Məhkəmə qərarları › İş №3(012)-1360/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1360/2024

25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1360/2024 25.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, İnzibati tənbeh vermə barədə protokol tərtib etmiş Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis mayoru X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1978-ci ildə Sumqayıt şəhəri anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 206 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron Rayon Polis İdarəsi tərəfindən daxil olmuş materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon Polis İdarəsindən daxil olmuş 24 iyun 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs narkotik vasitə qəbul etdiyi aşkar olunmuş və 23 iyun 2024-cü il tarixli MN seriyalı ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs DİN-nin BDYP-nin ENP-nin DYP əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis mayoru Emin Rəhimov izahat verərək bildirdi ki, tərəfindən icraatına daxil olmuş təhqiqat materialı əsasında Şəxs barəsində MN ******* nömrəli və MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Belə ki, Şəxs 23 iyun 2024-cü il tarixdə idarə etdiyi “Man” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı-Quba magistral yolunda hərəkətdə olarkən Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının X4 inspektoru, polis serjantı Faiq Nağıyev tərəfindən saxlanılmış və özünü şübhəli aparması səbəbindən onun narkotik vasitə və ya spirtli içkinin təsiri altında avtomobili idarə etdiyindən şübhələnmişdirlər. Həmin sürücü posta dəvət olunmuş lakin, o polisin qanuni tələbinə tabe olmayaraq tabesizlik göstərmiş və polisin fəaliyətinə mane olmuşdur. Bundan sonra onu Sumqayıt şəhərində yerləşən narkoloji dispanserə apararaq müayinədən keçirmişdirlər. Müayinə zamanı Şəxs sidik nümunəsində narkotik vasitə aşkar edilmiş və Abşeron RPİ-nin PPX-nin əməkdaşları dəvət edilərək onu Abşeron Rayon Polis İdarəsinə gətirmişdirlər. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə MN seriyalı ******* nömrəli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında icraat şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dindirilən zaman özünü inzibati xətanın törədilməsində qismən təqsirli bilərək bildirmişdir ki, Şəxs 23 iyun 2024-cü il tarixdə idarə etdiyi “Man” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı-Quba magistral yolunda hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılmış, özünü şübhəli apardığından onun içkili olub-olmamasını müəyyən etmək üçün onu Narkoloji Dispanserə aparmışlar. Müayinə zamanı onun sidiyində narkotik vasitə aşkar edilmişdir. O, narkotik vasitə gəzdirməsində və daşınmasında şübhəli bilindiyi üçün Abşeron RPİ-nə gətirilmişdir. Ona üzərinə şəxsi axtarış və baxış keçiriləcəyi barədə məlumat verilmişdir. Axtarış və götürmə keçirilməmişdən əvvəl ona hüquq və vəzifələri izah edilmiş, üzərində dövriyyəsi qadağan olan predmet olub-olmaması soruşulmuş, varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. O, narkotik vasitə olan metadon istifadə etdiyini, lakin üzərində dövriyyəsi qadağan olunmuş predmet üzərində olmadığını demiş, bundan sonra üzərinə axtarış keçirilmiş və hər hansı bir dövriyyəsi qadağan olan predmet tapılmamışdır. Bundan başqa o bildirdi ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə özünü təqsirli bilmir. Belə ki, o polisin bütün qanuni tələblərinə tabe olduğunu, onların fəaliyyətinə mane olacaq heç bir hərəkət etmədiyini, özü könüllü heç bir müqavimət göstərmədən müayinə olunmaq üçün onlarla birlikdə getdiyini bildirmişdir. Narkotik vasitə aludəçisi olmadığını və bədənində olan ağrıları kəsmək üçün sonuncu dəfə 10 gün əvvəl tanımadığı şəxsdən metadon həbi alıb istifadə etdiyini bildirmişdir. Əməlindən peşman olduğunu və barəsində daha yüngül inzibati tənbeh tədbiri haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin müdafiəçisi Vəkil müdafiə etdiyi şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində göstərilən inzibati xətanı törətməsi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut daxil edilmədiyini, həmin protokolla bağlı yalnız bir raport olduğunu, eyni zamanda raportu tərtib etmiş X5 inspektoru Faiq Nağıyevin iştirak etmədiyini bildirərək həmin maddə ilə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan başqa Şəxs narkotik vasitəni qəbul etdiyini könüllü şəkildə etiraf etdiyini, əməlindən səmimi peşmançılıq şəkdiyini bildirərək həmin maddə ilə barəsində daha yüngül inzibati tənbeh tədbiri haqqında qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Zaur Məmmədov tərəfindən cinayət işinin başlanmasının rədd olunması barədə qərardan görünür ki, X5 inspektoru polis serjantı Faiq Nağıyevin raportu əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycnan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi üçün qərarın surəti Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir. xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs azadlıq hüququ faktiki olaraq həmin tarixdən, saat 17:00-dan məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 xx.xx.2024-cü il tarixli 4348 saylı Narkoloji-Tibbi Yoxlamanın rəyində qeyd edilmişdir ki, müayinə zamanı Şəxs opioidlərin və psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilməli, İXM-in 206-cı maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla,bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini, əməlindən peşman olmasını və himayəsində azyaşlı uşaqlarının olmasını cəzasının yüngülləşdirən halı kimi nəzərə alır. 33-cü maddəsində göstərilən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edilmədiyindən, bundan başqa şəxsin özünü həmin maddə ilə təqsirli bilmədiyindən, habelə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs tərəfindən həmin maddədə nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı protokolu yalnız Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin qərarı əsasında tərtib etdiyini bildirdiyindən,sübutetmə yükünün inzibati xəta haqqında protokol tərtib edən orqanın üzərində olduğunu nəzərə alaraq, qeyd edilən maddənin, yəni şəxsin əməlində İXM 535.1-ci maddəsinin tərkib əlamətinin olmasını təsdiq edəcək hər hansı bir sübut təqdim edilmədiyindən həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli olduğunu hesab edir. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-in 206-cı əlamətləri vardır. Bunu şəxsin etirafı və təqdim olunmuş narkoloji ekspertizanın rəyi təsbit edir. Məhkəmə İXM-in 206-cı maddəsi üzrə inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin ailədə qazanc gətirən yeganə şəxs olmasını, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını və Şəxs cəmiyyətdən təcrid etmədən islah etməyin mümkün olduğunu nəzərə alaraq, barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən 300 (üç yüz) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə zalından dərhal azad edilsin. Qərarın icrası cərimə hissəsində Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə, icrasına nəzarət isə Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər Sədrlik edən Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar