Məhkəmə qərarları › İş №3(012)-139/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-139/2023

27.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-139/2023 27.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, protokol tərtib edən şəxs Abşeron rayon DYP Yol patrul xidməti inspektoru polis serjantı X1, barəsində icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Tovuz rayonu, Qovlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Tovuz rayonu, Qovlar kəndində qeydiyyatda olan və Abşeron rayonu, Qobu qəsəbəsi, nömrəsiz fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 333.3-cü maddələri ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 16 yanvar 2023-cü il tarixli, İXP ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 15 yanvar 2023-cü il tarixdə saat 20:35 radələrində, 25 BJ847 nömrəli Vaz 21061 minik markalı avtomobil ilə manevr etmə qaydalarını pozaraq nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sürücülük vəsiqəsi olmadan idarə etməklə Qobu qəsəbəsindən Lökbatan Qobu yolunu çıxarkən həmin yolla hərəkətdə olan M6 markalı 77 AC518 dövlət qeydiyyat nişanlı avtomobilə toqquşmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə protokol tərtib edən şəxs Abşeron rayon DYP Yol patrul xidməti inspektoru polis serjantı X2 hadisə barəsində məlumat verərək qarşı tərəfin şikayətinin olmadığını bildirdi. Məhkəmədə barəsində icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməməklə qeyd etdi ki, qeyd olunan tarixdə o, arvadına məxsus avtomobillə sərxoş vəziyyətdə hərəkət edərkən manevr etmə qaydasını pozaraq M6 markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomibillə toqquşmuşdur. Sərxoş olduğuna görə peşmandır. Ona görə də xahiş edir ki, iş üzrə icraata xitam verilsin. Məhkəmədə barəsində icraat aparılan şəxs Şəxs vəkili Vəkil yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən, məhkəmə iclasının barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitə olan alkotester müayinəsindən görünür ki, Şəxs qeyd olunan inzibati xətanı törədən zaman (0,602 promil )yüngül alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, xx.xx.2023-cü il tarixdə saat 20:35 radələrində, 25 BJ847 nömrəli Vaz 21061 minik markalı avtomobil ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin dispozisiyasına görə, Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə məsuliyyəti müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- məsuliyyəti nəzərdə tutur Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla belə nəticəyə gəlir ki, Şəxs cərimə növündə tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 700 (yeddi yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinə və Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar