaya məruz qalması qeyd olunmamışdır. Lakin həmin qərara görə sonuncuya bal yazılmış və nəticədə sürücülük hüququ məhdudlaşdırılmışdır. Qasımov Cəfər aprel döyüşlərində və İİ Qarabağ döyüşlərində iştirak etmiş, müharibə veteranıdır. Cəbrayıl və Qubadlı rayonlarının azad edilməsinə görə medallar ilə təltif edilmişdir. Bildirmişdir ki, qərarın qəbul edilməsindən uzun zaman keçməsinə görə qərar öz qüvvəsini itirmişdir. X7 barəsində Abşeron rayon DYP tərəfində qərar qəbul edilərkən düzgün araşdırma aparılmamışdır. Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən Abşeron rayon DYP polis polkovnik leytenantı X4 tərəfindən qəbul edilmiş 19 iyun 2019-cu il tarixli qərarının ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq, Abşeron DYP-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən məhkəmə şikayətə, Abşeron DYP-nin nümayəndəsinin iştirakı olmadan baxılmasın mümkün hesab etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Abşeron DYP tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərarından görünür ki, X7 İSUZU NPR yük markalı, 99JE351 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2- 327.6-cı, 327.8-ci, 328.2, 328.3, 328.4, 331, 333.1, 342.7, 343.1 və 346.3-cü maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə, Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuş və nəticədə X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6, 327.7-ci maddələrində nəzərdə tutulan inzibati xəta törətmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, X7 aprel döyüşlərində və İİ Qarabağ döyüşlərində iştirak etmiş, müharibə veteranıdır. Cəbrayıl və Qubadlı rayonlarının azad edilməsinə görə medallar ilə təltif edilmişdir. Azərbaycan Respublikası İXM-nin 48-ci maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Azərbaycan Respublikası İXM-nin 60.3-cü maddəsinə görə isə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Azərbaycan Respublikası İXM-in 75-ci maddəsinə görə inzibati xəta hadisəsinin törədilməsi inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməli və sübut olunmalıdır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələblərinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Göstərilən inzibati xəta hadisəsi olmadığına görə məhkəmə belə nəticəyə gəlir ki, X7 barəsində inzibati cərimə tətbiq edilməsi əsassız hesab edilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsində göstərilir ki, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası X2 69 maddəsində göstərilir ki, İ. Yolun nişanlanması (5 saylı Əlavə) yol hərəkətinin nizamlanmasının səmərəli vasitələrindən biri olmaqla, nəqliyyat axınının qaydaya salınmasına və yolun buraxılış qabiliyyətinin yüksəldilməsinə xidmət edir. İİ. Yol nişanlanmasına hərəkət təhlükəsizliyini artırmaq məqsədi ilə yol hərəkəti qaydalarını müəyyənləşdirən, yol qurğularının ölçülərini və ya yolun istiqamətini bildirən, yolun hərəkət hissəsinə, yolun və yol qurğularının digər elementlərinə çəkilən xətlər, yazılar və digər qeydlər aiddir. Yol nişanlanması müstəqil şəkildə, habelə yol nişanları və svetoforlarla birlikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında tətbiq olunur. Müvəqqəti nişanlama xətləri rənginə görə digər nişanlama xətlərindən fərqlənməlidir. Həmin maddənin İİ-İ.bəndinə əsasən eyni yol sahəsində tətbiq edilmiş nişanlanma xətlərinin tələbləri, habelə müvəqqəti yol nişanları və müvəqqəti nişanlanma xətləri istisna olmaqla nişanlama xətləri ilə digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Aşkar olunmuş hər hansı ziddiyyət və ya uyğunsuzluq təxirəsalınmadan aradan qaldırılmalıdır. Müvəqqəti nişanlama xətləri ilə digər nişanlama xətlərinin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq olarsa, müvəqqəti nişanlama xətlərinə üstünlük verilməlidir. Həmin maddənin İV bəndinə əsasən yolun nişanlanması yol hərəkətinin təşkilinə, yol hərəkəti iştirakçılarının xəbərdar edilməsinə və istiqamətləndirilməsinə xidmət edir. Ondan müstəqil şəkildə ayrıca və ya tələblərini dəqiqləşdirdiyi və yaxud tamamladığı yol nişanları ilə birgə istifadə edilir. Bu maddənin Vİ bəndinin, 18-ci yarım bəndinə əsasən yolayrıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərir, müstəqil, yaxud 5.8.1, 5.8.2 nişanları ilə birlikdə tətbiq edilir, dalan təsviri çəkilmiş nişanlama xətti göstərir ki, yaxınlıqdakı hərəkət hissəsinə dönmək qadağandır, sol kənar zolaqdan sola dönməyə icazə verən işarə həmin zolaqdan geriyə dönməyə də icazə verir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 və 327.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilmişdir. Lakin sözügedən qərarda cərimənin məbləği qeyd olunmamışdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4.3-cı maddəsinin tələbi pozulmuşdur. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, tərtib edilmiş protokolun və qərarın X5 verilib-verilməməsin, nə vaxt verilməsini müəyyən etmək olmur. Belə ki, qanunla müəyyən olunmuş qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq, Abşeron DYP-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iş materialların məhkəməyə göndərməmişdir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X3 Azərbaycan Respublikası İXM-in 327.1-ci, 327.6-cı və 327.7-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanın təqsirli bilinməsinə dair xx.xx.2019-cu il tarixli qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6, 327.7-ci maddələrində nəzərdə tutulan inzibati xəta törətməsinə dair Abşeron rayon DYP polis polkovnik leytenantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar