Məhkəmə qərarları › İş №3(012)-1365/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1365/2025

13.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1365/2025 13.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş şəxs: Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, X2 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx xxxxxx 1984-cü il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin polsi sahə rəisi, polis leytenantı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş 13 iyun 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Abşeron RPİnin İTŞ-nin polis sahə rəisi Tərlan Gülməmmədov izahat verərək bildirdi ki, Şəxs 12 iyun 2025ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhəri. M.Ə.Rəsulzadə küçəsində Abşeron RPİ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılmış, həkim müayinəsindən keçirilərkən sidik nümunəsində AMP (+), MET (+), PEB (+), MTD (+), MOP(+), THC (+) aşkar olunmuş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dindirilən zaman özünü inzibati xətanın törədilməsində təqsirli bilərək bildirmişdir ki, o, 02 il olar ki, narkotik vasitələrdən istifadə edir və sonuncu dəfə 12 iyun 2025-ci il tarixdən lirika həblərindən istifadə etmişdir. Belə ki, istifadə etdikdən bir neçə saat sonra Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Tamstore marketin yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və üzərində qanunsuz hesab edilən narkotik vasitədə şübhələndiklərini bildirdikləri üçün idarəyə dəvət etmişlər. İdarədə ona hüquq və vəzifələri izah edildikdən sonra təqdim olunmuş müdafiəçinin iştirakı ilə özünün razılığı əsasında videoçəkilişdən istifadə edilməklə keçirilən baxış zamanı üzərindən qanunsuz əşya və ya vasitə aşkar olunmasa da könüllü narkotik vasitə istifadəçisi olmasını etiraf etmişdir. O, saxlanılarkən, polis idarəsinə gətirilərkən və orada olduğu müddət ərzində heç bir polis əməkdaşı tərəfində fiziki zorakılığa məruz qalmamışdır. O himayəsində baxıma ehtiyacı olan övladının olmasını bildirərək, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:

1. “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 13 iyun 2025-ci il tarixli, 3536 №-li rəyində qeyd edilmişdir ki, müayinə zamanı opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkamaniya xəstəliyi) aşkar olunur. Narkamaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür;

2. “Cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında 13 iyun 2025-ci il tarixli qərardan görünür ki, vətəndaş oğlunun narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi və gəzdirməsində şübhəli bilinərək, saxlanılması barədə toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir;

3. “İnzibati qaydada tutma haqqında” 13 iyun 2025-ci il tarixli, BB № 2234320/1 saylı protokoldan görünür ki, Şəxs azadlıq hüququ faktiki olaraq 13 iyun 2025-ci il tarixdə, saat 10:02-dan məhdudlaşdırılmışdır;

4. “İnzibati xəta haqqında” 13 iyun 2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokolda göstərilmişdir ki, Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi Tərlan Gülməmmədov izahat verərək bildirdi ki, Şəxs 12 iyun 2025-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhəri. M.Ə.Rəsulzadə küçəsində Abşeron RPİ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılmış, həkim müayinəsindən keçirilərkən sidik nümunəsində AMP (+), MET (+), PEB (+), MTD (+), MOP(+), THC (+) aşkar olunmuşdur;

5. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə barəsində inzibati icraat aparılan şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Şəxs himayəsində 21 iyul 2014-cü il təvəllüdlü X5 adlı uşağı vardır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla,bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 37.2-ci maddəsinə əsasən məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. 37.4-cü maddəsinə əsasən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkün olduğundan onun barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən 300 (üç yüz) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə zalından dərhal azad edilsin. Qərarın icrası “cərimə” hissəsində Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Qərarın icrası “məcburi müalicə” hissəsində Abşeron rayon Mərkəzi Xəstəxanasına, icrasına nəzarət isə Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər

Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar