Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1420/2022 27.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, şikayətçi - «Elmanado” MMC-nin nümayəndəsi X4, qərarından şikayət verilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Abşeron-Xızı regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi X8 iştirakları ilə, Şikayətçi «Elmanado” MMC-nin drektoru X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Abşeron-Xızı regional şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 192.6-cı maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «Elmanado” MMC-nin drektoru X1 Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Abşeron-Xızı regional şöbəsi tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə barədə qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında «Elmanado” MMC-nin nümayəndəsi X6 şikayəti onunla əsaslandırılmışdır ki, X9 Sumqayıt regional ərazi şöbəsi tərəfindən xəbərləri olmadan MMC-in drektoru inzibati qaydada cərimələnmişdir. X9 Sumqayıt regional ərazi şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən MMC-in drektorunin cərimələnməyi haqqında məlumatı onun tərəfindən xx.xx.2022-ci il tarixdə Sumqayıt regional ərazi şöbəsində olarkən müəyyənləşdirilmişdir X9 Sumqayıt regional ərazi şöbəsinə rəsmi müraciət edərək zəruri sənədlərin təqdim edilməsini xahiş etmiş, həmin vaxt məlum olmuşdur ki, "xxxx" MMC-nin direktoru kimi, X5 inzibati qaydada 1800 azn cərimələnmişdir. Qərarın müəssisəyə çatdırılması haqda müvafiq poçt qəbzinin təqdim olunmasını xahiş etmiş lakin, X9 Sumqayıt regional ərazi şöbəsinin əməkdaş, inzibati xəta haqqında protokolu tərtib edən X13 bununla bağlı qəbzin olduğunu əsas gətirmişdir. Təsdiq olunmayan müvafiq poçt qəbzi üzrə SS nömrəsi ilə poçt izlənilmiş lakin sistemdə hansısa qeydlərin olmadığı görülmüşdür. Hətta X9 Sumqayıt regional ərazi şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən cərimə “ASAN PAY” hökümət portalına elektron kabinetə yerləşdirilməmişdir ki, cərimə ilə anında məlumatlı olsunlar. Qeyd edilən səbəblərə və prosesual qaydalara görə Qərardan şikayət vermə ilə bağlı müddət onlar tərəfindən buraxılmamışdır. Qərarda müəyyən edilmişdir ki, MMC-in drektoru Türkiyə Cümhuriyyəti vətəndaşı Polat Bayramı əmək məcəlləsinin tələblərini pozaraq onun əmək müqaviləsinə xitam vermişdir. Ancaq bu hal protokolu tərtib edən şəxs tərəfindən sübut edilməmiş və yalnız fərziyyədən irəli gələn əsas olmuşdur. Türkiyə Cümhuriyyəti vətəndaşı Polat Bayram ilə aralarında bağlanmış əmək müqaviləsinə qanun tələbləri nəzərə alınaraq xitam verilmişdir. Müfəttişlik tərəfindən tələb olunan bütün sənədlər və işçinin şəxsi işi tam şəkildə tərəflərindən təqdim olunmuşdur. Türkiyə Cümhuriyyəti vətəndaşı Polat Bayram ilə aralarında bağlanmış əmək müqaviləsinə Ə.M. 68.2.a bəndi ilə işçinin öz təşəbbüsü ilə xitam verilmişdir. Belə olan halda hansı inzibati xətadan söhbət gedə bilər. Türkiyə Cümhuriyyəti vətəndaşı X16 Müfəttişliyinə ünvanladığı müraciətin əsası və predmeti yalnız əmək haqqıdan və son haqq hesabdan ibarət olmuşdur. Xitamla bağlı hansısa məsələ mübahisələndirilməmişdir. İXM-in 102.4 və 102.5-ci maddələrinin tələbləri DƏMX Sumqayıt regional ərazi şöbəsi tərəfindən pozulmuşdur. Belə ki, inzibati Xətalar məcəlləsinin 38.1-ci maddəsində müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə qeyd olunmuş lakin, Sumqayıt regional ərazi şöbəsi tərəfindən həmin maddənin müddəları nəzərə alınmamışdır. Belə ki, Türkiyə Cümhuriyyəti vətəndaşı X16 Müfəttişliyinə ünvanladığı müraciətində xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixləri arasında "xxxx" MMC-də işlədiyini göstərmişdir. Bu hal uzanan inzibati xətalara şamil edilmədiyindən iddia müddətinin 3 ay olduğu İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində açıq təsbit olunmuşdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Abşeron-Xızı regional şöbəsinin qəbul etdiyi xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Abşeron- Xızı regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi X12 şikayət ərizəsində qeyd olunanlarla razılaşmayaraq izahatında göstərmişdir ki, hüquqlarını təmsil etdiyi idarə tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən işdən azad olunan Türkiyə Cümhuriyyəti vətəndaşı Polat Bayramlının şikayət ərizəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə daxil olmuşdur. Həmin ərizənin araşdırılması zamanı müəyyən edilmişdir ki, «Elmanado” MMC-nin müdiri tərəfindən Əmək Məcəlləsinin tələbləri pozulmuş, eyni zamanda İXMnin 192.6-cı maddəsilə nəzərdə tutulmuş xəta törədilmişdir. Göstərilənlərə əsasən şikayətin təmin olunmamasını və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Abşeron-Xızı regional şöbəsinin qəbul etdiyi xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsində olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli Əmək müqaviləsindən görünür ki, Türkiyə Cümhuriyyəti vətəndaşı Polat Bayram xx.xx.2021-ci il tarixədən «Elmanado” MMC-də usta vəzifəsinə işə qəbul edilmişdir. Türkiyə Cümhuriyyəti vətəndaşı Polat Bayram təfindən «Elmanado” MMC-yə təqdim edilmiş xx.xx.2021-ci il tarixli ərizədən müəyyən edilir ki, Türkiyə Cümhuriyyəti vətəndaşı Polat Bayramlı xx.xx.2021-ci il tarixdən tutduğu vəzifədən azad olunmasını xahiş etmişdir. «Elmanado” MMC-in xx.xx.2021-ci il tarixli X16Ş/E saylı əmrin sürətindən görünür ki, xx.xx.2021-ci il tarixdən cəmiyyətin ustası Türkiyə Cümhuriyyəti vətəndaşı Polat Bayram Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, Türkiyə Cümhuriyyəti vətəndaşı Polat Bayram «Elmanado” MMC-də usta vəzifəsindən xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Türkiyə Cümhuriyyəti vətəndaşı Polat Bayram ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən ƏM-nin 76-cı maddəsinin tələblərinin pozulması əsası ilə «Elmanado” MMC-nin drektoru X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati icraat başlanılmış və həmin maddə ilə əməlində inzibati xəta tərkibinin olmasına görə 18.000 manat məbləğində inzibati cərimə tətbiq edilməsi qərara alınmışdır. İnzibati tənbeh tədbiri görülməsi qənaətinə gəlinərkən əmək müqaviləsinə xitam verilərkən ƏM-nin 76-cı maddəsinin tələblərinin pozulduğu göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə görə işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi şəxsin inzibati məsuliyyətə cəlb edilməsindən ötrü işçi ilə əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinin pozularaq xitam verilməlidir. Hazırkı inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas kimi əmək müqaviləsinə xitam verilərkən isə ƏM-nin 76-cı maddəsinin tələblərinin yerinə yetirilməməsi göstərilmişdir. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə görə tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Əmək Məcəlləsinin 76-cı maddəsinin 1-ci bəndinə görə işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin maddənin 2-ci bəndinə görə əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Bununla əlaqədar qeyd edilməlidir ki, Türkiyə Cümhuriyyəti vətəndaşı Polat Bayram ilə «Elmanado” MMC arasında əmək münasibətlərinə Polat Bayram tərəfindən verilmiş ərizə əsasında xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. «Elmanado” MMC-nin vəzifəli şəxsi olan drektoru Toğrul Abdullayev tərəfindən əmək münasibətlərinə xitam verilməsi zamanı Əmək Məcəlləsinin 76-ci maddəsinin tələblərinin pozulduğu qeyd edilsə də, əmək müqaviləsinə bir əsas ilə xitam verildiyindən inzibati xəta haqqında protokolda göstərilən xüsusat əsaslı hesab edilə bilinməz. İstər qərarda, istərsə də inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən hansı pozuntu törədilməsi dəqiq göstərilməmişdir. Bundan başqa İXM-nin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə qeyd edir ki, bu qəbildən olan işlərə baxılarkən cəlb etmə müddətinin keçib-keçməməsi ilə bağlı məsələlərə hüquqi qiymət verilməklə əsaslandırılmalı, baş vermiş inzibati xətanın hansı tarixlərdə baş verməsi göstərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, hüquq nəzəriyyəsində "davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. "Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. "Uzanan hüquqpozuntuları” isə (cinayət, inzibati xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. "Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. "Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda - qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında - subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Beləliklə, hazırki iş üzrə inzibati xəta tərkibi yaradan əməl nə uzanan nə də davam edən əməl deyildir. Burada yalnız bir dəfə inzibati xəta baş verir və bu xəta vahid niyyətlə əhatə olunur, heç bir halda inzibati xəta uzanan formada davam etmir. İXM-in 192.6-cı maddəsinin dispozisiyasından da göründüyü kimi xəta işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi anında törədilmiş olur. İşçilərin əmək müqaviləsinə bir dəfə xitam verilir. Bu halda isə xətanın müəyyən müddət ərzində fasiləsiz davam etməsi mümkün deyildir, yəni inzibati xəta işçinin əmək müqaviləsinə xitam verildiyi anda törədilir və həmin anda da başa çatır. Azərbaycan Respublikası İXM-nin 38.2-ci maddəsinə görə həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Hazırkı mübahisə edilən inzibati xəta hər bir halda davam edən inzibati xəta deyildir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarından da görünür ki, "Davam edən hüquqpozuntular” və "Uzanan hüquqpozuntular” eyni növ inzibati xətalar deyildir, biribirindən fərqləndirilmişdir, müxtəlif cür inzibati xətalardır. Göründüyü kimi, yuxarıda qeyd olunan normaların tələbinə görə uzanan inzibati xətalara münasibətdə 3 aylıq müddət xətanın aşkar edildiyi vaxtdan hesablanır. Hazırki inzibati xəta əməli isə uzanan xəta kateqoriyasına daxil deyildir. Ona görə də hazırki xəta işçi xx.xx.2021-ci il tarixli əmrlə işdən azad olunduğu vaxtdan başa çatmış hesab edilir və həmin əmələ görə inzibati məsuliyyətə cəlb etmə müddəti xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Belə olduğu təqdirdə DƏMX-də işə baxılıb inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyi vaxtda, artıq 03 aydan çox müddət keçmişdir. Beləliklə məhkəmə qeyd edir ki, qərarından şikayət verilən orqanın nümayəndəsi tərəfindən məhkəmədə irəli sürülmüş yuxarıda qeyd edilən dəlili tamamilə əsassız olmaqla hazırda qüvvədə olan qanunvericiliyə ziddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 03 ay keçənədək verilə bilər. Həmçinin həmin maddəyə əsasən maddədə göstərilən bir neçə inzibati xətalar üzrə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilər. Lakin hazırkı inzibati xəta haqqında protokolda şəxsin təqsirli bilindiyi inzibati xəta İXM-nin 38.1-ci maddəsindəki xüsusi qeyd edilmiş - inzibati tənbehin törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilən inzibati xətalardan deyildir. Hazırkı iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti 03 ay müəyyən edilmişdir. Ona görə də hazırkı iş üzrə müvafiq qərar qəbul edilərkən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, şəxsə inzibati tənbeh tədbiri tətbiq edilə bilməzdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, şikayətçi «Elmanado” MMC-nin drektoru X3 şikayəti təmin olunmalı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Abşeron-Xızı regional şöbəsinin qəbul etdiyi xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 38, 53 və 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «Elmanado” MMC-nin drektoru X3 şikayəti təmin olunsun. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Abşeron-Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1420/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1420/2022
27.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver