Məhkəmə qərarları › İş №3(012)-1378/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1378/2022

13.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1378/2022 13.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası DİN-nin Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: xx.xx.2022-ci il tarixdə Şəxs idarə etdiyi VAZ 2106 markalı **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mehdiabad qəsəbəsi, 28 May küçəsi ilə Binəqədi rayonu, istiqamətində saat 60 km sürətlə hərəkətdə olduğu zaman idarəetməni itirərək əks hərəkət zolağına çıxmış, idarə etdiyi avtomobilin qabaq tərəfi ilə əks tərəfdən gələn X1 idarə etdiyi avtomobillə Hyundai Matrix markalı **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş hadisə nəticəsində vətəndaşlar X5, X7, X8 və X3 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə məhkəməyə verilmişdir. İş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs təyin edilmiş məhkəmə iclasına dəvət edilmişdir. Lakin, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə inzibati xəta törətmiş şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X11 alınmış 343 nömrəli ekspert rəyində göstərilmişdir ki, vətəndaş X2 məhkəmə-tibbi ekspertiza müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər- çanağın sağ yarısının hematoması və qarın boşluğunun küt travması bərk küt əşyanın təsirindən törənmişdir. Törənmə müddəti yol nəqliyyat hadisəsinin baş verdiyi zamana yəni, xx.xx.2022-ci il tarixə uyğun gəlir, yolnəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X11 alınmış 344 nömrəli ekspert rəyində göstərilmişdir ki, vətəndaş X4 məhkəmə-tibbi ekspertiza müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər- sol aşıq-daban oynağı nahiyəsinin yumşaq toxumaların hematoması hesabına daraqarxası-daban oynağı yarıqlarının qeyribərabər genişlənməsi bərk küt əşyanın təsirindən törənmişdir. Törənmə müddəti yol nəqliyyat hadisəsinin baş verdiyi zamana yəni, xx.xx.2022-ci il tarixə uyğun gəlir, yəni yolnəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X11 alınmış 345 nömrəli ekspert rəyində göstərilmişdir ki, vətəndaş X6 məhkəmə-tibbi ekspertiza müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər- gözdə göz almasının kontuziyası, subkonyuktival qansızma, travmatik midriaz küt travma təsirindən törənmişdir. Törənmə müddəti yol nəqliyyat hadisəsinin baş verdiyi zamana yəni, xx.xx.2022-ci il tarixə uyğun gəlir, yəni yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X11 alınmış 1411 nömrəli ekspert rəyində göstərilmişdir ki, vətəndaş X1 məhkəmə-tibbi ekspertiza müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər- sol gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası və sağ diz oynağı nahiyəsinin qançırı bərk küt əşya təsirindən törənmişdir. Törənmə müddəti yol nəqliyyat hadisəsinin baş verdiyi zamana yəni, xx.xx.2022-ci il tarixə uyğun gəlir, yəni yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X13 2423/K №-li ekspert rəyindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar edilməmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması 25 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Abşeron rayon icra və probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar