Məhkəmə qərarları › İş №3(012)-1378/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1378/2025

25.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1378/2025 25.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Nicat Rufulla oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X3 tərəfindən daxil olmuş ərizəyə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X3 ərizə verərək, barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarla bağlı ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron Rayon Polis İdarəsinin yan ara küçəsi ilə hərəkətdə olarkən, yolun sağ və sol tərəfində avtomobillər dayandığına görə o, yolun orta hissəsi ilə hərəkət etməyə məcbur olmuşdur. Həmin yolu 50 metr məsafədə hərəkət etmişdir ki, qarşıdan KİA markalı avtomobilin gəldiyini görüb avtomobilini mümkün qədər sağdakı avtomobilə sıxıb saxlamış, avtomobili idarə edən xanımın keçməsi üçün şərait yaratmışdır. Lakin xanım sürücü onun avtomobilini görməzdən gələrək sürətini azaltmadan onun yanında ötüb keçmək istəyərkən avtoqəza baş vermişdir. O, avtomobildən düşmüş, xanımın yanında olan şəxs avtomobildən düşərək ona yaxınlaşmış və onun avtomobilinə zərər dəyibdəyməməsini soruşmuşdur. Onun avtomobili yük avtomobili olduğu üçün zərər dəymədiyini bildirmişdir. Həmin şəxs hadisə ilə bağlı üzrxahlıq edərək, avtomobilə əyləşib oradan getmişlər. Bununla bağlı o, polisə məlumat verməmişdir. Lakin səhəri gün xanımın atası ona zəng edərək, polis şöbəsinə şikayət etməsə sığorta onun avtomobilini düzəltdirməyəcəyini bildirmişdir. xx.xx.2025-ci il tarixdə ondan edilmiş şikayətlə əlaqər Abşeron Rayon Polis İdarəsinə dəvət edilmiş, o, polis idarəsində hadisənin baş verdiyi küçədə videokamera olduğunu, onun təqsirinin olmamasını, xanım sürücünün günahkar olmasını, hadisə yerini ondan əvvəl tərk etdiyini izahatında bildirmiş olsa da, xx.xx.2025-ci il tarixdə onu hadisə törədib hadisə yerini tərk etmiş şəxs kimi günahladıraraq, barəsində qərar qəbul etməklə 100 manat cərimə etmişlər. O, həmin qərarın ədalətsiz olduğunu, barəsində verilən qərarın videogörüntün nəzərə alınmadan qəbul edildiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X3 ərizənin məzmunan uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Abşeron Rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: Abşeron Rayon Dövlət Yol Polisinin polis mayoru X2 tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X3 xx.xx.2025-ci il tarixdə saat 17:22-də Abşeron rayon Polis İdarəsinin ara küçəsində idarə etdiyi “QAZ 330210” yük markalı, **-CR-*** dövlət qeydiyyat nömrəli avtomobillə hərəkətdə olan zaman yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməklə Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.1-ci maddələri ilə təqsirli bilinib 100 manat miqdarında cərimə edilmişdir. Ərizəni və əlavə edilmiş sənədləri nəzərdən keçirib belə qərara gəlirəm ki, aşağıda göstərilən səbəblərə görə ərizə və sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materialından göründüyü kimi, X3 barəsində qəbul edilmiş qərardan şikayət Azərbaycan Respublikasının İXM-nin müddəalarına uyğun şəkildə tərtib edilməmişdir. Belə ki, barəsində qəbul edilmiş qərardan şikayət verməli olduğu halda ərizə ilə məhkəməyə müraciət etmiş, həmin qərarın hansı orqan tərəfindən qəbul edilməsini şikayətdə qeyd etməmişdir. Azərbaycan Respublikasının 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Həmin Məcəllənin İXM-nin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərardan X3 tərəfindən verilmiş ərizə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 tərəfindən TP ******* saylı, xx.xx.2025-ci il tarixli elektron qərardan verilmiş ərizə geri qaytarılsın. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar