Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1401/2021 30.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi ilə, xx.xx.2000-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs 06.08.2021-ci il tarixdə saat 00:10 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 8-ci kilometrində idarə etdiyi “Renault Loğan” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr qaydasını pozaraq idarəetməni itirib avtomobil yolunun sağ kənarındakı beton bardürə çırpılmış, nəticədə avtomobildə olan sərnişin X1 yüngül zərər vurmaya aid bədən xəsarəti almışdır. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin 07.08.2021-ci il tarixli, 1818 saylı rəyindən görünür ki, 2001-ci il təvəllüdlü Şəxs məhkəmə-tibbi və klinik müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər burun nahiyəsinin və burun kökünün sol üst göz qapağına keçən əzilmiş-cırılmış yaraları, alın nahiyəsinin sol hissəsiin sıyrığı bərk küt əşya təsirindən törəmişdir. Qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 06.08.2021-ci il tarixdə salonunda olduğu avtomaşının maneəyə dəyməsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi özünün etirafedici izahatı, YPX inspektoru polis baş serjantı X2 03.09.2021-ci il tarixli, İXP № ******* saylı protokol və digər iş materialları ilə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə Şəxs məsuliyyəti yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini, həmçinin ailədə yeganə qazanc əldə edən şəxs olmasını, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati qaydada cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.3-cü maddəsinə əsasən vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat miqdarında cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə Abşeron Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1401/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1401/2021
30.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver