Məhkəmə qərarları › İş №3(012)-1375/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1375/2021

13.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1375/2021 13.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Vəlizadə Kamal Təbib oğlunun katibliyi, İnzibati protokol tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsinin Mehdiabad PB-nin sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, 11 avqust 1975-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhərində kirayə yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsinin Mehdiabad PB-dən daxil olmuş inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında 13 sentyabr 2021-ci il tarixində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 11 sentyabr 2021-ci il tarixdə Şəxs orta alkoqol sərxoşluğu vəziyyətində Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin inzibati binasına fərdi qoruyucu vasitədən istifadə etmədən daxil olub ucadan ünvansız nalayiq söyüşlər söyməklə polisin normal iş rejimini pozmuş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 211.2, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron Rayon Polis İdarəsinin Mehdiabad PB-nin sahə rəisi, polis kapitanı X2 tərəfindən tərtib edilmiş MN ******* saylı, 12 sentyabr 2021-ci il tarixli protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsinin Mehdiabad PB-nin sahə rəisi, polis kapitanı X2 bildirdi ki, Qasımov X3 Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin inzibati binasına sərxoş halda fərdi qoruyucu vasitədən istifadə etmədən daxil olub ucadan ünvansız nalayiq söyüşlər söyməklə polisin normal iş rejimini pozmuş, polis əməkdaşları onu nizam-intizama dəvət etsələrdə də, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə riayət etməyərək öz hərəkətlərinə davam etdiyinə görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, Abşeron Rayon Polis İdarəsinin Mehdiabad PB-nin inzibati binasında olduğu zaman spirtli içkinin təsiri altında olduğu üçün hərəkətlərinin mahiyyətini dərk etməmiş, ünvansız nalayiq söyüşlər söymüş, polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də o, polis əməkdaşlarının tələblərinə məhəl qoymamışdır. Sonda o, törətmiş olduğu inzibati xəta üzrə özünü təqsirli bildiyini və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxs barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 12 sentyabr 2021-ci il tarixdə saat 01:20-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 11 sentyabr 2021-ci il tarixli, 2H2577 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs orta alkoqol sərxoşluğu vəziyyəti vardır. Beləliklə məhkəmə zamanı müəyyən edildi ki, Qasımov X3 Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin inzibati binasına sərxoş halda fərdi qoruyucu vasitədən istifadə etmədən daxil olub ucadan ünvansız nalayiq söyüşlər söyməklə polisin normal iş rejimini pozmuş, polis əməkdaşları onu nizam-intizama dəvət etsələrdə də, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə riayət etməyərək öz hərəkətlərinə davam etdirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 211.2, 510 və 535.1-ci maddələrinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib mövcud olmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 211.2, 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirliyi protokol tərtib etmiş şəxsin məhkəmədə verdiyi izahat və işin digər materialları ilə məhkəmədə sübuta yetirilir. Onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2, 510 və 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə belə nəticəyə gələrkən aşağdakı hüquq normalarına istinad edir: Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariyagigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyasında fiziki şəxslərə 200 manat miqdarda cərimə və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Hesab edirəm ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 04 (dörd) saat olmaqla, cəmi 24 (iyirmi dörd) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2, 510 və 535.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 12 sentyabr 2021-ci il, saat 01:20-dən hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 04 (dörd) saat olmaqla, cəmi 24 (iyirmi dörd) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar