Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1411/2021 20.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Vəlizadə Kamal Təbib oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsinin Mehdiabad PB-nin sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxx 1978-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Abşeron rayonu, Məmmədli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Polis İdarəsindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokollar və toplanmış materiallar daxil olmuşdur. İnzibati xəta haqqında protokollardan və toplanmış materiallardan görünür ki, 07 may 2021-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs1 idarə etdiyi “Daevoo” markalı avtobusu Mehdiabad qəsəbəsi, 28 may küçəsində yolun kənarında saxlayaraq çörək almaq üçün yolun əks tərəfinə keçmiş, həmin vaxt ərzində Şəxs avtobusun salonunda sükanın yanında yerləşən qoltuq altı saxlanc yerindən 60 manat qəpik pullları oğurlamaqla Zərərçəkmiş şəxs1 maddi ziyan vurmuşdur. Bundan başqa, o, 07 iyun 2021-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən yarım tikili evdən 70 manat dəyərində 01 (bir) ədəd laqondanı oğurlamaqla Zərərçəkmiş şəxs2 maddi ziyan vurmuşdur. Bundan başqa o, 04 mart 2021-ci il tarixdə Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən həyətyanı sahədə quraşdırılmış su sayğacını oğurlamaqla Zərərçəkmiş şəxs3 75 manat miqdarında maddi ziyan vurmuşdur. Bundan başqa o, 01 iyun 2021-ci il tarixdə Zərərçəkmiş şəxs4 məxsus 100 (yüz) manat dəyərində velosipedi saxlanc yeri hesab edilməyən Məmmədli kəndində sonuncunun yaşadığı evin küçəsindən gizlin olaraq talamaqla Zərərçəkmiş şəxs4 maddi ziyan vurmuşdur. Bundan başqa o, 09 may 2021-ci il tarixdən 10 may 2021-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs6 Abşeron rayonu, Məmmədli kəndində yerləşən evinin qarşısında park edilmiş vəziyyətdə olan sonuncuya məxsus “VAZ 2107” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobildən 100 manat məbləğində nəğd pul vəsaitini oğurlamaqla Zərərçəkmiş şəxs6 maddi ziyan vurmuşdur. Bundan başqa o, 01 iyun 2021-ci il tarixdə saat 18:00-dan saat 22:30-dək olan müddət ərzində Abşeron rayonu, Məmmədli qəsəbəsində Zərərçəkmiş şəxs5 məxsus yaşadığı evin hasarının üzərindən 01 ədəd 50 manat dəyərində işıq projektoru və hasarın kənarında saxladığı avtomobilin yük yerindən 01 ədəd 15 manat dəyərində dartqı kəndiri gizli yolla talamaqla sonuncuya maddi ziyan vurmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis kaitanı X2 izahatında göstərdi ki, Şəxs yuxarıda göstərilən oğurluq əməllərini etmişdir. Onun barəsində cinayət işinin başlanılması rədd edildikdən sonra qanuna uyğun şəkildə inzibati qaydada tədbir görülməsi üçün materiallar aidiyyəti üzrə göndərilmişdir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq barəsində icraat aparılan şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək inzibati xəta üzrə özünü təqsirli bilərək işləmədiyini, maddi imkanının zəif olduğunu və narkotik vasitələrə olan tələbatını ödəmək məqsədilə qeyd olunan inzibati xətaları törətdiyini bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxs barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materillarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 20.09.2021-ci il tarixdə saat 12:00-da tutulmuşdur. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə məsuliyyət müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin 3(012)-922/2021 saylı, 10 iyun 2021-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 01 (bir) ay, 15 (on beş) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə zamanı müəyyən edildi ki, Şəxs hazırda törətdiyi inzibati xətalar Abşeron rayon Məhkəməsinin 3(012)-922/2021 saylı, 10 iyun 2021-ci il tarixli qərarında göstərilən inzibati xətalardan əvvəl törədilmişdir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) ay müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 20 sentyabr 2021-ci il tarixdən, saat 12:00-dan hesablansın. Qərarın icrası Abşeron Rayon Polis İdarəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1411/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1411/2021
20.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver