Məhkəmə qərarları › İş №3(012)-1349/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1349/2024

10.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1349/2024 10.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Salatın Etibar qızının katibliyi, qərardan şikayət vermiş X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayətə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 qərardan şikayətlə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi Telman Şirəliyev şikayəti müdafiə edərək bildirmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən, o, İXM-nin 430.4cü maddəsi ilə təqsirli bilinərək, 3407.50 ABŞ dolları məbləğində cərimə edilmişdir. O, hesab edir ki, bu cərimə qanunsuz və əsassızdır və məhkəmə nəzarəti qaydasında ləğv edilməlidir. Belə ki, o, Kapital Bank ASC-nin ödəniş tapşırığı əsasında Çin Xalq Respublikasına mal almaq üçün 3407.50 ABŞ dolları pul göndərmişdir. Ödəniş tapşırığı xx.xx.2022-ci il tarixdə tərtib edilmiş, xx.xx.2022-ci ildə Bakı Baş Gömrük İdarəsinin gömrük bəyannaməsi əsasında ölkəyə həmin dəyərdə mal gətirmiş, lakin anlaşılmazlıq əsasında Mərkəzi Bank həmin məbləğin 10%-ini, yəni 3407.50 ABŞ dollarını ona cərimə kimi hesablamışdır. Bankın təsdiq sənədində malın ölkəyə gətirilməsi göstərilmişdir. Qeyd etdiklərini nəzərə alaraq, şikayət ərizəsinin təmin edilməsini, barəsində qəbul edilmiş qərarın ləğv edilərək, icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən orqana lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasına nümayəndəsini göndərməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, X2 Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EP ******* saylı qərarı ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən qəbul edilmiş 05 iyun 2024-cü il tarixli, EP ******* saylı qərardan görünür ki, X5 34075.00 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2022-ci il tarixində xaricə köçürülmüş və 2 il müddət keçsə də, 34075.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal edilməmiş, valyuta vəsaitini geri qaytarılmamışdır. Xəta xx.xx.2024-cü il tarixində törədilmişdir. X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Nəticədə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 34075.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin 10 (on) faizi miqdarında, yəni 3,407.50 ABŞ dolları məbləğində cərimə növü tətbiq edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının 06 iyun 2024-cü il tarixli, 6-1-16/3- 4946/2024 saylı X3 göndərilmiş məktubuna əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən X5 barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EP ******* saylı qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 140cı maddəsinə əsasən icra edilməsi üçün göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq inzibati tənbeh haqqında qərarda nəzərdə tutulan cəriməni 30 gün ərzində ödəməyi və bu barədə Mərkəzi Banka məlumat verməyi tələb olunmuşdur. Cəriməni könüllü qaydada ödəmədiyi təqdirdə inzibati tənbeh haqqında qərar qanunvericiliyə uyğun olaraq məcburi icraya yönəldiləcəyi qeyd olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən, inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Məhkəmə inzibati xətalar haqqında işlər üzrə icraat zamanı iş üzrə qərardan şikayət vermiş şəxsi dinləyərək hesab edir ki, X2 hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkibi aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Belə ki, X2 barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 05 iyun 2024-cü il tarixdə EP ******* nömrəli inzibati xəta haqqında qərar qəbul edilsə də, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, sonuncu tərəfindən pulun köçürülməsinə əsas olan müqavilə üzrə ümumilikdə 3407.50 ABŞ dolları dəyərində mallar **********5889 saylı gömrük bəyənnaməsi əsasında qanunla nəzərdə tutulmuş müddətdə ölkəyə gətirilmişdir. Məhkəmə bu hallara münasibətdə hesab edir ki, X5 tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmadığından şikayət təmin edilməli, Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən və İXM-in 8, 114, 115, 128- 131- ci və 134-cü maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş 05 iyun 2024-cü il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və barəsində Azərbaycan Respublikası İnzibati Xətalara Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın icrası Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər Hakim Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar