Məhkəmə qərarları › İş №3(012)-1418/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1418/2023

25.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1418/2023 25.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Nuriyeva Nüşabə Ələddin qızının katibliyi, İnzibati protokol tərtib etmiş şəxs Abşeron RPİ İTŞ-nin sahə rəisi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1987-ci il tarixdə İsmayıllı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, İsmayıllı rayonu, İsmayıllı kəndidnə qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev 93 ünvanında yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş İXM-nin 510-cu maddəsi üzrə inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Abşeron Rayon Polis İdarəsindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs haqqında xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Abşeron RPİ İTŞ-nin sahə rəisi X3 bildirdi ki, Şəxs mütəmadi olaraq X2 izləməsi, sonuncunun yaşadığı ünvana gələrək qonşular arasında onu nüfuzdan salmaqla və Rəşidə İsmayılovanın istifadəsində olan mobil telefona mütəmadi olaraq nalayiq ifadələrlə təhqir ismarıcları göndərməklə ümumyaşayış qaydalarına zidd hərəkətlər etmişdir. Buna görə də , Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmərək izahatında göstərdi ki, X2 2006-cı ildən tanıyır. Belə ki, həmin vaxtı onun Laçın ticarət mərkəzində dükanı olmuş, Rəşidə isə onun dükanının yaxınlığındakı dükanda satıcı işləyirmiş. Münasibətləri də həmin vaxtdan başlamışdır. Münasibətlərindən təqribən 5 il sonra onlar nişanlanmış, nişan təqribən 2 ay davam etmiş və nişan pozulmuş, elə həmin vaxtdan münasibətləri demək olar ki, tamailə pozulmuşdur. 2012-ci ildə Şahin ailə həyatı qurmuş və Rəşidə ilə münasibəti tamamilə bitmişdir. 2013-cü ilin aprel ayında Rəşidə Şahinlə əlaqə saxlayaraq darıxdığını və görüşmək istədiyini bildirmiş, Şahin razılaşaraq Rəşidə ilə görüşmüş və həmin vaxtdan onların münasibətləri bərpa olmuşdur. Həmin münasibət 2017-ci ilə kimi davam etmiş, 2017-ci ildə X4 ailə qurmaq məqsədi ilə getdiyindən onlar yenidən ayrılmışlar və 2018-ci ildə yenidən barışmışlar, lakin münasibətləri normal olmamışdır. Belə ki, ara-sıra telefonla danışar və mübahisə etmişlər. Şahin Rəşidə ilə olan münasibətinə son qoymaq istədiyini lakin, Rəşidənin ondan əl çəkmək istəmədiyini və ondan övladının olmasını istədiyini bildirmişdir.Sonda o, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında X5 izahatında bildirdi ki, Şəxs 2011-ci ildən tanıyır. Belə ki, həmin vaxtı Rəşidə Şahinin işlədiyi Laçın ticarət mərkəzindəki dükanının yaxınlığındakı dükanda satıcı işləyirmiş. Münasibətləri də həmin vaxtdan başlamışdır. Tanışlıqlarından təqribən 5 il sonra onlar nişanlanmışlar. Nişanları cəmin 17 gün davam etmiş və münasibətləri pisləşdiyindən Rəşidə nişanını pozmuşdur. Təqribən 1 il keçdikdən sonra Şahin onunla əlaqə saxlayaraq Rəşidəyə hədə gəlməklə pozulmuş münasibətlərini bərpa etmiş, bir müddət sonra yenidən yoxa çıxmış və 2 ildən sonra yenidən münasibət yaratmışdır. Beləliklə 2022-ci ilin sonunda Şahin yenidən Rəşidə ilə əlaqə saxlamış və hazırki vaxta kimi ona hədə qorxu gəlməklə, şantaj etməklə onu əlində saxlamağa çalışmışdır. Konkret olaraq Şahinin ondan əl çəkməməsini bildirmişdir. Hətta Rəşidənin iş yerinə kimi gələrək onu biabır edəcəyini ismarıc vasitəsi ilə ona bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Şahin mütəmadi olaraq onu izləyir, hara gedirsə arxası ilə gəlir və onu rahat yaşamağa imkan vermir. Şahin mütəmadi olaraq Rəşidənin istifadə etdiyi mobil telefona mütəmadi olaraq söyüşlər, təhqirlər yazır ki, bu da onun səhhətində problemlər yaradır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 18 radələrındə Rəşidənin telefonuna söyüş, təhqir ismarıcları göndərmiş və göndərilən ismarıclar ərizəyə əlavə edilmişdir. Bundan başqa Şahin demək olar ki, hər gün Rəşidənin yaşadığı evin qarşısına gəlir və qonşularla görüşərək onu qonşuların yanında alçaldır. Rəşidə qonşuların yanında biabır olduğundan artıq evə getmir və 1 aya yaxındır ki, utandığından evə gəlməyərək Bakı şəhərində rəfiqəsinin evində yaşayır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Abşeron rayon Məhkəməsinin qarşısından keçərkən Şahinin onun arxası ilə gəldiyini görmüş və qaçaraq oradan uzaqlaşdığını bildirmişdir. Ərizəsində Şahin tərəfindən AAAF park ərazisində, cəmiyyət içərisində bıçağı boğazına dirəyərək öldürəcəyi ilə hədələməsi və Xırdalan Mədəniyyət evinin yaxınlığında başını maşına vuraraq xəsarət yetirməsi hadisələri nə vaxt baş verməsi soruşulduqda Rəşidə İsmayılova qeyd etdiyi hadisələrin 2019-cu ildə baş verməsini və həmin vaxtı bu barədə Abşeron RPİ- nə müraciət etməsini bildirmişdir. Sonda o, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində ağır inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş materiallarından görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edildi ki, Şəxs mütəmadi olaraq X2 izləməsi, sonuncunun yaşadığı ünvana gələrək qonşular arasında onu nüfuzdan salmaqla və Rəşidə İsmayılovanın istifadəsində olan mobil telefona mütəmadi olaraq nalayiq ifadələrlə təhqir ismarıcları göndərməklə ümumyaşayış qaydalarına zidd hərəkətlər etmişdir. Ona görə də düzgün olaraq onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bu halda məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXMnin 510-cu maddələrinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib mövcud olmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 510-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirliyi protokol tərtib etmiş şəxsin məhkəmədə verdiyi izahat, zərərçəkənin izahatı, özünün izahatı ilə qismən və işin digər materialları ilə məhkəmədə sübuta yetirilir. Onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə belə nəticəyə gələrkən aşağdakı hüquq normalarına istinad edir: Azərbaycan Respublikasının İXM-nin 12.1-ci maddəsinə əsasən, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4.maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur.Cərimə məbləği müəyyən edilərkən barəsində tutulduğu müddət nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 (üç) saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 75 (yetmiş beş) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs dərhal məhkəmə zalından azad olunsun. Qərarın icrası Abşeron rayon İcra Şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 (üç) saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar