Məhkəmə qərarları › İş №3(012)-1359/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1359/2024

25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1359/2024 25.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, İnzibati protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nın polis sahə rəisi polis leytenantı X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları, xx.xx.1987-ci il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Abşeron RPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Abşeron Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:50 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev parkında ucadan nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq inzibati xətasını törətmişdir. Nəticədə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nın polis sahə rəisi polis leytenantı X4 bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 23:50 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev parkında ucadan nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq etmişdir. Etdiyi əməldə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi olduğundan tərəfindən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq vətəndaş Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməmiş, izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə uşaqlarını Abşeron rayonu, Xırdalan şəhərində yerləşən H.Əliyev parkına gəzməyə aparmışdır. Həmin gün parkdan evə qayıtmaq istəyəndə yolda əsəbi halda söyüş söymüş və bu zaman polis əməkdaşları ona yaxınlaşıb onu Polis Şöbəsinə aparmışlar. O, polis əməkdaşlarını təhqir etməmiş və onlara qarşı heç bir kobudluq etməmişdir. Əməlində heç bir xəta olmadığını bildirmiş, məhkəmədən işi xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərmişdir ki, 24 iyun 2024-cü il tarixdə Xırdalan şəhərində xidmətdə olarkən vətəndaş yolun kənarında nalayiq ifadələr işlətdiyindən avtomobili saxlayaraq onu özünü təqdim etmiş edərək bu hərəkətlərinin həmin yerdə olan vətəndaşlarda narahatlıq yaratdığını, onun ictimai qaydanı pozduğunu izah edərək onu nizam-intizama dəvət etmişlər. Lakin həmin şəxs onların haqlı iradlarından nəticə çıxarmamış, ictimai qaydanı pozan hərəkətlərini davam etdirmiş, bu zaman həmçinin onların ünvanlarına ucadan nalayiq ifadələr işlətmişdir. Həmin şəxs qanunsuz hərəkətlərini davam etdirdiyinə, bunun qarşısını ala bilmədiklərinə görə onu polis şöbəsinə dəvət etmişlər. Lakin həmin şəxs onların qanuni tələblərini heçə sayaraq, tabesizlik göstərmişdir. Tərəflərindən həmin şəxs Abşeron RPİ-nə aparılmış, barəsində qanuni tədbir görülməsi üçün raport yazaraq şöbə rəhbərliyinə müraciət etmişlər. Həmin vaxt müəyyən olunmuşdur ki, qeyd olunan şəxs Şəxsdur. Məhkəmə iclasında müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Beləliklə, məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edildi ki, xx.xx.2024-cü il tarixdə, saat 23:50 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev parkında ucadan nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq etmişdir. Ona görə də, düzgün olaraq onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bu halda məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXMnin 510-cu maddələrinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib mövcud olmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 510-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirliyi protokol tərtib etmiş şəxsin məhkəmədə verdiyi izahat, özünün izahatı ilə və işin digər materialları ilə məhkəmədə sübuta yetirilir. Onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə belə nəticəyə gələrkən aşağıdakı hüquq normalarına istinad edir: Azərbaycan Respublikasının İXM-nin 12.1-ci maddəsinə əsasən, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 (üç) saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 05 (beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 16:25-dən hesablansın. Qərarın icrası Abşeron rayon Polis idarəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 (üç) saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar