Məhkəmə qərarları › İş №3(012)-1404/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1404/2021

07.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1404/2021 07.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, X2nun iştirakı ilə, X8 barəsində tərtib olunmuş TP ******* saylı, 10.07.2021-ci il tarixli qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X8 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində qəbul edilmiş TP ******* saylı, 10.07.2021-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, dı ki, 10.07.2021-ci il tarixində ona DYP inspektoru tərəfindən İXM-nin 342.5-ci maddəsi ilə cərimə tətbiq olunmuşdur. 29.07.2021 ci il tarixinə qədər onun cərimənin yazılması ilə bağlı heç bir məlumatı olmamışdır. Qeyd etdiyi tarixdə Asan ödəniş portalında şəxsi kabinetinə daxil olaraq məlumatları nəzərdən keçirərkən yuxarıda qeyd etdiyi maddə üzrə 50 manat (əlli manat) cərimələndiyini görmüşdür. Həmin günü məsələnin araşdırılması üçün DYP e-müraciət bölməsinə, həmçinin Asan ödəniş portalının şikayətlər bölməsinə öz şikayətini yazaraq göndərmişdir. Şikayətinə tez bir zamanda cavab almaq üçün digər günlərdə də yuxarıda adlarını qeyd etdiyi dövlət qurumlarına yenidən şikayət ünvanlamışdır. Ən sonda isə 01.09.2021 -ci il tarixində Daxili İşlər Nazirliyinin e-müraciət bölməsinə şikayətini göndərmişdir. 14.09.2021ci il tarixə qədər ünvanladığı şikayətlərin araşdırılması ilə bağlı ona heç bir məlumat verilməmişdir. Həmin tarixdə o, Baş Dövlət Yol Polisi İdarəsinə yaxınlaşdıqda mənə şikayəti ilə bağlı araşdırılmanın aparılmasının nəticə olan 88382A-4221 nömrəli cavab məktubunun surətini təqdim etdilər. Verilən cavab məktubunda 10.07.2021-ci il tarixdə idarə etdiyi özünə məxsus “Volksvagen” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı-Quba yolunun 10-cu km-də yerləşən YPX postunda saxlanılaraq qazanalizedici cihaz vasitəsilə nəqliyyat vasitəsinin mühərrikində işlənmiş qazlarda zərərli maddələrin miqdarının müəyyən edilmiş normalara uyğunluğu yoxlanılmış, nəticədə dövlət standartlarında təsdiqlənmiş kəmiyyətdən artıq olduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi göstərilmişdir. Qeyd edilənlərin heç biri həqiqətə uyğun deyil. Belə ki, o, 10.07.2021-ci il tarixdə Bakı-Quba yolunun 10-cu km-də yerləşən YPX postunda saxlanılmamışdır. İdarə etdiyi nəqliyyat vasitəsinin qaz-analizedici cihaz vasitəsilə mühərrikində işlənmiş qazlarda zərərli maddələrin miqdarının müəyyən edilmiş normalara uyğunluğu yoxlanılmamış və buna dair hər hansı protokol belə tərtib olunmamışdır. Əgər bu müayinə keçirilmişdirsə müayinənin nəticələrinə dair müayinə vərəqi də ona təqdim olunmalı idi. Protokolun və inzibati tənbeh etmə haqqında qərarın surətinin ona təqdim edilməsi üçün Bakı-Quba yolunun 10-cu km-də yerləşən YPX postuna yaxınlaşan zaman YPX əməkdaşları ona protokolun surətini təqdim etməkdən imtina etmişdilər. Barəsində protokol tərtib olunmamış və onunla razılaşmadığı halda onun barəsində inzibati tənbeh vermə haqqında qərarın qəbul olunması tamamilə əsassızdır. Yuxarıda göstərilənlərə əsaslanaraq barəsində tərtib edilmiş 10.07.2021-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsini xahiş etdi. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayət ərizəsində olan və məhkəmə iclasında tədqiq edilmiş: Ekologiya YPX inspektoru polis serjantı X7 tərəfindən tərtib edilmiş 10.07.2021-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X8 həmin tarixdə saat 10:13-də Sumqayıt Yolu ərazisində Volkswagen Jetta minik markalı, 90HL161 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 342.5ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ekologiya YPX tərəfindən qəbul edilmiş 10.07.2021-ci il tarixli TP ******* saylı qərarından görünür ki, X1 Jetta minik markalı, 90HL161 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən mühərriki nasaz olan və belə nasazlığın aradan qaldırlması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı tələblərinə riayət etməmiş və nəticədə X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyi üçün onun barəsində 50 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Volkswagen Jetta minik markalı, 90HL161 dövlət qeydiyyat nişanlı avtomobilə dair 11.01.2021-ci il tarixdə verilmiş elektron talonda həmin avtomobilin növbəti texniki baxışa təqdim olunma müddətinin başlanğıcının 11.01.2022-ci il tarixi, son tarixin isə 01.07.2022ci il olduğu qeyd edilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, "Yol hərəkəti haqqında” qanuna 1 saylı Əlavənin 7-ci maddəsinə əsasən Konstruksiyanın digər ünsürləri nasazlıqlarına aşağıdaklar aiddir: Nəqliyyat vasitəsinin konstruksiyasında nəzərdə tutulmuş arxanı göstərən güzgünün olmaması, səs siqnalının işləməməsi, sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək, təhlükəsi yaradan əlavə əşyaların qoyulması və ya şüşələrə hər hansı formada və ölçüdə örtüklər (pərdə və plyonka) çəkilməsi, konstruksiyada nəzərdə tutulmuş arxa mühafizə qurğusu, palçıqdan qoruyan fartuklar və brızqoviklərin olmaması, yedəkçinin və qoşquların ilişmə-dartı və ilişmə-dayaq qurğularının nasaz olması, təhlükəsizlik kəmərləri nəqliyyat vasitələrinin konstruksiyasında nəzərdə tutulduğu halda belə kəmərlərin olmaması və ya onlar kəmərlərinin yararsız olması, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının standartın tələblərinə cavab verməməsi, Tormoz sistemlərinin, sükan idarəsinin, digər qovşaq və aqreqatların müəyyənləşdirilmiş tələblərə uyğun gələn əlavə elementləri konstruksiyada nəzərdə tutulduğu halda, qurulmadıqda nasazlığın aradan qaldırılmamasıdır. "Yol hərəkəti haqqında” Qanunun 83-cü maddəsinin İİİ bəndinə əsasən müəyyən edilmiş hərəkət sürəti həddini aşmaq, texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismarı faktını və nəqliyyat vasitələrinin alkoqol və ya güclü təsir göstərən digər maddələrin istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi halları müəyyənl əşdirmək üzrə nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşları yalnız xüsusi cihazlar vasitəsi ilə həyata keçirirlər. Belə halları müəyyənləşdirmək üçün başqa üsullardan istifadə edilməsi yol verilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə görə əlli manat məbləğində cərimə nəzərdə tutulmuşdur. 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. 100.1 8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda göstərilir. X8 hazırki şikayətində və məhkəmə iclasında verdiyi izahatında 10.07.2021-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında 10.07.2021-ci il tarixli TP ******* saylı qərardan narazı olduğunu qeyd etmiş, öz narazılığının səbəbini həmin maddədə nəzərdə tutulan inzibati xətaya yol vermədiyi ilə əsaslandırmışdır. Məhkəmə iclasında müəyyən edilmiş faktiki hallarından görünür ki, X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərkən onun idarə etdiyi nəqliyyat vasitəsinin yoxlanılması zamanı istifadə olunmuş xüsusi texniki vasitənin, yəni ölçmə cihazının sonuncu dəfə dövlət yoxlamasından nə vaxt keçdiyi, növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda öz əksini tapmamış, bununla bağlı müvafiq sənədlər məhkəmə prosesinin gedişində də məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi X5 idarə etdiyi nəqliyyat vasitəsində aşkar edilmiş nasazlığın hansı standartlarla müəyyən edildiyinə dair heç bir akt tərtib olunmamış, avtomobilə baxış keçirməmiş, xüsusi texniki vasitədən istifadə etməmiş, mütəxəssis və ya ekspert dəvət olunmamış protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə görə bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 48-ci maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. 60.3-cü maddəsinə görə isə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Ekologiya YPX tərəfindən protokol 10.07.2021-ci il tarixdə tərtib etmiş və birbaşa həmin tarixdə X8 inzibati məsuliyyətə cəlb olunaraq, barəsində inzibati tənbeh vermə haqqında TP ******* saylı, 10.07.2021-ci il tarixli qəbul edilmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İXM-in 124.2-cü maddəsində qeyd olunur ki, inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. X8 razılaşmışsa, onda hadisə yerində protokol deyil, müvafiq qərar çıxartmalı idi, Ekologiya YPX tərəfindən 10.07.2021-ci il tarixdə protokol, həmin tarixdə də qərar qəbul edilmişdir. X3 razılaşmamışsa, onda həmin məcəllənin 124.3-cü maddəsinə əsasən, yəni barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib etməli və həmin məcəllənin 124.4-cü maddəsinə əsasən, protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. X5 izahatından görünür ki, ümumiyyətlə qeyd olunan hadisə mövcud olmamış, nə də protokolda qeyd olunanlar ilə razılaşmır. Göründüyü kimi Ekologiya YPX tərəfindən X8 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola baxılmasının vaxtı və yeri barədə sonuncuya vaxtında məlumat verməmiş, onu ayrı-ayrı prosessual hərəkətlər barədə xəbərdar etməmiş, onu işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırmamış, öz müdafiəsini hazırlamağa və vaxtında gəlməsinə imkan yaratmaq üçün bildirişi ona müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verməmiş, sonuncunun iştirakı olmadan inzibati xəta haqqında protokola baxaraq, 10.07.2021-ci il tarixdə 50 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq etmişdir. Yəni səlahiyyətli şəxs tərfindən İXM-nin tələbləri ciddi şəkildə pozulmuşdur. Qeyd olunan hüquq normalarının məzmunundan da görünür ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs qanunvericiliyin tələblərinə əsasən öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Şəxsin yol hərəkəti qaydalarının pozulması ilə bağlı hər hansı inzibati xətanı törətdiyini sübut etmək vəzifəsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin üzərinə düşür. Bundan başqa, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Eyni zamanda, şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan inzibati xətanı törətməsi hər hansı bir formada sübut edilməlidir. Azərbaycan Respublikasının İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə qeyd olunan hüquq normasının tələblərini rəhbər tutaraq və tədqiq olunmuş mümkün və mötəbər sübutlara tam, hərtərəfli və məcmu halında qiymət verərək qərara gəlir ki, Azərbaycan Respublikası İXM-in 342.5-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi sübuta yetirilmədiyindən, hazırki iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığından X5 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ekologiya YPX tərəfindən tərtib edilmiş inzibati inzibati xəta haqqında protokol əsasında 10 iyul 2021-ci il tarixli TP ******* nömrəli qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ekologiya YPX-nın TP ******* saylı 10 iyul 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ekologiya YPX-nın TP ******* saylı 10 iyul 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X5 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar