Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1369/2022 02.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 333.1 və 332.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 08 avqust 2022-ci il tarixli, İXP ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, 07 avqust 2022-ci il tarixdə saat 23:28 radələrində, ** UP *** dövlət qeydiyyat nişanlı, “Opel Astra” minik markalı avtomobil ilə Şəxs manevr etmə qaydalarını pozaraq nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində etibarnamə olmadan idarə etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 333.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs xəta üzrə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o, evin yaxınlığındakı “Araz” marketə, 9 və 11 yaşlı qardaşı uşaqları ilə birgə alış-veriş etməyə getmişlər. “Araz” marketdən çıxıb evə qayıtmaq istəyən zaman Abşeron YPX-nin əməkdaşları tərəfindən saxlanılmış, saxlanılma səbəbi kimi də içkili olduğundan şübhələnmələri olmuşdur. Ondan içkili olub-olmadığını soruşduqda, o, içkili olmadığını bildirmişdir. Dəfələrlə içkili olmadığını bildirsə də, onun yaşının az olmasından, yəni 18 yaşı olmasından istifadə edərək, onu “içkiliyəm” deməyə məcbur etmişlər. Onun həm polis əməkdaşlarından, həm də qardaşından qorxmağımdan və qorxudan ağlamağından istifadə edərək,”Mən içkiliyəm de, səni buraxacağıq” və “Yazacağıq ki, sən az miqdarda içkilisən” deyə söyləmişlər. Bundan sonra onu, iki azyaşlı 9 və 11 yaşda olan qardaşı uşaqlarını bir yerdə tələsik surətdə avtomobilə otuzduraraq qardaşına məxsus avtomobili yüksək surətlə idarə etməklə yolda dəfələrlə qəza vəziyyəti yaradaraq cərimə meydançasına aparmış və onu valideynləri, qardaşı ilə telefon əlaqəsi saxlamağa icazə belə verməmişlər. Cərimə meydançasında heç bir izahat vermədən ona hansısa sənədə imza etdirmişlər. Bundan sonra guya həkim müayinəsindən keçmək istəmədiyi barədə sənəd yazdırmışlar. O, da qorxudan polis əməkdaşlarının dediklərinin hamısını etmişdir. Cərimə meydançasında işləyən mühafizəçiləri, yəni öz işçilərini hal şahidi kimi də qeyd etmişlər. Bundan sonra onu və qardaşının uşaqlarını gecəyarı itlərlə dolu olan cərimə meydançasında qoyub getmişlər. Ancaq polis əməkdaşları gedəndən sonra o, qardaşı ilə telefon əlaqəsi saxlamış, qardaşı xəbər tutduqdan sonra dərhal cərimə meydançasına gəlib, onları videoçəkilişlə oradan götürmüş, dərhal onu tibbi müayinədən keçirmək üçün Respublika Narkoloji Mərkəzinə aparmış və onu sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçirmiş və həkim onun alkoqol sərxoşluğunun olmaması barədə akt tərtib edərək onlara təqdim etmişdir. Həmçinin həkim onu müayinə edərkən qardaşı tərəfindən videoçəkiliş aparılmışdır. Bir sözlə onda alkoqol sərxoşluğu da müəyyən edilməmişdir. Bundan başqa qardaşına məxsus avtomobili polis əməkdaşı yüksək surətlə idarə etdiyi üçün də avtomobilə ciddi ziyan dəymişdir. Polis əməkdaşı Fərid Məmmədov ona şifahi olaraq 400 manat məbləğində cərimə edildiyini bildirmişdir. Polis əməkdaşı tərəfindən həmin gün inzibati xəta haqqında protokolun surəti ona təqdim edilməmiş, yalnız 09 avqust 2022-ci il tarixdə onlar Abşeron Polis İdarəsinə müraciət etdikdən sonra inzibati xəta haqqında protokol verilmişdir. Sonda o, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş üzrə inzibati xəta haqqında protokol tərtib edən şəxs Abşeron DYP-nə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, orqanın nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddələrinə əsasən işə protokol tərtib etmiş qurumun nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: 08 avqust 2022-ci il tarixli, İXP ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, 07 avqust 2022-ci il tarixdə saat 23:28 radələrində, ** UP *** nömrəli Opel Astra markalı avtomobil ilə Şəxs manevr etmə qaydalarını pozaraq nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində etibarnamə olmadan idarə etməklə Azərbaycan Respublikası İXM-nin 327.1, 333.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitə olan 23.19 radələrində olan alkotester müayinəsindən görünür ki, Şəxs qeyd olunan inzibati xətanı törədən zaman (1,140 promil) alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və nəqliyyat vasitəsini idarə etmək hüququ 06 ay müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün material Abşeron rayon Məhkəməsinə, yeni məhkəmə baxışına qaytarılmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olmadığı üçün həmin maddə üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli 209 nömrəli qərarına əsasən, Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi aşağıdakı əlamətlərdən biri müşahidə olunduqda həyata keçirilir: Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə, tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. Narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. Sürücünün hərəkətləri sərxoş olmasına əsas verdikdə saxlanılır. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir və müayinə protokolu tərtib edilir. Müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları xüsusi texniki vasitələr adlanır.(İXM 81-ci maddə) Bu cür cihazlara üfürməkdən imtina inzibati pozuntu hesab edilmir. Çünki sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə cərimə var. Yerində alkotesterdən imtina etmək cərimə halı yaşatmır. Sadəcə sürücü tibbi müayinəyə aparılmalıdır. Tibbi müayinədən imtina edilməsi inzibati pozuntudur. İş materiallarına Şəxs sərxoş olmasının təsdiqi kimi videoçəkilişlər əlavə edilmişdir. Videoçəkilişdə alkotester aparatı ilə yoxlama keçirildikdən sonra aparatın açılması, lentin dəyişdirilməsi, müxtəlif düymələr basılmaqla aparatın işlək hala salınması üçün polis əməkdaşlarının çalışdığı əks olunmuşdur. Həmin yoxlama aparatı ilə Şəxs sərxoşluq dərəcəsinin saat 23:29-da 1,140 promil göstərməsinin doğruluğu şübhə yaradır. Şəxs sərxoşluq halının müəyyən edilməsi məqsədi ilə tibbi müayinədən keçmiş, Respublika Narkoloji Mərkəzin tərtib etdiyi tibbi müayinəsi aktında 01;15-də sərxoşluq dərəcəsi 0,00 % göstərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs sərxoşluq halı olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.2. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. 96.3. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmişdir və həmin inzibati xətalar içərisində İXM-nin 327.1-ci və 332.1-ci maddələri nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarına əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi, İXM-nin 327.1-ci və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon-şəhər məhkəmələrinin səlahiyyətinə aid olmadığı üçün Şəxs barəsində həmin maddələr ilə inzibati tənbeh məhkəmə tərəfindən tətbiq oluna bilməz, bu hal İXM-nin 34.1 və 34.3-cü maddələrinin tələblərinə zidddir. Məhkəmə həmçinin belə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 332.1-ci maddələrində nəzərdə tutulmuş xətaya görə inzibati tənbeh tədbirinin tətbiq olunması üçün Abşeron DYP-yə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında həmin maddə üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 332.1-ci maddələrində nəzərdə tutulmuş xətaya görə inzibati tənbeh tədbirinin tətbiq olunması üçün Abşeron DYP-yə göndərilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1369/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1369/2022
02.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver