Məhkəmə qərarları › İş №3(012)-1409/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1409/2020

28.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1409/2020 28.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə X1 iştirakı ilə İİİ X8 Xidmətinin xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarından X1 şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdim : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət etməklə İİİ X8 Xidmətinin xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərara xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə səhər saatlarında yaşadığı Bakı şəhərindən digər yaşayış yeri olan Qəbələ rayonuna şəxsi avtomobili ilə gedərkən Bakı-Şamaxı magistral yolunun 35-ci kilometrində həmin ərazidə xidmət aparan İİİ Tağım YPX inspektoru polis baş serjantı X3 onu saxlayaraq karantin rejiminə əməl etməyini yoxlamış, yoxlama zamanı polis inspektoruna ona aid olan Renault Kangoo minik markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vəsitəsinə aid olan sənədləri, həmçinin digər yaşayış yeri olan Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən fərdi yaşayış evinə aid müvafiq sənədləri təqdim etsə də polis inspektoru Qəbələ rayonundakı yaşayış yerini nəzərə almayaraq barəsində qanunsuz olaraq İnzibati Xətalar Məcəlləsinin 211-1-ci maddəsində nəzərdə tutulmuş karantin rejiminin pozulmasına dair inizbati xətanın törədilməsi haqqında protokol tərtib etmiş və 200 manat inizibati cərimə növündə inzibati tənbeh vermə barədə qərar qəbul etmişdir. Bildirir ki, uzun illərdir ailəsinin maddi ehtiyaclarını ödəmək üçün digər yaşayış yeri olan Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən fərdi yaşayış evinə aid olan həyatyanı torpaq sahəsində əkin-biçin və quşçuluq işləri ilə məşğul olur. Belə ki, karantin rejimi dövründə bir neçə dəfə şəxsi avtomobili ilə Bakı şəhərindən Qəbələ rayonuna gedən zaman Bakı-Şamaxı magistral yolunda karantin rejimi ilə bağlı qurulmuş postda digər yaşayış yeri olan Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən fərdi yaşayış evinə aid sənədləri təqdim edərkən polis əməkdaşları tərəfindən karantin rejiminin pozulması ilə bağlı heç bir protokol tərtib edilməmiş, onu və ailəsini maneəsiz olaraq postdan buraxmışlar. Belə ki, o, İİİ Tağım YPX inspektoru polis baş serjantı X4 tərəfindən tərtib edimiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam veriməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsassız olduğuna görə təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərardan görünür ki, X2 xx.xx.2020-ci il tarixdə saat 11:17 radələrində Qəbələ rayonuna gedən zaman Bakı- Şamaxı magistral yolu istiqamətində “Renault-Kangoo” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə karantin rejimi qaydalarını pozması nəticəsində həmin maddənin tələblərini pozmuş və Azərbaycan Respublikasının İXM-nin 211-1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmiş və 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 115.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Belə ki, “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 208 nömrəli Qərarının 1-ci hissəsinə əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 19 mart saat 00:00-dan bir sıra məhdudiyyətlər, o cümlədən Bakı şəhərini tərk etməkdə məhdudiyyətlər tətbiq edilmişdir. Həmin Qərarın 2-ci hissəsinə əsasən bu Qərarla müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qərarın 3-cü hissəsinə əsasən bu Qərarla müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarına riayət olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir. İşdə olan sənədlərdən görünür ki, X2 Bakı şəhərində qeydiyyatda olduğu halda qeyd edilən Qərarın tələblərinə əməl etməmiş, qeydiyyatda olduğu yaşayış yerini, yəni, Bakı şəhərini tərk etməklə rayona getməyə cəhd göstərmiş, bununla da xüsusi karantin rejimi qaydalarını pozmuşdur. Azərbaycan Respublikası İXM-nin 134-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılma inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X2 Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat inzibati cərimə tətbiq edilməsinə dair İİİ Tağım YPX-nin xx.xx.2020-ci il tarixli, TP ******* saylı nömrəli protokol əsasında qəbul olunmuş qərarın ləğv olunmasına əsas olmadığına görə şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : X2 Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat inzibati cərimə tətbiq edilməsinə dair İİİ Tağım YPX-nin xx.xx.2020-ci il tarixli, TP ******* saylı protokol əsasında qəbul edilmiş qərardan şikayət təmin edilməsin. İİİ Tağım YPX-nin xx.xx.2020-ci il tarixli, TP ******* saylı protokolu əsasında qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar