Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1407/2021 18.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi Vəliyeva Nərmin Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Abşeron RPİ-nin Saray PB-nin polis sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X3 iştirakları ilə, 09.12.1995-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, mühafizəçi vəzifəsində işləyən, Abşeron rayonu, Saray qəsəbəsi, X7 küçəsi, ev 20 ünvanında qeydiyyatda olan və yaşayan X3 Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsindən daxil olmuş materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən X4 barəsində tərtib olunmuş inzibati material baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan MN seriyalı ******* saylı, 18 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X4 18 sentyabr 2021-ci il tarixdə DİN-in BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İş materiallarında olan tutma protokolundan görünür ki, X4 18.09.2021-ci il tarixdə saat 01.25-də inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin Saray PB-nin sahə rəisi, polis mayoru X2 inzibati xəta haqqında protokolda göstərilənləri təsdiqləyərək, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, 18.09.2021-ci il tarixdə gecə saatlarında yatarkən yaşadığı evin həyətinə daxil olmuş bir neçə şəxsin həyətdə gəzişib axtarış apardıqlarını görmüş, onları oğru zənn etmişdir. Atası ilə birlikdə gələn şəxslərin kim olduqlarını aydınlaşdırmaq istəyəndə sonuncular onun qoluna qandal taxmaqla yerə yıxmış və tərpənməməsini tələb etmişdir. Bu zaman anası onu adı ilə çağırıb ağladıqda gələn polis əməkdaşları onu Dəyanət adlı şəxslə səhv saldıqlarını anlamış və kənara çəkilməklə polis əməkdaşlarını olduqlarını, əslində başqa şəxsi axtardıqlarını bildirmiş və yataq paltarında onu Saray PB-nə təhvil vermişlər. O bildirir ki, onun polis əməkdaşlarının əməliyyat axtarış tədbirinə mane olmaq fikri olmamışdır. Ona görə də barəsində ədalətli qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Vəkil bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə yuxarıda qeyd olunan şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, X3 Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.2 və 8.3-cü maddələrinə əsasən İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən görünür ki, şəxsin əməlində inzibati xətanın tərkibinin olması halı səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. Beləliklə, X3 əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibinin olması halının sübuta yetirilməsi vəzifəsi inzibati xəta haqqında protokolu tərtib edilmiş orqanın üzərinə düşür. Qeyd olunur ki, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi obyektiv cəhətdən yalnız o, halda yarana bilər ki, şəxs polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmasın. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə məhz ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət nəzərdə tutur. Yəni hər bir halda təqsirkarın qanunazidd hərəkətləri ictimai qaydanın pozulmasına müvafiq vəzifəli şəxsin hərəkətləri isə bu pozuntunun qarşısının alınmasına yönəlməlidir. Əks təqdirdə İXM-nin 535.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən mövcud ola bilməz. İctimai qayda dedikdə isə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İşin faktik halları ilə müəyyən olunur ki, X4 tərəfindən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması halı öz təsdiqini tapmamışdır. Belə olan halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin obyektiv cəhətdən tərkibinin mövcud olmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, “Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir”. Beləliklə, məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. X4 məhkəmə iclas zalından dərhal azad edilsin. Qərardan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Xırdalan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1407/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1407/2021
18.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver