Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1419/2022 17.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunid Şükür oğlunun katibliyi, X1nın, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin etibarnamə üzrə nümayəndəsi, məsləhətçi X3 iştirakları ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 247.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron Ərazi şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi verərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron Ərazi şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron Ərazi Şöbəsi xx.xx.2022-ci il tarixində X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyini əsas göstərərək MN ******* № li inzibati xəta haqqında protokol tərtib etmiş və xx.xx.2022-ci il tarixində həmin protokol əsasında onun 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilməyi haqqında MN ******* № li inzibati tənbeh vermə haqqında qərar çıxarmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. ARİNY ƏMDX-nin Abşeron Ərazi Şöbəsinin məqsədli təyinatına uyğun istifadə edilmədiyinə istinad etdiyi torpaq sahəsi X2 mülkiyyətində olan torpaq sahəsi deyil və hasarlı olan torpaq sahəsindən kənarda yerləşir. Sadəcə ARİNY ƏMDX-nin reyestr məlumatlarında olan koordinatlar və dönmə nöqtələri həmin sahənin X4 aid olmasını göstərdiyi üçün ARİNY ƏMDX-nin Abşeron Ərazi Şöbəsi onun AR İXM-nin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi əsas gətirərək onu inzibati qaydada cərimə etmişdir. Halbuki törətdilməsinə istinad edilən inzibati xətanı törətməmiş və həmin inzibati xəta onun mülkiyyətində olan torpaq sahəsindən kənarda yerləşən torpaq sahəsində törədilmişdir. X2 mülkiyyətində olan torpaq sahəsi tamamilə boş vəziyyətdədir və ümumiyyətlə həmin sahədən heç istifadə də etmir. Bununla bağlı ARİNY ƏMDX-nin Abşeron Ərazi Şöbəsi məlumat vermişdir. Lakin buna baxmayaraq ARİNY ƏMDX-nin Abşeron Ərazi Şöbəsi onun verdiyi məlumatlara və işin faktiki hallarına heç bir əhəmiyyət vermədən qeyri-qanuni və əsassız olaraq onun AR İXM-nin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə istinad edərək onu inzibati qaydada cərimə etmişdir. Hesab edir ki, ARİNY ƏMDX-nin Abşeron Ərazi Şöbəsinin xx.xx.2022-ci il tarixli MN ******* № li inzibati tənbeh vermə haqqında qərarı qeyri-qanuni və əsassız olmaqla onun hüquqlarını kobud şəkildə pozur. Ona görə də Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron ərazi Şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* №-li qərarı ilə razı deyil, qəbul edilmiş qərarın özü İXM-in tələblərinə cavab vermir. Ona görə də şikayətin təmin olunmasını xahiş edir. Məhkəmə prosesində X5 şikayətlə eyni məzmunlu izahat verməklə şikayətin təmin edilməsini, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron Ərazi şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron Ərazi şöbəsinin nümayəndəsi X6 şikayətin dəlillərini qəbul etməyərək şikayətinin təmin edilməməsini və xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş edərək əlavə olaraq onu da vurğuladı ki, xx.xx.2022-ci il tarixdə ƏMDX Abşeron Ərazi Şöbəsi tərəfindən X5 barəsində İXM-nin 247.2-ci maddəsi ilə MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar verilmiş, protokolda X2 mülkiyyətində olan və Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqda təyinatından kənar olaraq əsaslı tikinti işləri aparılmışdır. Bununla da Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsinin tələbləri pozulmuş və bu barədə akt tərtib edilmişdir. Məhkəməyə təqdim etdiyi fotoşəkillərdən də görünür ki, X5 mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi təyinatı üzrə istifadə edilmir, halbuki, Torpaq Məcəlləsinin 13-cü maddəsində nəzərdə tutulduğu kimi kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsinə dair məqsədlər üçün istifadə edilə bilər. Foto şəkillərdən də göründüyü kimi əsaslı tikinti işləri aparmaqla torpaqdan təyinatı üzrə istifadəsi həyata keçirilməmişdir. Şikayətə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X2 mülkiyyətinə verilmiş və Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,487414 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsində təyinatından kənar olaraq əsaslı tikinti işləri aparılması aşkar edildiyindən, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,487414 ha torpaq sahəsinin X2 mülkiyyətinə verilməsinə dair Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestrindən MN seriyalı, ******* nömrəli çıxarışının surətindən görünür ki, həmin torpaq sahəsinin təyinatı (kateqoriyası) kənd təsərrüfatı təyinatlı torpaqlara aid edilmiş və əkin məqsədli istifadə növü müəyyən edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron Ərazi Şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, başlanmış inzibati xəta haqqında iş üzrə icraat xitam edilməli və inzibati xəta haqqında işin yenidən baxılması üçün aidiyyəti üzrə səlahiyyətli orqana göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12-ci maddəsinin 1-ci bəndinə əsasən torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13-cü maddəsinin 1 və 3-cü bəndlərinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmitədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Yuxarıda qeyd edilənlərlə yanaşı məhkəmə iclasında müəyyən edilmişdir ki, hazırkı inzibati xəta haqqında protokolun X5 barəsində başlanılmasının səbəbi kənd təsərrüfatı təyinatlı torpaqda təyinatından kənar olaraq əsaslı tikinti işləri aparılması və yerin X2 mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində yerləşən torpaq sahəsində olması ilə bağlı olmuşdur. Halbu ki, şikayətçi qeyd edilən inzibati xətanın onun mülkiyyətində olan torpaq sahəsindən kənarda yerləşən torpaq sahəsində törədilməsini bildirmiş, eyni zamanda araşdırma aparan orqana bu barədə məlumat vermişdir. Lakin araşdırma aparan orqan tərəfindən qeyd edilən hallar araşdırılmamış, görülmüş işlərin məhz həqiqətən də X2 mülkiyyətində olan torpaq sahəsində aparılıb aparılmaması və ümumiyyətlə ərazidə aparılmış bu tip işlərin X5 tərəfindən aparılmasının mümkünlüyü müəyyən edilməmişdir. Bundan başqa verilmiş şikayətdə qeyd olunduğu kimi həqiqətən də aparılmış tikinti işlərinin şikayətçi tərəfindən həyata keçirilməsinin müəyyən edilməsi məqsədi ilə şikayətçinin və ya onun nümayəndəsinin işə cəlb olunaraq iştirakı təmin edilməmişdir. Halbuki, AR İXM-nin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsi yalnız öz subyektiv mülahizələrinə əsasən X2 barəsində inzibati xəta haqqında protokol tərtib etmiş və həmin protokol əsasında inzibati tənbeh etmə qərarı qəbul etmişdir. Mülahizələr isə inzibati xətalara baxılarkən sübut kimi qəbul oluna bilmir. Nəzərə alınsa ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilən mövqeyə əsasən inzibati tənbeh vermə haqqında qərar sübut qismində deyil, ittiham yönümlü prosessual sənəd kimi qəbul edilir, belə olan halda iş materiallarında olan yeganə sübut inzibati xəta haqqında protokoldur ki, hansı ki, həmin protokol da qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarına əsasən vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Lakin inzibati xətaya dair qərarın qəbul edilməsi səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olduğu hallarda, belə qərardan verilmiş şikayət üzrə həyata keçirilən məhkəmə araşdırmasının predmetini məhz həmin qərar təşkil edir. Belə olan təqdirdə işə baxan məhkəmə üçün səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Həmin qərarın qəbul edilməsinə əsas olmuş protokol isə artıq sübutedici əhəmiyyət daşıyır. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aparılan inzibati araşdırma zamanı protokolda qeyd edilən inzibati xəta araşdırılmamış, məhkəmə baxışında ziddiyyətli vəziyyət yaranmışdır. Belə olan halda əməldə inzibati xəta tərkibinin olması ziddiyyətli vəziyyət yaranması səbəbindən başlanmış inzibati xəta haqqında iş üzrə icraat xitam edilməli və inzibati xəta haqqında işin yenidən baxılması üçün aidiyyəti üzrə səlahiyyətli orqana göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Belə olan halda məhkəmə hesab edir ki, şikayət qismən təmin olunmalı, X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron Ərazi şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilməli, başlanmış iş üzrə icraata xitam edilməli və inzibati xəta haqqında işin yenidən baxılması üçün aidiyyəti üzrə səlahiyyətli orqana göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin olunsun. X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron Ərazi şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında işin yenidən baxılması üçün aidiyyəti üzrə səlahiyyətli orqana göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1419/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1419/2022
17.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver